Mədət Abdullayevdən, Lerik, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Sizi özümün, ailəmin, rəhbəri olduğum dini icmanın və kəndimizin dindarları adından böyük hörmət və ehtiramla salamlayır, Sizə və ailənizə möhkəm cansağlığı, xoş və firavan günlər arzulayıram.
Qalib xalqin qalib Lideri, Sizi növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə fəaliyyətinizdə, həmçinin dünya miqyasında dəyər kəsb edən səy və əməllərinizdə Uca Allahdan uğurlar diləyirəm.
Ölkəmizdəki din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım, dini abidələrə, məscidlərə və dini məbədlərə dövlət səviyyəsində qayğı və himayəniz müdrik siyasətinizin nümunəsi kimi Azərbaycanımızı daha da yüksəklərə qaldırır. Danılmaz həqiqətdir ki, ölkəmizdə hər kəsin şahidi olduğu tərəqqinin, həyatın bütün sahələrində müşahidə edilən uğurların təməlində milliyyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bəyan etmiş, ölkəmizin etnik və dini tolerantlıq nümunəsini Azərbaycanın sərvəti kimi qiymətləndirən dövlət rəhbərimizin fəaliyyəti durur . Sizin güclü iradəniz sayəsində ölkəmizin ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olunması, sözün əsl mənasında reallığa çevrildi.
Zati-aliləri,
Mən ucqar bir dağ kəndinin sakini, incə, zərif və əxlaq etalonu olan milli-mənəvi və dini dəyərlərimizin təbliğatçısı kimi inanıram ki, Sizin siyasi kursunuzla irəliləyən Azərbaycanımız daha qüdrətli və inkişaf edən dövlət quruculuğunda yeni zirvələr fəth edəcək. Zati-alinizə prezident seçkilərində möhtəşəm zəfəriniz münasibətilə bir daha səmimi-qəlbdən təbriklərimi bildir, xalqımızın və dövlətçiliyimizin tərəqqisi naminə gördüyünüz dəyərli işlərə Uca Yaradanımızdan kömək diləyir və ən gözəl arzularımı bildirirəm.
Uca Yaradan hər zaman yardımçınız olsun.
Dərin hörmətlə,
Abdullayev Mədət Atakişi oğlu,
Monidigah kənd məscidi dini icmasının sədri və imamı
Azərbaycan Respublikası, Lerik rayonu, Monidigah kəndi.