22 iyun 2024, 12:35

Mübariz Allahverdiyev və Mahmud Quliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Həm Şuşada, həm də Xocalıda sakinlərin böyük ruh yüksəkliyi ilə doğma məkanlara qayıdışlarını izləmək qəlbimizi qürur hissləri ilə doldurur. Erməni faşizmi üzərindəki böyük tarixi qələbələrdən sonra qısa müddətdə doğma torpaqlarımıza, qədim yurd yerlərimizə qayıdışımızı yüksək səviyyədə təmin etdiyinizə görə Sizə və Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü, səmimi minnətdarlığımızı bildiririk.

Birimizin Şuşa sakini, digərimizin isə Xocali sakini olmasına baxmayaraq həm Xocalı 7 illik məktəbində, həm də Şuşa 1 nömrəli tam orta məktəbdə müxtəlif illərdə eyni sinifdə təhsil aldığımıza, bizə bəxş etdiyiniz sonsuz sevinc hisslərini daim birgə yaşadığımıza görə Sizə də birlikdə müraciət etmək qərarına gəldik.

Siz təkcə Azərbaycanın deyil, bütün insansevər tolerant dünyanın, sülhsevər bəşəriyyətin oğlusunuz. Bu ilin fevral ayında Xocalıda erməni terrorçularının törətdikləri soyqırımına həsr olunmuş memorial kompleksin təməlini qoyduqdan cəmi 3 ay sonra xocalıların evlərinə qayıdışını təmin etməyiniz bizi qürurlandırdı, memorial kompleksin illər əvvəl hazırlanmış eskizlərini məhz azad edilmiş Xocalıda qurmaq inamınızın möhtəşəmliyi isə heyran etdi.

Məhz Sizin məharətli rəhbərliyiniz altında, şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti, fədakarlığı, eyni zamanda, bütün Azərbaycan xalqının vahid yumruq kimi birləşməsi sayəsində əsl möcüzə yarandı. Ümummilli Lider Heydər Əliyevin həm indiki, həm də gələcək nəsillərə əmanət etdiyi Azərbaycan Respublikasının suverenliyi bərpa olundu. Keçmiş SSRİ dövründə müxtəlif illərdə hissə-hissə Ermənistana verilən torpaqlarımızın Sizin əzminiz sayəsində geri qaytarılması da növbəti möcüzədir.

Sizə, eləcə də daim Sizinlə çiyin-çiyinə misilsiz xidmətlər göstərən Birinci vitse-prezident Mehriban xanim Əliyevaya dərin təşəkkürümüzü, minnətdarlığımızı bildirməyi vətəndaşlıq borcu hesab edirik.

Allah Sizi qorusun!

 

Dərin hörmət və ehtiramla,

Mübariz Allahverdiyev, Xocalı şəhər sakini, Birinci Qarabağ müharibəsi veteranı, Əməkdar müəllim, professor,

Mahmud Quliyev, Şuşa şəhər sakini, əmək veteranı.

Azərbaycan Respublikası, Bakı şəhəri.