Sənan Təhməzovdan, Şuşa, Azərbaycan
Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasını böyük müdriklik və uzaqgörənliklə davam etdirməyiniz nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün artır, etibarlı tərəfdaş kimi nüfuzu güclənir. Dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, əldə edilən uğurlarla tarix yazır. Sizin rəhbərliyiniz ilə 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri nəticəsində respublika ərazisində separatizmə birdəfəlik son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin konstitusiya quruluşunun tam bərpası ilə Azərbaycan inkişaf tarixinin yeni strateji mərhələsinə başlayıb. Qlobal çağırışlar fonunda ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyat şaxələnir, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır. Həyata keçirilən genişmiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib. Təsadüfi deyildir ki, ölkəmizdə reallaşdırılan islahatlar beynəlxalq maliyyə təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes fəaliyyətinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, tətbiq olunan güzəştlər və stimullar, işgüzar əlaqələrin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında qeyri-dövlət sektorunun payı yüksəkdir. Belə yüksək nəticənin əldə olunması bizi qürurlandırır. Biznesin təşviqi istiqamətində həyata keçirilən tədbirlər sahibkarlar tərəfindən xüsusi minnətdarlıqla vurğulanır. Biznes nümayəndələri dövlət-sahibkar əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsində dəstəyi daim hiss edir.
Azərbaycanda azad bazar münasibətləri və sağlam rəqabət mühiti özəl bölmə üçün əlverişli imkanlar formalaşdırıb. Bu imkanlar sayəsində Azərbaycanda sahibkarlıq həm keyfiyyət, həm də kəmiyyət baxımından inkişaf etməkdədir. Dövlət dəstəyindən ruhlanan Azərbaycan sahibkarları olaraq bütün qüvvələrimizi səfərbər edərək, tez bir zamanda Qarabağımızın yenidən dirçəldilməsinə və Böyük Qayıdışa öz töhfələrimizi verməkdən qürur duyuruq. Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün işğaldan azad edilmiş torpaqlarda mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyulmasının və digər sərmayələrin cəlb edilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.
Azərbaycanın milli mədəniyyət paytaxtı adlandırılmış Şuşa şəhərində öz sərmayəmiz hesabına restoran sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq, “QOC ƏT” adı altında Şuşa şəhərinə gələn xarici turistlərə və orda məskunlaşan yerli kontingentə ictimai iaşə xidməti göstəririk. Həmin restoranın ərzaq təminatını və Xankəndi, Xocalı, Xocavənd və Şuşa rayonunda məskunlaşacaq əhalinin hevandarlıq məhsullarına olan tələbatını ödəmək məqsəilə bizə əkin sahəsi və iribuynuzlu, xırdabuynuzlu heyvanların saxlanması üçün fermanın icarəyə verilməsi barədə Sizə müraciətimiz müsbət nəticələnmişdir.
“QOÇ ƏT” kollektivi olaraq, Sizin rəhbərliyiniz ilə həyata keçirilən sosial-iqtisadi siyasəti dəstəkləyir, bundan sonra da Azərbaycanın tərəqqisi naminə çağırışlara töhfə verəcəyimizi, iqtisadiyyatın inkişafının təmin olunması sahəsində üzərimizə düşən vəzifələri dönmədən həyata keçirəcəyimizi bəyan edirik. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da sülh və rifahın, sürətli inkişafın meyarı olacaqdır.
Cənab Prezident, Sizə bu şərəfli, məsuliyyətli yolda və gələcək ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq. Göstərdiyiniz yüksək diqqət və qayğıya görə kollektivimizdə çalışan çoxsaylı keçmiş məcburi köçkün, qazi və şəhid ailələri adından bir daha Sizə minnətdarlığımızı bildirirəm.
Allah Sizi qorusun!
Hörmətlə,
Sənan Təhməzov,
sahibkar
Azərbaycan Respublikası, Şuşa şəhəri.