İmişli şəhər su anbarları kompleksinin istifadəyə verilməsi mərasimində İlham Əliyevin nitqi
28 oktyabr 2012, 17:25
- Əziz dostlar, əziz imişlililər! Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün biz sizinlə bərabər bu tarixi günü bir yerdə qeyd edirik. Bir il bundan əvvəl İmişlinin su təchizatının yaxşılaşdırılması üçün çox önəmli hadisə baş vermişdir. Bu böyük su layihəsinin təməl daşını qoyduq. Çox şadam ki, bir ildən sonra artıq İmişliyə içməli suyun gətirilməsini biz bərabər qeyd edirik.
Yaxın həftələrdə bu su mövcud şəbəkəyə qoşulacaqdır. Bununla paralel olaraq yeni, müasir supaylayıcı şəbəkə qurulur.
Beləliklə, İmişli şəhərinin içməli su problemi birdəfəlik həllini tapacaqdır.
Bu, doğrudan da böyük və tarixi hadisədir. Çünki uzun illərdir ki, İmişli sakinləri təmiz, dayanıqlı içməli, suya möhtac idilər. Bu problem var idi. Mən bunu bilirdim və çalışırdıq ki, bu məsələni tezliklə həll edək. Çox şadam ki, nəhayət biz bu məsələni həll edirik və bu layihə, eyni zamanda, böyük ehtiyatla nəzərdə tutulmuşdur. Şəhərin inkişafını, əhalinin sayının artmasını nəzərə alır və 2035-ci ilə qədər bu layihə öz imkanlarını İmişli sakinlərinə təqdim edəcəkdir.
Bu, çox böyük tarixi layihədir. Çünki içməli su insan sağlamlığı üçün ən əsas məsələlərdən biridir. İnsan sağlamlığı isə bizim üçün, yəni dövlət üçün ən əsas məsələdir. Ümumiyyətlə, səhiyyə sisteminin təkmilləşdirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin təmiz içməli su ilə təmin edilməsi məsələləri diqqət mərkəzindədir.
Bu gün İmişlidə yenicə əsaslı təmirdən çıxmış Mərkəzi Rayon Xəstəxanasının açılışını qeyd etdik. Bu xəstəxana ən yüksək standartlara cavab verir. Bu gün, eyni zamanda, içməli su layihəsinin açılışını qeyd edirik. Mən əminəm ki, bu layihələr, görülən işlər mütləq öz müsbət təsirini insanların sağlamlığında göstərəcəkdir. Çünki insan amili bizim üçün əsas sosial məsələdir. Bu gün bölgə sahibkarları ilə görüşdə də bu məsələyə toxundum. Çünki biz, əlbəttə, iqtisadi islahatları uğurla icra edirik, bölgələr inkişaf edir, gözəlləşir, abadlaşır, yeni iş yerləri açılır. Ancaq bütün bu işlərin təməlində və mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı sağlam olmalıdır. Azərbaycan vətəndaşı yaxşı şəraitdə gözəl şəhərlərdə yaşamalıdır. Bütün infrastruktur layihələri icra edilməlidir ki, biz dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsindən geri qalmayaq. Biz bunu edirik, edəcəyik. Ölkəmizdə gedən quruculuq, abadlıq işləri hər bir rayonda öz bəhrəsini verir.
Xüsusilə İmişli rayonunun son bir neçə ay ərzində uğurlu inkişafı məni ürəkdən sevindirir. Mən dəfələrlə İmişlidə olmuşam. Keçən il də olmuşam. İmişlinin inkişafı üçün lazımi tədbirlər görülmüşdür. Kənd yollarının tikintisinə vəsait ayrılmışdır. Ancaq mən bilirdim və siz də bilirdiniz ki, işlər daha da sürətlə gedə bilər. Son bir neçə ayın təcrübəsi mənim sözlərimi təsdiqləyir. Əminəm ki, bu reallıqları sizdən yaxşı bilən heç kim tapılmaz. Ancaq mən də, yəni, keçən il burada olduğuma görə öz təəssüratlarımı sizinlə bölüşmək istəyirəm.
Doğrudan da, son bir neçə ay ərzində İmişli rayonunun inkişafı üçün çox böyük, tarixi işlər görülmüşdür. İmişlini tanımaq mümkün deyil. Buraya gələrkən çox təəccüb edirdim ki, mən indi İmişlidəyəm, yoxsa hansısa başqa şəhərdəyəm. Doğrudan da, tarixi dəyişikliklər baş vermişdir. Gözəllik, abadlıq, yeni meydan, Bayraq meydanı, yeni parklar, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzinin tikintisi, binaların bərpası, küçələrin salınması, yeni işıq dirəklərinin qurulması. Görülən bütün işləri sadalamaq üçün yəqin ki, çox vaxt lazım olacaq, ancaq bir sözlə, siz İmişli sakinləri bunu yaxşı bilirsiniz və bütün bu quruculuq, abadlıq işlərində fəal iştirak edirsiniz. Bu, sizin ümumi zəhmətinizin bəhrəsidir.
Bu dəyişikliklər əlbəttə ki, məni ürəkdən sevindirir. Əminəm ki, sizi də sevindirir. Ancaq eyni zamanda, bir vacib məsələni üzə çıxarır ki, istək, siyasi iradə və öz xalqına qayğı olan yerdə hər şey etmək mümkündür. Bir neçə ay bundan əvvəl İmişli rayonuna yeni icra başçısı təyin edilmişdir. O, təyin edilərkən mən ona çox önəmli tövsiyələr, göstərişlər verdim və dedim ki, İmişli rayonu geridə qalmamalıdır, əksinə ölkəmizin ən qabaqcıl rayonlarının birinə çevrilməlidir. Son neçə ayın təcrübəsi göstərir ki, siz bu yolda uğurla irəliləyirsiniz. Əminəm ki, gələn səfərdə yeni gözəl binaları, yeni açılan obyektləri görəcəyəm və beləliklə, İmişlinin uzunmüddətli inkişafı təmin ediləcəkdir.
