VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində İlham Əliyevin nitqi

01 may 2024, 10:00
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində İlham Əliyevin nitqi

- Çox sağ olun, təşəkkür edirəm. Xoş sözlərə görə minnətdaram.

Hörmətli xanımlar və cənablar. Əziz qonaqlar. Azərbaycana xoş gəlmisiniz.

Çox şadam ki, Forum yenidən canlanır. Bildiyiniz kimi, bir neçə il ərzində fasiləmiz oldu. Bu, COVID-lə və post-COVID vəziyyətlə bağlı oldu. İndi isə əminəm ki, bizim ənənəvi cədvəlimiz tamamilə bərpa olunub.

Məmnunam ki, burada 100-dən artıq ölkənin nümayəndəsi var. Əslində, bu, 110 ölkədir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. Biz indi qısa videoçarx seyr etdik, orada “Bakı Prosesi” haqqında bəhs olunur. Əslində, biz prosesi başlayanda heç təsəvvür edə bilmirdik ki, onun nəticəsində insanları - ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirəcəyik, bir məqsəd ətrafında toplayacağıq ki, necə edək bizim dünyamız daha təhlükəsiz olsun. Çünki bunun əsasında mədəniyyətlərarası dialoq dayanır.

Mən burada Forumun proqramına baxdım. Görürəm, o, çox geniş proqramdır, bir çox sahələri əhatə edir. Gündəlik həqiqətən genişdir - mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka. Mən məhsuldar müzakirələr arzu edirəm. Əminəm ki, bu müzakirələr və o cümlədən Forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək ki, mədəniyyətlərarası dialoqu necə gücləndirək, biz necə edək ki, mövcud və potensial hədələri aradan qaldıraq?

2019-cu ildə Bakıda görüşümüzdən sonra əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb. Əfsuslar olsun ki, biz yeni münaqişələri görürük, yeni qeyri-sabitlik məkanlarını görürük və yeni təhdidləri görürük. Əminəm ki, hörmətli nümayəndələrdən ibarət auditoriya öz töhfəsini verəcək, ideyalar və yeni yanaşmalar formalaşacaq ki, qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılsın.

Həmin məsələlərin həllində, gündəlikdə olan məsələlərin müzakirəsində Azərbaycanın öz təcrübəsi var. Hesab edirəm, yaxşı olar ki, mən burada biz bu prosesi necə gördüyümüz haqqında bir az danışım və biz necə etməliyik ki, bu müsbət tendensiyaları gücləndirək? Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, bu mədəni dialoqu, mədəni müxtəlifliyi gücləndirməliyik və əlbəttə ki, bütün bunlar bir çox əsrlərdən gələn nemətdir. Ona görə də biz mütləq məhz bu təşəbbüsü irəli sürməli, “Bakı Prosesi”ni başlamalı idik və bildiyiniz kimi, üç ildən sonra “Bakı Prosesi” rəsmən təsdiqləndi. Daha sonra isə biz Mədəniyyətlərarası Dialoq Forumuna başladıq. Əsas səbəblərdən biri Azərbaycan cəmiyyətində məhz sülhün, sabitliyin, həmrəyliyin mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlı olmasıdır. Əlbəttə ki, Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik və çox keşməkeşli vaxtlarda - toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik. Əslində, bütün bu hadisələr bizim sərhədlərimizə çox yaxın bir məsafədə baş verir və həmçinin əvvəllər bir neçə il ərzində Azərbaycan daxilində də olub. Bu, elə bir məsələdir ki, biz onları dostlarımızla bölüşmək istərdik. Həmçinin öz əminliyimizi nümayiş etdiririk ki, biz bu yolda addımlarımızı davam edəcəyik. Əminəm ki, bununla hər bir ölkə uğur qazana bilər. Çünki əgər siz birincisi, bu məsələləri daxilən nəzərdən keçirsəniz, elə bir mühit yaranar ki, bütün etnik qrupların, dinlərin nümayəndələri özlərini ləyaqətli, təhlükəsiz şəraitdə hiss edərlər və onlara münasibət ədalətli olar. Əgər belə olmasa, bu, yalnız ayrı-seçkiliyə, etimadın çatışmazlığına aparıb çıxarar və sonda bu, sosial və bir çox hallarda siyasi çətinliklərlə nəticələnər. Bu, ölkə daxilində parçalanmaya səbəb olar. Buna görə, məhz təcrübəmiz göstərir ki, biz müstəqilliyin ilk illərində çox çətinliklər yaşadıq və bu vəziyyətdən çıxa bildik. Çünki o vaxt işğal var idi, çox iqtisadi və sosial çətinliklər özünü büruzə verirdi. Azərbaycanı parçalamaq cəhdləri var idi və məhz aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi. Buna görə milli maraqların qorunması bizim uğurumuz üçün çox vacib amil idi. Əlbəttə ki, bu kontekstdə dini rəhbərlərin rolu xüsusi əhəmiyyət kəsb edir. Elə sizin də müzakirə edəcəyiniz məsələlərdən biri bununla bağlıdır. Forumda yüzdən artıq dini nümayəndə iştirak edir. Əminəm ki, onlar qarşılıqlı anlaşmanın və hörmətin gücləndirilməsinə töhfə verəcəklər.

