Maarif Umudovdan, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin Komandanlığınız və əzminiz, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qanı, canı bahasına 30 il işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi.
Biz qalib ölkənin qalib vətəndaşına çevrildik. Şəhidlərimizin, qazilərimizin sayəsində şanlı zəfər tariximiz yazıldı. Düşməndən azad edilmiş ərazilərimizə Sizin diqqət və qayğınız altında Böyük Qayıdış başlayıb.
Azad olunmuş ərazilərə səfər etmək, həmin yerləri yenidən görmək hər bir Azərbaycan vətəndaşı kimi mənim də arzum idi. Şükürlər olsun ki, Azərbaycan Ağsaqqallar Şurasının dəstəyi ilə Şuşa və Laçın şəhərlərini ziyarət etdik. Gövhər Ağa məscidində olduq, Cıdır düzünə qalxdıq, İsa bulağından su içdik, Vaqifin məqbərəsini ziyarət etdik, Laçının Zabux kəndində də olduq. İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti, abadlıq işləri bizi sevindirdi, fərəhləndirdi.
Ata vəsiyyətini yerinə yetirərək xalqı xoşbəxt etdiyinizə görə Sizə minnətdarıq. Tərtər rayonunun bütün ağsaqqalları adından Sizə təşəkkür edir, çox sağ ol deyirik.
Tanrı Sizi qorusun.
Hörmətlə,
Umudov Maarif Təhməz oğlu.
Azərbaycan Respublikası, Tərtər rayonu, Azad Qaraqoyunlu kəndi.