Dövlət isə öz tərəfindən siyasətini davam etdirəcəkdir. Ölkəmizin bütün yerlərində infrastruktur layihələri icra edilir, yollar çəkilir, sürətlə qazlaşdırma gedir, o cümlədən İmişlidə də qazlaşdırma gedir və qarşıya məqsəd qoyulmuşdur ki, İmişlidə qazlaşdırma yüz faiz səviyyəsində olmalıdır. Bütün kəndlər qazlaşdırılmalıdır. Əminəm ki, gələn ilin sonuna qədər biz bu məqsədə çatacağıq.
İçməli su layihəsinin başlamasını biz artıq qeyd edirik. Çəkilən su xətti bir ay ərzində ümumi şəbəkəyə qoşulacaq və imişlililər təmiz, dayanıqlı içməli suya malik olacaqlar. Eyni zamanda, kanalizasiya sisteminin yaradılması prosesi başlayıb, kənd yollarının tikintisi gedir. Sağlamlığı bərpa etmək üçün gözəl xəstəxana vardır. İstirahət etmək üçün gözəl parklar, küçələr, xiyabanlar salınır, məktəblər tikilir. Əgər imişlililər bu yüksək templəri saxlaya bilsələr, - mən əminəm ki, saxlayacaqlar, - çox qısa müddət ərzində İmişli ölkəmizin ən qabaqcıl rayonuna çevriləcəkdir.
Eyni zamanda, bu gün mən yeni sənaye müəssisələrinin açılışında da iştirak etmişəm. Bu da məni çox sevindirir. Özəl sektor tərəfindən yaradılan ən böyük taxıl anbarı İmişlidə açılmışdır. Eyni zamanda, ən böyük damazlıq yumurta fabriki açılmışdır. Bu, həm ölkə iqtisadiyyatına verilən bir töhfədir, eyni zamanda, yeni iş yerlərinin açılışı deməkdir, insanların rifah halının yaxşılaşdırılması üçün atılan çox vacib addımdır.
Bir daha deyirəm ki, iqtisadi siyasətimizin bir daha qayıdıram həmin bu məsələyə təməlində Azərbaycan vətəndaşı dayanır.
İqtisadi islahatları aparmaq olar. Bəzi ölkələrdə bu, daha uğurlu olur, bəzi ölkələrdə o qədər də böyük uğur gətirmir. Ancaq vacib olan məsələ ondan ibarətdir ki, islahatları apararkən sosial məsələlər yaddan çıxmasın. Çünki transformasiya dövrünü yaşayan ölkələrdə iqtisadi islahatlar bəzi hallarda çox acı nəticələrə gətirib çıxarır. İnsanların yaşayış səviyyəsi aşağı düşür. İslahatlar insanların maddi rifahına mənfi təsir göstərir. Bax, gözümüzün qabağında Avropanın bəzi ölkələrində gedən proseslər dayanmışdır və biz bunu müşahidə edirik. Orada indi köklü islahatlar aparılır. Dövlət xərcləri ixtisar edilir. Bu islahatlar istər-istəməz insanların yaşayış səviyyəsinə çox mənfi təsir göstərir. Bizim islahatların üstünlüyü ondan ibarət idi ki, bu islahatlar sosialyönümlüdür. İslahatlar nəticəsində əldə edilən əlavə gəlirlər insanların rifah halının yaxşılaşdırılmasına sərf edilmişdir, ədalətli şəkildə. Ona görə biz gələcəyə də böyük ümidlərlə baxırıq. Çünki iqtisadi sahədə növbəti illərdə ancaq və ancaq inkişaf gözlənilir, xüsusilə qeyri-neft sektoru sahəsində. Bölgə sakinləri də bu inkişafdan bəhrələnirlər və əminəm ki, uğurlar daha da böyük olacaqdır.
Azərbaycan regionda siyasi sahədə söz sahibidir, çox güclü mövqelərə malikdir, dünya miqyasında tədbirlərdə də çox fəal iştirak edir. Biz dünyanın ən aparıcı, ən böyük qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüyük. Biz dünya məsələlərinin həllində öz sözümüzü deyirik və gələcək illərdə bizim təsir imkanlarımız yalnız artacaqdır.
Sosial sferada nəzərdə tutulmuş bütün layihələr icra edilir. Bu layihələrin icrası insanların ildən-ilə artan maddi rifahında özünü göstərir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi artıq başa çatmaq üzrədir, gələn il başa çatacaqdır. Artıq növbəti 10 illik üçün yeni proqram hazırlanır və vaxt gələndə proqram ictimaiyyətə təqdim ediləcəkdir.
Bütün infrastruktur layihələri icra edilir. Bir sözlə, biz qurur hissi ilə deyə bilərik ki, Azərbaycan dövləti müstəqillik dövründə özünü dünya xəritəsində təsdiq edib. İqtisadi və siyasi cəhətdən müstəqil Azərbaycan dövləti uğurla inkişaf edir. Uğurumuzun dayanıqlı, davamlı olması üçün bütün bölgələr sürətlə inkişaf etməlidir. Bir daha demək istəyirəm ki, İmişli rayonunda gedən inkişaf çox müsbətdir, uğurludur.
Mən sizi əldə edilmiş bu uğurlar münasibətilə təbrik edirəm. Bütün İmişli sakinlərinə cansağlığı və yeni uğurlar arzu edirəm.