Hörmətli toplantı iştirakçıları.
Əziz dostlar.
Sizi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.
Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin fəlsəfi fikirlərini, mütərəqqi ideyalarını, ümumbəşəri dəyərləri və prinsipləri rəhbər tutaraq fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanaraq dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsləri, qlobal gündəlikdə duran aktual məsələlərin həlli istiqamətində təklif etdiyi yeni yanaşmalar beynəlxalq aləmdə təqdir edilir və yüksək dəyərləndirilir.
Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Məlum olduğu kimi, ötən ilin sonunda Azərbaycan Respublikası dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək şərəfinə layiq görülmüşdür. Bildirmək istərdim ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir.
Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmiz digər dövlətlərlə birgə əməkdaşlıq çərçivəsində ağıllı həllər tapmağa çalışacaq, eyni zamanda, biz töhfə vermək istəyən qeyri-hökumət təşkilatları və beyin mərkəzləri ilə əməkdaşlığa açığıq. Bu baxımdan, COP29-a hazırlıqla bağlı Bakı və işğaldan azad edilmiş Zəngilan şəhərlərində üç gün davam edəcək bu tədbir çərçivəsində Mərkəzin dəyərli üzvlərinin və tərəfdaşlarının bizimlə zəngin təcrübələrini və biliklərini bölüşərək dəstək göstərmək səylərini yüksək qiymətləndirirəm.
Qlobal istiləşmənin qarşısını almaq üçün bu günə qədər dünya ictimaiyyəti tərəfindən mühüm addımlar atılsa da, qarşımızda hələ də yeni çağırışlar və gündən-günə ciddiləşən təhdidlər dayanır. Eyni zamanda artıq hamı tərəfindən qəbul olunmuş reallıq budur ki, qlobal istiləşməni 1,5 C° səviyyədə saxlamaq məqsədilə beynəlxalq ictimaiyyətin səylərini səfərbər edərək birgə təcili tədbirlərin görülməsi və təxirəsalınmaz addımların atılması üçün vaxtımız azalır.
Bakıda təşkil ediləcək COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaqdır. İqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması hamımızın qarşısında duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətimizdir. Azərbaycan bu danışıqların şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülmüş öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri görəcəkdir.
Eyni zamanda iqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaqdır.
Bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi və nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini təmin etmək və COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcəkdir.
Önümüzdəki günlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin mitiqasiya və adaptasiya, maliyyələşmə, iqlim dəyişmələri və onun biomüxtəlifliyə, su və qida təhlükəsizliyinə olan təsirləri, ərzaq və kənd təsərrüfatı sektorunun hazırkı vəziyyəti, elm, texnologiya və innovasiyanın rolu kimi mövzular ətrafında müzakirələr aparmaqla, COP29-a hazırlıq mərhələsində iqlim fəaliyyəti gündəliyinin irəli aparılmasına və planetimiz üçün həyati vacib olan qərarların qəbul edilməsinə öz töhfəsini verəcəyinə inanıram.
Sizə ən xoş arzularımı yetirir, 29-cu Yüksək Səviyyəli Toplantının işinə uğurlar diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2024-cü il