Namik Şahmalıyevdən, Goranboy, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Mən, Sizə bu məktubu yazmağa başlayanda Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqımıza tarixi bir müraciəti gözümün önündə canlandı.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək bildirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən, ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bir şəhid atası kimi bu sözləri oxuduqca ürəyim fərəhlənir və qürur hissləri keçirirəm. Heç də hər bir xalqa Heydər Əliyev kimi dahi və onun yolunu, irsini uğurla davam etdirən Sizin kimi bir sərkərdə nəsib olmur. Bu xalqın taleyüklü məsələlərini öz çiyinlərinizə götürüb çox uğurla başa çatdıran Siz oldunuz. Ata vəsiyyətini yerinə yetirdiniz. Ulu Öndər Heydər Əliyevin başa çatdıra bilmədiyi məsələləri Sizin kimi bir sərkərdə başa çatdırdı. Bu gün Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xocalıda, Xankəndidə və bütövlükdə Qarabağımızda dalğalandıqca sevincdən gözlərimiz yaşarır. Azərbaycanın bütövlüyünü bərpa edən və bayrağımızı Qarabağımızda dalğalandıran Sizin kimi bir sərkərdəyə eşq olsun!
Biz, Sizinlə fəxr edir, qürur duyuruq. Bütün bu görülən işlərin müqabilində Sizi bir daha Azərbaycanın Prezidenti görmək istədik. Seçkilər günü Sizə səs verdik. Sizin kimi bir Liderə səs vermək, hər bir vətənpərvər Azərbaycan vətəndaşının arzusu idi. Biz inanırdıq ki, Siz yenidən Azərbaycanın Respublikasının Prezidenti olacaqsınız. Bütün goranboylular Sizi dəstəkləyir və ətrafınızda sıx birləşmişik. Hazırda bütün bölgələrdə olduğu kimi Goranboy rayonunda da vətəndaşların problemləri diqqət mərkəzində saxlanılır və operativ şəkildə həll edilir, şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına diqqət və qayğı göstərilir.
Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavan həyat yaşaması yalnız Sizin adınızla bağlıdır.
Sizi bir daha seçkilərdə qələbə qazanaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə şəhid ailələri və bütün goranboylular adından səmimi-qəlbdən təbrik edirəm. Sizə və ailənizə cansağlığı və işlərinizdə bol-bol uğurlar arzulayıram. Xalqımız və eləcə də bütün goranboylular inanır ki, Siz Azərbaycanı daha da gücləndirəcək və xalqın dəstəyi ilə yeni-yeni uğurlara imza atacaqsınız. Allah bu işlərdə Sizlərə kömək olsun!
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycanın Müzəffər Ali Baş Komandanı!
Hörmətlə,
Şahmalıyev Namik Göygöz oğlu.
Azərbaycan Respublikası, Goranboy rayonu, Əlirzalı kəndi.