Cəmilə Cavadova-Spitzberqdən, Texas, ABŞ
Hörmətli cənab Prezident.
Mən 23 ilə yaxındır Amerika Birləşmiş Ştatlarının Texas ştatında yaşayıram, Texas Arlinqton Universitetinin professoruyam. ABŞ-da klassik Azərbaycan musiqisini və Azərbaycanda klassik Amerika musiqisini təbliğ edən qeyri-kommersiya təşkilatı olan Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisiyəm. Təşkilatımız vasitəsilə biz mədəni körpülər qurur, musiqiçiləri bir araya gətirir və əməkdaşlıq edirik.
Bu il sentyabrın 9-dan 11-dək Dünya Azərbaycanlıları Alimlər Assosiasiyasının təşkilatçılığı ilə Bakıda keçirilmiş Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumuna mən də dəvət edilmişdim və bu tədbirdə iştirakdan məmnun oldum.
Forum mənə çox gözəl təəssürat bəxş etdi. Həmkarlarımla görüşmək, bilik və təcrübə mübadiləsi aparmaq, alim yoldaşlarımın nailiyyətləri ilə tanış olmaq, xüsusən də dünya elminə töhfə verən azərbaycanlı qadın alimlərin uğurlarının şahidi olmaq məni çox sevindirdi. Ümid edirəm ki, Azərbaycan elminin dünya miqyasında gələcək inkişafı gənc alimlərin böyük nailiyyətlər qazanmasına töhfə verəcəkdir.
Şuşa və Xankəndi şəhərlərinə səfər etmək, Qarabağ Universiteti ilə tanış olmaq məndə dərin təəssürat yaratdı. Bu, xüsusilə ürəyimcə oldu, çünki mənim anam Şuşa şəhərindəndir və bu şəhər ermənilər tərəfindən işğal edilməmişdən əvvəl Ağdamın musiqi məktəbində dörd il dərs demişəm. Bu gün Sizin müdrik rəhbərliyinizlə Qarabağ azaddır, gələcəyi parlaqdır.
Azərbaycanın gələcəyi, o cümlədən siyasi, iqtisadi, elm və təhsil sahələri ilə bağlı baxışlarınızı yüksək qiymətləndirirəm. Sevimli Azərbaycanımız üçün etdiyiniz bütün fədakarlıqlara görə Sizə təşəkkürümü bildirirəm.
Əmin ola bilərsiniz ki, xaricdə yaşayan azərbaycanlı alimlər Sizi dəstəkləyirlər və daim Sizin yanınızdadırlar.
Hörmətlə,
Cəmilə Cavadova-Spitzberq, professor.
Amerika Birləşmiş Ştatları, Texas ştatı, Arlinqton şəhəri.