Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12 iyun 2024, 14:32

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 379 (Cild I) ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissə üzrə:

1.1.1. 1.3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.3.2. sənaye parkının idarəedici təşkilatı (bundan sonra ‒ idarəedici təşkilat) – sənaye parkının fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını təmin edən dövlətə məxsus hüquqi şəxs;”;

1.1.2. 1.3.3-cü yarımbənddə “səlahiyyətli orqan” sözləri “idarəedici təşkilat” sözləri ilə əvəz edilsin;

1.1.3. 1.3.4-1-ci yarımbəndə “(sahələrinin)” sözündən sonra “və (və ya) tikilinin” sözləri əlavə edilsin və həmin yarımbənddən “operatorla” sözü çıxarılsın;

1.2. 3-cü hissə üzrə:

1.2.1. 3.4.2-ci yarımbənddən “dövlət əhəmiyyətli, beynəlxalq” sözləri çıxarılsın;

1.2.2. aşağıdakı məzmunda 3.8 – 3.10-cu bəndlər əlavə edilsin:

“3.8. İdarəedici təşkilat sənaye parklarının, habelə onların rezidentlərinin və qeyri-rezidentlərinin reyestrini (bundan sonra – reyestr) yaradır, həmin reyestrin aparılmasını və reyestrə daxil edilmiş məlumatların müntəzəm yenilənməsini təmin edir. Reyestrin aparılması qaydasını səlahiyyətli orqan müəyyən edir.

3.9. Sənaye parkının yaradılması barədə qərar qəbul edildikdən sonra 10 (on) iş günündən gec olmayaraq, bu barədə Əsasnamənin 3.10-cu bəndində göstərilən məlumatlar idarəedici təşkilat tərəfindən reyestrə daxil edilir.

3.10. Reyestr informasiya ehtiyatıdır və oraya sənaye parkının yaradılması barədə aktın tarixi, nömrəsi və növü, yaradılmasının məqsədi, fəaliyyət profili və müddəti, ərazisinin ölçüsü, yerləşdiyi inzibati ərazi vahidi, qeydiyyat tarixi və nömrəsi daxil edilir.”;

1.3. 4-cü hissə üzrə:

1.3.1. 4.2-ci bənd üzrə:

1.3.1.1. ikinci cümlədə “və operator sənaye parkının fəaliyyətinə görə cavabdehdirlər” sözləri “sənaye parkının fəaliyyətinə görə cavabdehdir” sözləri ilə əvəz edilsin;

1.3.1.2. üçüncü cümlədə “, habelə” sözü “və ya” sözləri ilə əvəz edilsin;

1.3.2. 4.3-cü və 4.8-ci bəndlərin birinci cümlələrində ismin müvafiq hallarında “səlahiyyətli orqan” sözləri ismin müvafiq hallarında “idarəedici təşkilat” sözləri ilə əvəz edilsin;

1.4. 5-ci hissə üzrə:

1.4.1. 5.0.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.0.7. sənaye parkının rezidenti və qeyri-rezidenti ilə bağlanılan sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsinin və tikilinin icarə müqavilələrinin nümunəvi formasını müəyyən edir;”;

1.4.2. aşağıdakı məzmunda 5.0.7-3-cü yarımbənd əlavə edilsin:

“5.0.7-3. operator tərəfindən sənaye parkında həyata keçirilən fəaliyyət haqqında yarımillik hesabatın, habelə operatorun fəaliyyətinin kənar auditor hesabatının idarəedici təşkilata təqdim edilmə qaydasını müəyyən edir;”;

1.5. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:

“6. İDARƏEDİCİ TƏŞKİLATIN VƏZİFƏLƏRİ VƏ HÜQUQLARI

6.1. İdarəedici təşkilatın vəzifələri aşağıdakılardır:

6.1.1. sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər görmək;

6.1.2. sənaye parkının inkişaf konsepsiyasının və əsasnaməsinin layihələrini hazırlamaq, səlahiyyətli orqanla razılaşdırmaqla təsdiq etmək;

6.1.3. sənaye parkının inkişaf konsepsiyasını, yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı proqramları həyata keçirmək;

6.1.4. sənaye parkının, onun rezidentlərinin və qeyri-rezidentlərinin reyestrini aparmaq, sənaye parkının rezidentinə qeydiyyat şəhadətnaməsi vermək;

6.1.5. sənaye parkının rezidenti olmaq istəyən hüquqi və fiziki şəxslərlə niyyət razılaşması bağlamaq;

6.1.6. sənaye parkının rezidentləri və qeyri-rezidentləri ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə bağlamaq;

6.1.7. sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrini və (və ya) tikililəri sənaye parkının rezidentlərinə və qeyri-rezidentlərinə icarəyə vermək;

6.1.8. sənaye parkının rezidentlərinin istifadəsində olan torpaq sahələrinin və mülkiyyətində (istifadəsində) olan tikililərin onun yeni rezidentlərinə icarəyə (subicarəyə) verilməsinin sənaye parkının fəaliyyətinə uyğunluğunu müəyyən etmək;

