İsmət Abasovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident!
Tanınmış dövlət, ictimai və siyasi xadim Yunis Qəhrəman oğlu Rzayevin 100 illik yubileyinin Qərbi Azərbaycan İcmasında qeyd olunmasına görə Zati-alinizə Rzayevlər ailəsi adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu tədbir ailəmizdə böyük sevincə səbəb oldu.
Cənab Prezident!
Ulu Öndər Heydər Əliyev Azərbaycanda birinci dəfə siyasi hakimiyyətdə olduğu dövrdə Yunis Rzayev Qərbi Azərbaycanda erməni millətçilərinin əsassız təzyiqlərinə məruz qalmışdır. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev Yunis Rzayevi Azərbaycanda mühüm dövlət vəzifələrinə təyin etmişdir. Yunis Rzayev hər zaman Ümummilli Liderin sadiq əsgəri, ideyalarının yorulmaz təbliğatçısı olmuşdur.
Möhtərəm Prezident!
Sevindirici haldır ki, Azərbaycanın qədim torpağı olan Qərbi Azərbaycanda dünyaya gələn Yunis Rzayevin 100 illik yubileyi Azərbaycanın Sizin liderliyiniz ilə böyük və tarixi qələbələr qazandığı bir dövrə təsadüf edir. Sizin həyata keçirdiyiniz uzaqgörən, ardıcıl və qətiyyətli daxili, xarici və ordu quruculuğu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib, erməni quldurlarının azərbaycanlılara qarşı 200 ildən çox davam edən terror, soyqırımı, işğal siyasətinə son qoyulub. Bu gün Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində şanlı üçrəngli bayrağımız dalğalanır. Azərbaycan dünyada hamının hesablaşdığı bir dövlətə çevrilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) və digər çoxsaylı beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.
Zati-aliləri!
Azərbaycanın Sizin liderliyiniz ilə qazandığı böyük və tarixi qələbələr, bu gün Qərbi Azərbaycanla bağlı müəyyənləşdirdiyiniz yeni siyasi strategiya Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmasına böyük ümidlər yaratdığı kimi, Vətən həsrəti və doğma yurd nisgili ilə dünyadan köçən soydaşlarımızın ruhunu da şad edir. Azərbaycanın qədim şəhəri olan İrəvanda doğulmuş biri və Sizin siyasətinizin sadiq əsgəri olaraq, Qərbi Azərbaycanla bağlı müəyyənləşdirdiyiniz strategiyanın həyata keçirilməsi istiqamətində hər bir əmrinizi yerinə yetirməyə daim hazıram.
Hörmətlə,
İsmət Abasov
Azərbaycan Respublikası, Bakı şəhəri.