Musa Nəbioğludan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Ölkəmizin paytaxtı Bakı şəhərinin ən gözəl guşələrindən birində aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin ucaldılması Sizin ədəbiyyatımıza, mədəniyyətimizə və incəsənətimizə, bütövlükdə milli-mədəni sərvətimizə göstərdiyiniz daimi qayğı və diqqətin daha bir göstəricisidir. Aşıq sənətinin xalqımızın milli-mədəni sərvəti kimi 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi də məhz Sizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sənətə göstərdiyi qayğı və diqqət sayəsində mümkün olmuşdur.
Möhtərəm Prezident, 2024-cü il sentyabrın 30-da açılışını etdiyiniz bu abidə Aşıq Ələsgər şəxsiyyətinə, yaradıcılığına, ədəbi irsinə böyük ehtiram olmaqla yanaşı, həm də bütövlükdə aşıq sənətinə verilən qiymət kimi əvəzsizdir. Tədbirdəki gələcəyə ünvanlı proqram xarakterli çıxışınız isə rəhbərliyiniz altında respublikamızın daha böyük uğurlara imza atacağına, bu təntənənin bir gün Aşıq Ələsgərin doğma yurdunda da olacağına inamımızı artırır: “...bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”.
Möhtərəm Prezident!
Mədəniyyətimizin bütün sahələri kimi, aşıq sənətini və bu sənətin daşıyıcılarını da daim diqqətdə saxlayıb öz qayğınızı əsirgəmədiyinizə görə Sizə saz-söz ictimaiyyəti və şəxsən öz adımdan dərin təşəkkür edir, ölkəmizin işıqlı sabahı naminə yorulmaz və fədakar fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Musa Nəbioğlu,
Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi.
Azərbaycan Respublikası, Bakı şəhəri.