01 aprel 2024, 15:08

Yeganə Salman və Lev Spivakdan, Yerusəlim, İsrail

Hörmətli cənab Prezident.

Azərbaycan həqiqətlərinin İsraildə təbliğinə bizim təvazökar töhfəmizə daim yüksək qiymət verdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk.

Azərbaycan xalqının Ümummilli Lideri, dahi Heydər Əliyev deyirdi: “Azərbaycanda yəhudilər əsrlər boyu azərbaycanlılarla dostluq və hörmət şəraitində yaşayıblar. Yəhudilər bu gün Azərbaycanın tamhüquqlu vətəndaşlarıdır, Azərbaycan isə onların Vətənidir”.

Azərbaycandan ayrıldığımız gündən bəri bütün həyatımız Vətənimizlə qırılmaz şəkildə bağlıdır - bütün əməllərimiz, düşüncələrimiz və hisslərimiz Vətənə həsr olunub və biz xoşbəxtik ki, doğulduğumuz və ömrümüzün ən gözəl illərini keçirdiyimiz Vətənə xidmət etmək imkanımız var.

Biz Ümummilli Lider Heydər Əliyevin “harada yaşayırsınızsa, o ölkənin layiqli vətəndaşı olmalısınız, eyni zamanda, azərbaycanlı olaraq da qalmalısınız” vəsiyyətinə əməl edərək kim olduğumuzu bir dəqiqə belə unutmuruq.

Hörmətli cənab Prezident, Siz bizim üçün bütün həyatını xalqına, Vətəninə xidmətə həsr etmiş vətənpərvər bir insan nümunəsisiniz. Məhz Sizin Vətənin rifahı naminə fədakar əməyiniz sayəsində Azərbaycan qısa müddətdə nəinki Qafqazda, bütün regionda qabaqcıl dövlətlərdən birinə çevrilib.

Sizin müdrik siyasi rəhbərliyiniz və uzaqgörən, sərrast strategiyanız sayəsində Azərbaycan işğalçıları qovaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və tarixi Qələbə qazandı. Bu Qələbə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün əlamətdar hadisələrdən birinə çevrildi.

Həyatımızı istiqamətləndirən şüar yenə də dahi Heydər Əliyevin ölməz sözləridir: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzulayırıq.

Hörmətlə,

Yeganə Salman, “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru,

Lev Spivak, “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü

İsrail Dövləti, Yerusəlim şəhəri.