Azərbaycana gəldikdə, mədəniyyətlərarası dialoq elə bir məfhumdur ki, biz onu güclü şəkildə təşviq edirik. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil edirik. Bunlar dinlərarası dialoqla bağlıdır. Müzakirələrin bir hissəsi olaraq məhz bunu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində həyata keçiririk və digər tədbirlərdə bu məsələyə toxunuruq. Bununla bağlı xüsusi müzakirə sessiyası və COP29 tədbiri də olacaqdır. Bu dialoq məsələsi orada da müzakirə olunacaqdır. Əminəm ki, bütün dünyadan gələn bu sahə üzrə rəhbərlər bu gün Bakıda həmrəylik nümayiş etdirəcəklər və liderlik göstərəcəklər. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdə sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlər. Bunlar çox vacib amillərdir. Əfsuslar olsun ki, biz bəzi hallarda fərqli mesajları da eşidirik və bu da əlavə gərginlik yaradır. Bir sözlə, düşünürəm ki, bu istiqamətdə müsbət tendensiyalar güclü şəkildə dəstəklənməlidir.

Müzakirə olunacaq məsələlərdən biri də çoxtərəflilikdir. Azərbaycan öz təcrübəsini göstərib. Biz qəti şəkildə çoxtərəfliliyə sadiqik. Biz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq etmişik. O, BMT-dən sonra ikinci ən böyük təşkilatdır və həmçinin bununla bağlı yekdil qərarımız oldu, sədrliyimiz yekdil qərarla əlavə bir il də artırıldı. Təbii ki, Qoşulmama Hərəkatının vacib təməl dəyərləri məhz suverenlik, ölkələrin ərazi bütövlüyü, daxili işlərə qarışmamaqdır. Biz həmin Hərəkatın təsisatlanması seqmentinin gücləndirilməsinə çalışdıq və bununla bağlı daxildə şəbəkə yaratdıq, qadınların və gənclərin təşkilatlarını təsis etdik. Bütün bunlar məhz Azərbaycan tərəfindən yaradılıb.

Əminəm ki, Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində inkişafı gələcəkdə də davam edəcək. Çünki hazırda dünyaya nə lazımdır, bəzi böyük ölkələr bu və ya digər qütbə aid deyil, onların öz hüquqları və öz maraqları var. Onların bəzilərinin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz. Buna görə də həmin Hərəkatda bizim sədrliyimiz məhz bu məqsədi güdürdü və biz daha çevik, daha fəal olmağa çalışdıq. İstədik Hərəkat daha təsirli olsun. COVID vaxtlarında biz, həmçinin Qoşulmama Hərəkatının platformasından istifadə edərək həmin faciəvi xəstəliyin fəsadlarını müzakirə etməyə çalışdıq. Çünki pandemiya bütün ölkələrə təsir göstərdi. Azərbaycan məhz o ölkələrdən biri idi ki, fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış etdi, səsini qaldırdı və ucaltdı. Bildiyiniz kimi, pandemiyanın ilk aylarında peyvənd çatışmırdı. Pul vəsaitləri çox olan bir sıra ölkələr özlərində çox böyük sayda, hətta beş dəfədən artıq peyvənd topladılar. Bunu necə etmək olar?! Bununla onlar, sadəcə, bir çox digər ölkələrin səhiyyə sistemini heçə endirdi ki, onların da peyvəndlərə çıxışı yox idi. Ona görə milli maraqlar baxımından, əlbəttə ki, Azərbaycan həmin Qoşulmama Hərəkatında sədrliyi zamanı peyvənd milliyyətçiliyinə qarşı mübarizə apardı və biz Baş Assambleyada bununla bağlı təşəbbüskar olduq.