6.1.9. sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair sənaye parkının rezidentləri və qeyri-rezidentləri ilə bağlanılmış müqavilələrin şərtlərinə əməl olunmasına nəzarət etmək, həmin müqavilələr üzrə aşkar olunmuş pozuntuların aradan qaldırılması və vurulmuş zərərin ödənilməsi ilə bağlı tədbirlər görmək;

6.1.10. səlahiyyətli orqanın müəyyən etdiyi qaydada sənaye parkının rezidentlərinin, habelə qeyri-rezidentlərinin fəaliyyəti haqqında hesabatlar, statistik məlumatlar almaq, sənaye parkının rezidentlərinin fəaliyyətinin təqdim etdikləri investisiya layihəsinə (biznes-plana) uyğunluğunu qiymətləndirmək;

6.1.11. sənaye parkında səlahiyyətli orqanın, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətlərinin həyata keçirilməsi üçün şərait yaratmaq;

6.1.12. dövlət orqanları (qurumları) tərəfindən sənaye parkının rezidentlərində və qeyri-rezidentlərində keçirilən yoxlamalarda rezidentlərin və qeyri-rezidentlərin dəvəti ilə iştirak etmək;

6.1.13. sənaye parkının fəaliyyəti və inkişafı barədə yarımillik hesabatları, o cümlədən kənar audit hesabatlarını səlahiyyətli orqana təqdim etmək;

6.1.14. mühasibat uçotu aparmaq və statistik hesabatlar tərtib etmək;

6.1.15. sənaye parkının operatoru seçildiyi halda onunla idarəetmə sazişi bağlamaq və operator tərəfindən idarəetmə sazişindən irəli gələn vəzifələrin icrasına nəzarət etmək;

6.1.16. sənaye parkının rezidentləri və qeyri-rezidentləri, habelə onlarla operator arasında mübahisələrin danışıqlar yolu ilə həllinə kömək etmək;

6.1.17. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, bu Əsasnaməyə əməl edilməsi ilə bağlı sənaye parkının rezidentlərinə və qeyri-rezidentlərinə kömək göstərmək;

6.1.18. sənaye parkının hüdudlarında idarəetməni və təsərrüfat fəaliyyətini təşkil etmək;

6.1.19. sənaye parkının infrastrukturuna xidmət göstərmək, onun normal fəaliyyətini təmin etmək, cari və əsaslı təmirini həyata keçirmək;

6.1.20. sənaye parkının rezidentlərinin və qeyri-rezidentlərinin yazılı müraciətləri əsasında onların adından dövlət və yerli özünüidarəetmə orqanları qarşısında təmsilçilik (“bir pəncərə”) funksiyasını yerinə yetirmək;

6.1.21. istilik və elektrik enerjisinin, suyun və qazın paylanılması, tullantı sularının axıdılması və məişət tullantılarının yığılması xidmətlərini göstərmək;

6.1.22. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

6.2. İdarəedici təşkilatın hüquqları aşağıdakılardır:

6.2.1. sənaye parkının fəaliyyətini təşviq etmək, sənaye parkında istehsalın inkişafı üçün investorları cəlb etmək və onlarla danışıqlar aparmaq;

6.2.2. ofis, konsaltinq, laboratoriya müayinəsi, biznes-inkubasiya, treninq, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, ictimai iaşə, təşviqat, xarici iqtisadi əməliyyatlarla bağlı məsləhət xidmətləri və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qanunla qadağan olunmayan digər xidmətlər göstərilməsini təmin etmək;

6.2.3. sənaye parkının idarə olunması və inkişafı məqsədilə səlahiyyətli orqana təkliflər vermək;

6.2.4. sənaye parkının idarə olunması üçün müsabiqə əsasında operatoru seçmək;

6.2.5. elmi-texniki potensialın inkişafı və gücləndirilməsi məqsədilə yerli və xarici elm və təhsil müəssisələri ilə əməkdaşlıq etmək;

6.2.6. sənaye parkının ərazisində qabaqcıl texnologiyaların, texnika və materialların tətbiqini təmin etmək;

6.2.7. sənaye parkının rezidentləri və qeyri-rezidentləri, habelə onlarla dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyəti əlaqələndirmək;

6.2.8. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

6.3. Sənaye parkının idarə olunması üçün müsabiqə əsasında operator seçilə və idarəetmə sazişinə əsasən sənaye parkında idarəetmə və təsərrüfat fəaliyyətinin icrası ilə bağlı bu Əsasnamənin 6-cı hissəsində nəzərdə tutulmuş vəzifələrin və hüquqların (6.1.1-ci, 6.1.2-ci, 6.1.4-cü, 6.1.7-ci, 6.1.8-ci, 6.1.13-cü, 6.1.15-ci, 6.1.16-cı (mübahisə tərəflərindən biri operator olduqda), 6.2.3-cü, 6.2.4-cü və 6.2.7-ci yarımbəndlərdə nəzərdə tutulmuş vəzifələr və hüquqlar istisna olmaqla) həyata keçirilməsi ona həvalə edilə bilər.”;

1.6. 7-ci hissə ləğv edilsin;

1.7. 8-ci hissə üzrə:

