29 fevral 2024, 14:40

Hicran Hüseynovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizi 7 fevral tarixində ölkəmizdə keçirilən prezident seçkiləri nəticəsində Müzəffər Lider kimi xalqımızın böyük etimadını qazanmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Növbədənkənar prezident seçkilərində parlaq qələbəniz xalqımızın Sizə olan sonsuz inamının ən bariz nümunəsidir. Ötən 20 il ərzində tək xalqımız deyil, bütün dünya Sizin simanızda həyata keçirdiyiniz siyasətinizdə getdikcə güclənən Azərbaycanı gördü. Dövlətimiz siyasi, iqtisadi, hərbi, sosial cəhətdən bir çox yeniliklərə imza atdı, dünya iqtisadi böhran içində qalanda belə Siz “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur” deyərək xalqı bu çətin vəziyyətdən xilas etdiniz. Ötən 20 ilin hər günü torpaqlarımızın erməni işğalından azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi məqsədinə, amalına xidmət edirdi. Nəhayət, bu tarixi missiya yerinə yetirildi.

Fevralın 7-də keçirilən nəvbədənkənar prezident seçkiləri isə bu tarixi hadisəyə yekun vuraraq, eyni zamanda, Azərbaycan dövlətinin həyatında yeni dövrün başlanğıcı oldu. Prezident seçkilərində Qalib Liderə səs verən xalqımız əmindir ki, bu nailiyyətlərin davamı gələcək, yeni dövrdə qarşıda duran yeni vəzifələr də uğurla yerinə yetiriləcək.

Sizin uzaqgörən siyasətiniz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf konsepsiyasını böyük müvəfəqiyyətlə davam etdirərək onu yeni layihələrin tətbiqi və dərin islahatlar strategiyası ilə daim irəliyə aparacaq. Bununla da ölkəmiz daha böyük uğurlar qazanacaq, yeni zirvələr fəth edəcəkdir. Bu yeni tarixi dövrdə Sizin kimi yüksək idarəçiliyi, qətiyyət və geniş elmi dünyagörüşü özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin Azərbaycana rəhbərlik etməsi ölkəmizin və xalqımızın tarixi şansıdır.

Zati aliləri,

Azərbaycan sülh, sabitlik, firavanlıq, tərəqqi lehinə seçim edərək yeni tarixi dövrə qədəm qoyur. İcazə verin, Sizi bu möhtəşəm qələbə münasibətilə bir daha ürəkdən təbrik edim, uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın tərəqqisi naminə yorulmaz və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayım.

Dərin hörmət və ehtiramla,

Hüseynova Hicran, Milli Məclisin deputatı

Azərbaycan Respublikası, Bakı şəhəri.