Şirvan suvarma kanalının yenidən qurulması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

08 aprel 2024, 14:14

Son dövrdə qlobal iqlim dəyişmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər görülmüş, xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması, bir sıra ərazilərdə torpaqların yeni meliorativ sistemlərlə təchiz edilməsi, qənaətcil və mütərəqqi suvarma üsullarından istifadə dəstəklənmişdir.

Uzun illər ərzində bu istiqamətdə görülən işlər, o cümlədən iri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-drenaj sistemlərinin, nasos stansiyalarının və digər infrastrukturların qurulub istifadəyə verilməsi ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə vermişdir.

Ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olmuşdur. Bununla əlaqədar kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və effektiv şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə qərara alıram:

1. Yuxarı Şirvan suvarma kanalı yenidən qurulsun və Şirvan suvarma kanalı adlandırılsın.

2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yevlax Şəhər İcra Hakimiyyəti, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Ağsu, Şamaxı və Hacıqabul rayon icra hakimiyyətləri, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Şirvan suvarma kanalının yenidən qurulmasından irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görsünlər.

4. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən suvarma kanalının yenidən qurulmasının cari ildə və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görsünlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2024-cü il 

SƏNƏDLƏR Sərəncamlar 13 mart 2025
12:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 may tarixli 2834 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...

13 mart 2025, 12:28
SƏNƏDLƏR Fərmanlar 13 mart 2025
12:26
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

13 mart 2025, 12:26