Vaqif Fərzəliyev və başqalarından, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Əməyimizə verdiyiniz yüksək qiymətə - bizi 2024-cü il texnika sahəsi üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq gördüyünüzə görə Sizə sonsuz minnətdarlığımızı bildiririk. Bu, ölkəmizdə elmə olan diqqətinizin ən yüksək və bariz nümunəsidir.
Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu, Sizin də inam və böyük əminliklə davam etdirdiyiniz uzaqgörən və məqsədyönlü siyasət nəticəsində şanlı tariximizə qızıl hərflərlə yazılan, təkcə indiki yox, gələcək bütün nəsillər üçün də böyük qürur mənbəyinə çevrilən 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirlərindən sonra respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Misilsiz Qələbə sevinci bəxş etdiyiniz qalib xalqın alimləri kimi fəxr edirik ki, ali dövlət mükafatına layiq gördüyünüz kompleks elmi-texniki işimiz ölkəmizin iqtisadi inkişafına və onun müdafiə qüdrətinin artırılmasına xidmət edəcək.
Bu mükafat bizi daha əzmlə çalışmağa, elmimizin inkişafına yeni töhfələr verməyə ruhlandırır. Əmin ola bilərsiniz ki, elm adamları bundan sonra da Sizin respublikamızda iqtisadi-siyasi sabitliyi, milli-mənəvi birliyi, xalqımızın sağlamlığı və rifahının daim yüksəlməsini təmin edən siyasətiniz ətrafında “dəmir yumruq” kimi birliyini davam etdirəcək.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, respublikamızın və xalqımızın yeni hədəflərinə yönəlmiş fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əməkdaşları:
Fərzəliyev Vaqif, akademik,
Cavadova Həqiqət, professor,
Sucayev Əfsun, professor.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.