Tahirə Comərdovadan, Qazax, Azərbaycan
Əziz və hörməti Prezident.
Sizin Azərbaycana rəhbərliyə başladığınız ilk günlərdən dövlətimizin milli maraqlarını, xalqın mənafeyini hər şeydən üstün tutmağınız, Azərbaycanın tərəqqisi, dünya miqyasında nüfuzunun artması üçün var gücünüzlə çalışmağınız hər bir vətəndaşı qürurlandırır. Geniş dünyagörüşünüz, uzaqgörən siyasətiniz, qətiyyətli qərarlarınız, əvəzolunmaz xidmətlərinizlə Azərbaycanı sürətlə inkişaf edən, mövqeyi getdikcə möhkəmlənən qüdrətli dövlətə çevirməyiniz Azərbaycan xalqının ürəyincədir.
Sizin qətiyyətli, cəsarətli Lider kimi 30 il ərzində işğala məruz qalmış tarixi Azərbaycan torpaqlarının geri qaytarılması üçün cəsarətli və qəti mövqeyiniz dövlətimizin tarixində şanlı salnamələr yaratdı. Qırx dörd günlük Vətən müharibəsində əldə edilən Zəfər tariximizdə bənzəri olmayan qələbə kimi yaddaşlardan heç zaman silinməyəcəkdir.
Möhtərəm Prezident, Siz Qazax rayonunun işğal altında olan dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə edilməsi ilə xalqımıza növbəti dəfə böyük sevinc bəxş etdiniz. Bu, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, müdrik Lider kimi Sizin diplomatiyanızın daha bir mühüm qələbəsidir. İnanırıq ki, Sizin ölkəmizə rəhbərliyinizlə bu cür möhtəşəm zəfərlər davamlı olacaqdır.
Cənab Prezident, Sizin dediyiniz kimi, dünyada ədalət var, sadəcə dözümlü olmaq lazımdır. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə səbirlə, fədakarlıq göstərərək ədaləti bərpa etdi. Biz bu torpaqlara müzəffər xalq kimi qayıdırıq və əbədi yaşayacağıq. Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi xalqına daim sevinc bəxş edən, ölkəmizi zirvələrə qaldıran Prezidenti var və biz bununla qürur duyuruq. Sizə minnətdarlığımızı bildirir, cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik. Ulu Tanrı Sizə həmişə yar olsun.
Hörmətlə,
Comərdova Tahirə Valodya qızı.
Azərbaycan Respublikası, Qazax şəhəri.