1.7.1. adında, 8.1-ci bəndin birinci abzasında və 8.6-cı bənddə ismin müvafiq hallarında “Operator” sözü ismin müvafiq hallarında “İdarəedici təşkilat” sözləri ilə əvəz edilsin;

1.7.2. 8.2-ci bənddə “operator” sözü “idarəedici təşkilat” sözləri ilə əvəz edilsin;

1.7.3. 8.5-ci bəndin birinci cümləsinə “sahəsinin” sözündən sonra “və (və ya) tikilinin” sözləri əlavə edilsin;

1.8. 9-cu hissə üzrə:

1.8.1. 9.1-ci, 9.2-ci bəndlərdə və 9.13.1-ci yarımbənddə “operatorla” sözü “idarəedici təşkilatla” sözləri ilə əvəz edilsin;

1.8.2. 9.3-cü bəndin birinci cümləsindən “birbaşa və ya operator vasitəsilə” sözləri çıxarılsın;

1.8.3. 9.10-cu bəndin ikinci cümləsi çıxarılsın;

1.8.4. 9.11-ci bənddə “operatorla” sözü “idarəedici təşkilatla” sözləri ilə, “(sahələrinin) icarə müqaviləsini” sözləri “və (və ya) tikilinin icarə müqavilələrini” sözləri ilə əvəz edilsin, həmin bənddən “idarəedici təşkilatla” sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə olunsun:

“Bu Əsasnamənin 9.20-ci bəndinə əsasən sənaye parkının rezidentlərinin istifadəsində olan torpaq sahələrini və mülkiyyətində (istifadəsində) olan tikililəri icarəyə (subicarəyə) götürmək istəyən hüquqi və fiziki şəxslər icarə müqaviləsini rezidentlə bağlamalıdırlar.”;

1.8.5. 9.12-ci bəndin birinci abzasında “Operatorla” sözü “İdarəedici təşkilatla” sözləri ilə əvəz edilsin;

1.8.6. 9.12.3-cü yarımbənddə, 9.15-ci bəndin birinci cümləsində, 9.16.2-ci, 9.16.3-cü və 9.18.3-cü yarımbəndlərdə ismin müvafiq hallarında “operator” sözü ismin müvafiq hallarında “idarəedici təşkilat” sözləri ilə əvəz edilsin;

1.8.7. 9.17-ci bəndə “sahəsinin” sözündən sonra “və (və ya) tikilinin” sözləri əlavə olunsun və həmin bənddə “müqaviləsinin” sözü “müqavilələrinin” sözü ilə əvəz edilsin;

1.8.8. 9.19-cu bənddən “və sənaye parkının operatoru” sözləri çıxarılsın;

1.8.9. 9.20-ci bəndə “əldə edən” sözlərindən sonra “, habelə sənaye parkının fəaliyyətinə uyğunluğunun müəyyən edilməsi barədə idarəedici təşkilatın rəyi nəzərə alınmaqla onun rezidentinin istifadəsində olan torpaq sahəsini və mülkiyyətində (istifadəsində) olan tikililəri icarəyə (subicarəyə) götürmüş” sözləri əlavə edilsin;

1.9. 10.1.3-cü yarımbəndə “sahəsinin” sözündən sonra “və tikilinin” sözləri əlavə olunsun və həmin bənddə “haqqının” sözü “haqlarının” sözü ilə əvəz edilsin;

1.10. 11-ci hissə üzrə:

1.10.1. adına “sahələrindən” sözündən sonra “və tikililərindən” sözləri əlavə edilsin;

1.10.2. 11.2-ci bəndə “sahələrinin” sözündən sonra “və (və ya) tikililərinin” sözləri əlavə olunsun, həmin bənddə “, habelə” sözü “və” sözü ilə, “müqaviləsi” sözü “müqavilələri” sözü ilə əvəz edilsin;

1.10.3. 11.3-cü bənddə “torpaqlar” sözü “torpaq sahələri və (və ya) tikililər” sözləri ilə, “müqavilənin” sözü “müqavilələrin” sözü ilə əvəz edilsin;

1.10.4. 11.4-cü bənddə “, habelə” sözü “və” sözü ilə əvəz olunsun və həmin bəndə “sahəsinin” sözündən sonra “və tikilinin bu Əsasnamənin 9.20-ci bəndində göstərilən hal istisna olmaqla,” sözləri əlavə edilsin;

1.10.5. 11.5-ci bənddə “, habelə” sözü “və” sözü ilə, “icarə müqaviləsinin” sözləri “sahəsinin və (və ya) tikilinin icarə müqavilələrinin, habelə sənaye parkının rezidentinin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin” sözləri ilə əvəz olunsun və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Əsasnamənin 9.20-ci bəndinə əsasən bağlanılmış icarə (subicarə) müqaviləsinə xitam verilməsi və ya onun müddətinin bitməsi isə sənaye parkının rezidentinin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin ləğvi üçün əsasdır.”;

1.11. 16.3-cü bənd üzrə:

1.11.1. birinci cümlədən “və operatorunun” sözləri çıxarılsın;

1.11.2. ikinci cümlədə “, habelə” sözü “və” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2024-cü il

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50