27 fevral 2024, 15:13

Akif Əlizadədən, Bakı, Azərbaycan

Cənab Prezident!

Məni “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

90 illik yubileyim ərəfəsində Sizin diqqətiniz məni riqqətə gətirdi. Fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin ölkənin elm, incəsənət, intellektual peşə sahiblərinə qayğı və diqqətini hazırda onun layiqli davamçısı nizamla reallaşdırır. Həm də bildirmək istəyirəm ki, elmə və elm adamlarına diqqət və qayğınızı ölkə vətəndaşları kimi rəhbəri olduğum Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun kollektivi də layiqincə dəyərləndirir. Çünki Prezidentin fəxri diplomu mükafatında uzun müddət səmərəli elmi fəaliyyət göstərmiş hər bir kollektiv üzvünün də payı var. Hesab edirəm bu qarşılıqlı xoş münasibət, ehtiram və diqqət atmosferi ölkə gəncliyini daha səmərəli və fəal işləməyə, elmin asan olmayan inkişaf yollarında qətiyyətlə addımlamağa sövq edəcək.

Hörmətli Prezident!

Sizə bir daha təşəkkür edir, ölkəmizin rifahı naminə işlərinizdə böyük uğurlar arzulayıram.

Dərin hörmətlə,

akademik Akif Əlizadə

Azərbaycan Respublikası, Bakı şəhəri.