Biz bir məsələni də Qoşulmama Hərəkatının sədri kimi hər zaman təşviq edirdik. Bu, yeni müstəmləkə tendensiyalarına qarşı mübarizədir. Artıq söylədiyim kimi, həmin Hərəkatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması o deməkdir ki, biz buna inanırıq. Çünki biz ədalət naminə danışırıq, çünki biz beynəlxalq hüquq naminə danışırıq. Yəni, biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Onda siz nəyə görə tənqid etmirsiniz? Nəyə görə siz sanksiyalar tətbiq etmirsiniz? Nəyə görə susursunuz? Bəli, biz sədr olaraq Hərəkat daxilində bu işi gördük. Bu, bizim vəzifəmiz idi. İndi görürük ki, digər ölkələrə, imperiyada yaşayan xalqlara gəldikdə, biz bilirik ki, azad və müstəqil olmaq nə deməkdir. Biz bunu bilirik və həmin insanlara kömək etmək istəyirik. Çünki onlar öz hüquqlarını müdafiə etmək, müstəqilliyə qovuşmaq, öz mədəniyyətlərini, öz dillərini qorumaq istəyirlər. Bu, elə bir məsələdir ki, hesab edirəm hər bir normal insan məhz bu hüququ müdafiə edər. Bir sözlə, bu, çox vacib məsələdir. Bu, həmçinin mədəniyyətlərarası dialoq üçün vacibdir. Biz burada ikiüzlü ola bilmərik, ikili standartları tətbiq edə bilmərik. Yaxud da ki, əgər görürüksə ikili standartlar nümayiş etdirilir, biz buna göz yuma bilmərik. Əgər siz insanlara xoş olan tolerantlıqdan, demokratiyadan, insan hüquqlarından danışıb, amma digər tərəfdən, siz dənizdə olan 10-dan artıq ərazidə bunun əksini edirsinizsə, bu, riyakarlıqdan, ikili standartlardan başqa bir şey deyil. Əlbəttə ki, bu sahələrdə həmin yanaşma tətbiq olunacaqdır.

Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük. Mən tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə olan münasibətlərimiz, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz barədə söylədim ki, biz bu amillərlə çox iş görə bilərik. Hazırda biz qeyd edirik ki, əvvəlki sədrliyimiz zamanı olduğu kimi körpülər salmağa çalışacağıq.

Əlbəttə ki, iqlim dəyişmələrinə aid olan məsələlərə gəldikdə, bizə maliyyə vəsaiti lazımdır. Bəli, maliyyə məsələsi öz növbəsində COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq. Mən bu yaxınlarda tərəfdaşlarımızla iqlim dəyişikliyi ilə bağlı danışdım. Bu, qaçılmazdır. Çünki biz neft hasil edən ölkəyik və dedim ki, neft-qazımızın olması bizim günahımız deyil. Başqalarının da belə təbii sərvətləri var və əlbəttə ki, onların öz təbii sərvətlərindən ölkələrinin faydası üçün istifadə etmək imkanı var. Azərbaycana gəldikdə, bu imkan nəinki Azərbaycana aiddir, biz təbii qazımızı səkkiz ölkəyə çatdıraraq onların enerji təhlükəsizliyinə töhfə veririk. Əgər biz bu gün məhz yol təchizatlarına, enerji təchizatlarına baxsaq görərik ki, onlar çox müxtəlifdir. Ona görə bizim səylərimiz körpülərin salınmasına yönələcək.

