Vətən Müharibəsi Qəhrəmanının anasından, Abşeron, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Mən, Vətən Müharibəsi Qəhrəmanının anası kimi, bu təşəkkür məktubumu Sizə – xalqımızın qalib Liderinə, işğala son qoyan, torpaqlarımızı azad edən, başımızı ucaldan, şəhidlərimizin və başımıza gətirilən bütün müsibətlərin qisasını döyüş meydanında alan Müzəffər Ali Baş Komandana tükənməz sevgi və böyük hörmətlə yazıram.
Sizin ahıllara göstərdiyiniz diqqət və qayğı, onlara qoyduğunuz hörmət, valideyn sözünə bəslədiyiniz ehtiram gənc nəsillər üçün bir örnəkdir. Siz ata vəsiyyətini yerinə yetirərək, siyasi iradə, güc, qətiyyət və uzaqgörənlik nümayiş etdirərək Azərbaycanı birləşdirmisiniz, üçrəngli bayrağımızın bütöv vətənimizdə dalğalanmasına nail olmusunuz.
Mənim oğlum Vüqar Ağayev də Sizə olan sarsılmaz və böyük inamı ilə “dəmir yumruğ”unuz ətrafında birləşən və cəbhəyə atılan minlərlə Vətən oğullarından biri olmuşdur. Azərbaycan Ordusunun mayoru olan oğlum Vətən müharibəsi zamanı, noyabrın 1-də şəhidlik zirvəsinə ucalıb. Sizin müvafiq sərəncamlarınızla oğluma göstərdiyi xüsusi xidmətlərinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, o, “Vətən uğrunda", “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
Hörmətli Prezident, bizə, ümumilikdə şəhid ailələrinə göstərdiyiniz böyük diqqət və qayğıya, mənzil-məişət şəraitimizin yaxşılaşdırılmasına görə Sizə təşəkkür edir, xalqımız, Vətənimiz və Azərbaycanın gələcəyi üçün göstərdiyiniz böyük fədakarlıqlarda yorulmazlıq və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Ağayeva Nənəxanım Neymət qızı,
Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin anası.
Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.