02 oktyabr 2024, 17:00

Süleyman Allahverdiyevdən, Moskva, Rusiya

Hörmətli cənab Prezident.

Bu sətirləri Sizə – qalib ölkənin qalib Ali Baş Komandanına böyük hörmət və minnətdarlıq hissi ilə yazıram. Siz öz “dəmir yumruğ”unuzla qətiyyətinizi, şücaətinizi bütün dünyaya sübut etdiniz. Sizin uzaqgörən və məqsədyönlü siyasətiniz sayəsində Azərbaycan həm regional, həm də beynəlxalq arenada böyük uğurlara imza atır. Bu, bir azərbaycanlı alim kimi məni çox sevindirir.

Xaricdə yaşayan azərbaycanlı alimlərin əməkdaşlığı və inkişafı üçün yaratdığınız şərait bizə böyük dəstək və stimul verir. Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun təşkil olunmasına verdiyiniz şəxsi dəstəyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin tərəfinizdən göstərilən bu cür diqqət və qayğı, xaricdə yaşayan azərbaycanlı alimlərin öz bilik və bacarıqlarını Azərbaycan xalqının və Azərbaycan dövlətinin inkişafına yönəltməsinə səfərbər edir, stimul yaradır. Bu cür tədbirlər Azərbaycan elminin beynəlxalq səviyyədə tanınması, alimlər arasında əməkdaşlığın gücləndirilməsi və doğma Azərbaycanımıza daha çox fayda vermək məqsədilə bilik, bacarıq və təcrübəmizi bölüşmək üçün geniş meydan açır.

Cənab Prezident, xaricdə yaşayan alimlərə göstərilən bu etimad həm də bizim üzərimizə böyük məsuliyyət qoyur. Mən də bu etimadı yüksək qiymətləndirir və Sizin rəhbərliyiniz altında Azərbaycan elmini daha yüksək səviyyələrə qaldırmaq üçün bütün imkanlarımı səfərbər etməyə hazır olduğumu bildirirəm. Mən də bir alim kimi öz bilik və təcrübəmi ölkəmizin elmi-texnoloji inkişafına yönəltməyə, Azərbaycanımızın dünya səviyyəsində daha da tanınması, şöhrətlənməsi və rəqabət qabiliyyətinin artırılması üçün Sizin göstərdiyiniz etimadı doğrultmağa çalışacağam. Elmi tədqiqatlarımızın nəticələrinin Vətənimiz üçün faydalı olacağına və ölkəmizin dünya elm məkanında öz mövqeyini daha da gücləndirəcəyinə çox böyük ümid edir və inanıram. Bu istiqamətdə bizə göstərdiyiniz dəstək və yaratdığınız imkanlar üçün Sizə ən xoş arzularımı bildirir, bir daha səmimi minnətdarlığımı çatdırıram.

Sizə və ailənizə möhkəm cansağlığı, hərtərəfli fəaliyyətinizdə davamlı uğurlar və Azərbaycan xalqının rifahı naminə yorulmadan gördüyünüz məqsədyönlü işlərdə böyük nailiyyətlər arzulayıram.

Dərin hörmət və ehtiramla,

Süleyman Allahverdiyev (İfxanoğlu),

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Federasiyasının Əməkdar elm xadimi, Beynəlxalq qlobal enerji mükafatı laureatı, biologiya elmlər doktoru.

Rusiya Federasiyası, Moskva şəhəri.