29 fevral 2024, 10:29

Zeynəb Cəfərovadan, Şəki, Azərbaycan

Əziz və hörmətli Prezident,

Müstəqillik tariximizdə ilk dəfə Azərbaycanın bütün ərazisində keçirilən seçkilərdə parlaq qələbəniz münasibətilə Sizi təbrik edirəm. Xalq Sizə səs verməklə Heydər Əliyev ideyalarına sədaqətini, Sizin gələcəyə hesablanmış, Azərbaycanı zəfərdən-zəfərə aparan siyasətinizə dəstəyini ifadə etdi.

Sizin rəhbərliyinizlə Azərbaycan ötən illər ərzində bütün sahələrdə sürətli inkişafa nail olub, insanların rifah halı daha da yaxşılaşıb. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması ilə Siz milli qürurumuzu, ləyaqətimizi özümüzə qaytardınız, üçrəngli Bayrağımız bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda əzəmətlə dalğalanır.

Sizin yürütdüyünüz siyasət müasir müstəqil Azərbaycanın güclənməsinə, qüdrətlənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Seçkilərdə inamlı qələbəniz bu reallığı təsdiqlədi ki, xalqımız yeni dövrün yeni hədəflərini qalib Lideri ilə birlikdə həyata keçirmək istəyir.

Qarşıda qalib Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Sizə bu uğurlara nail olunması istiqamətində görəcəyiniz işlərdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Zeynəb Vidadi qızı Cəfərova

Azərbaycan Respublikası, Şəki şəhəri