Avropa-Qlobal Cənub istiqamətinə və həmrəyliyə gəldikdə, biz buna nail ola bilərik. Bunun üçün biz ürəkdən çalışmalıyıq, gündəliyimiz də buna köklənib. Eyni zamanda, bizim özümüzün yaşıl gündəliyimiz var və biz buna COP29-a ev sahibliyi etmək şərəfinə layiq görüləndən xeyli əvvəl başlamışıq. 2027-ci ilə qədər bizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün bizə imkan yaranacaqdır. Bütün bunlar üçün biz çox yaxşı sərmayə şəraiti yaratmışıq, sərmayədarlar var. Biz, həmçinin bərpaolunan enerji mənbələrindən istifadə edirik. Bu, elə bir faktdır ki, biz onun əsasında beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilməliyik, yalnız sırf neft-qazın olması ilə deyil. Yəni, biz bununla bağlı hər hansı səhv addım atmırıq. Azərbaycan, onun göstəriciləri, iqlim dəyişmələrinə gəldikdə, hesab edirəm ki, onlar nümunəvi hesab oluna bilər.

Yekun bir məsələni də qeyd edim. Bu da sizin müzakirələr gündəliyinizə aiddir ki, sülh və təhlükəsizlik münaqişədən sonrakı vəziyyətlə bağlı olan məsələlərdir. Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir. Biz demək olar 30 il ərzində işğal altında olmuşuq. Bütün əvvəlki dialoq forumlarında mən işğal və ədalətsizlik haqqında danışmışam və bildirmişəm ki, insanlar bundan əziyyət çəkiblər. Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi demək olar ki, müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, biz etnik təmizləməyə məruz qalmışıq. Bu, Qarabağda və Şərqi Zəngəzurda baş verib. Burada tamamilə yerlə-yeksan olunan sahələri görmüşük. İndi biz azad edilmiş ərazilərə daxil olanda bunu öz gözlərimizlə görürük. Əminəm ki, iştirakçılardan bəziləri azad olunmuş ərazilərə baş çəkəcəklər. Biz öz səsimizi ucaltmışıq, biz ürəkdən çalışdıq, diplomatiya sahəsində işlədik, bütün beynəlxalq təşkilatlar qətnamələri və qərarları qəbul etdi və orada erməni qüvvələrinin çıxarılması tələb olunurdu. O cümlədən BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Amma bu, işləmədi, çünki implementasiya mexanizmi yox idi. Bu, bizim diqqətimizdən kənarda qala bilməzdi. Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik. Münaqişədən sonrakı vəziyyətə gəldikdə, bir daha deyirəm, Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır. Demək olar ki, 30 il insanlar əziyyət çəkib, beynəlxalq hüquq pozulub, bizim bütün mədəni, tarixi məkanlarımız, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib. Qeyd edirəm ki, bəzi ölkələr Ermənistana dəstək verirdi.

Ötən ilin sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndən sonra Ermənistanın dırnaqarası qarantorları tərəfindən siyasi hücumlara məruz qaldıq. Buna baxmayaraq, biz yenə sülh təklif etdik. İndi isə biz, əslində, müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb. Nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.

Bununla mən çıxışımı yekunlaşdırıram, vaxtınızı çox almaq istəmirəm. Diqqətinizə görə minnətdaram. Sizə müzakirələrinizdə böyük uğurlar diləyirəm. Çox sağ olun, sizə xoş səfər arzulayıram.

SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:02
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...

17 dekabr 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:00
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...

17 dekabr 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:21
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...

16 dekabr 2024, 17:21
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:19
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 dekabr 2024, 17:19
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:15
“Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik...

16 dekabr 2024, 17:15
SƏNƏDLƏR Qanunlar 16 dekabr 2024
17:13
“Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...

16 dekabr 2024, 17:13
SƏNƏDLƏR Sərəncamlar 16 dekabr 2024
17:11
N.N.Məmmədovun Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri...

16 dekabr 2024, 17:11