09 avqust 2024, 19:00

Rafael Hüseynovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Yüksək diqqətinizə görə - məni "Şərəf” ordeni ilə təltif etdiyiniz üçün Sizə çox minnətdaram!

Orden və medalların, ən müxtəlif təltiflərin fəlsəfəsi yalnız hansısa layiqli insanları müəyyən xidmətlərinə görə sevindirib qanadlandırmaq yox, həm də onları dövlət və xalq qarşısında daha artıq səfərbər etmək, daha fədakar çalışmağa ilhamlandırmaqdır. Azərbaycan dövlətinə xidmət zamanı ömrümdən keçən illər ərzində bu orden mənə verilən ilk ali mükafatdır, həmin təltif sərəncamının altında Sizin şərəfli imzanız dayanır, ona görə də bu məqamda sadəcə dərin təşəkkürlərimi ifadə etmək bəs olmaz. Vaxt elə gətirib ki, tarixin yeni səhifəsindən, XXI əsrin başlanğıcından mənə Sizin rəhbərliyinizlə işləyib irəliləmək nəsib olub. Bu 24 illik yol boyunca Sizin bir şəxsiyyət, dövlət xadimi olaraq daim yüksəldiyinizə və Azərbaycanı yüksəltdiyinizə şahid olmuşam, həmişə bununla qürur duymuşam.

Avropa Şurasında növbəti səfərlərimizdən birindən sonra nümayəndə heyətimizi unudulmaz Heydər Əliyev qəbul edirdi və o gün mən Ulu Öndərə müraciətlə nümayəndə heyətimizin rəhbərinin hansı üstün zəkaya və qabiliyyətlərə malik olması ilə bağlı Strasburqdakı müşahidələrimdən danışmışdım. Qəlbimin bütün səmimiyyəti ilə demişdim ki, Siz belə üstün övladınızın olması ilə fəxr edə bilərsiniz. Bu gün mən həmin sözləri Azərbaycanın hər qədirbilən insanına tam qətiyyətlə söyləyə bilərəm ki, millətimiz indi və gələcəkdə İlham Əliyev kimi bir övladının və rəhbərinin varlığı ilə iftixar etməlidir.

Siz heç kimin edə bilmədiyini etmisiniz. Bu hünər yalnız onillərlə əsarətdə qalmış torpaqlarımızı düşmən tapdağından xilas etmək, Azərbaycanın tarixi qismətində son iki yüz il ərzindəki ən açılmaz düyünə çevrilmiş bir müşkülə son qoymaqdan ibarət deyil. Əlbəttə, yaratdığınız güclü ordu ilə yanaşı əzminiz, istedadınız, qətiyyətinizlə özünüzün də ikinci bir orduya çevrilərək, zəfər qazanmağınız Vətən və millət tarixinin qızıl səhifələrində həmişə yaşayacaq, Sizi Fateh Öndər kimi daim sevgi ünvanı edəcək. Ancaq Sizin daha böyük hünəriniz və daha misilsiz qələbəniz bütöv dünya tarixində tək-tək liderə nəsib olmuş başqa bəxtiyarlıqdır - Siz bu millətin düşüncəsini, ruhunu, təbiətini dəyişdiniz, bu xalqın milli ləyaqət və qürur hissini diriltdiniz, başqa xalqların da bu ölkəyə və xalqa münasibətində ehtiramı bərqərar etdiniz, ölkə-ölkə səpilmiş xalqı mənən birləşdirdiniz. Əsl möcüzə məhz budur!

Bizə, sıradan olan insanlara təltifləri, orden-medalları Siz verirsiniz, bəs bu nəhənglikdə qüdrət və xidmət sahibinə hansı orden, hansı təltif düşür, onu kim verməlidir? Əlbəttə ki, tarix və millətin böyük ruhu! Belə bir rəhbəri, belə bir şəxsiyyəti, belə bir soydaşı sevməmək, onunla qürrələnməmək, onun böyük yolunda bütün mübarizələrə daim hazır olmamaq mümkündürmü?!

Sizə bir daha dövlət, millət və yurd naminə bütün parlaq və müstəsna əməllərinizə görə minnətdarlıq edirəm!

Düşüncəmlə, ürəyimlə, sədaqətimlə sonadək Sizinləyəm!

Dərin hörmət və ehtiramla,

Rafael Hüseynov,

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.