Səadət Kərimidən, Göteborq, İsveç
Möhtərəm cənab Prezident!
Sentyabr ayında Bakı şəhərində Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun keçirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Sizin müdrik rəhbərliyinizlə, məqsədyönlü strategiyanız çərçivəsində həyata keçirilən bu böyük layihə hər birimizə çox böyük iftixar hissi yaşatdı, güc və əzm verdi.
Zati-aliləri! Bu forumda qarşıya qoyulan məqsədlərə nail olundu və yeni böyük strategiyaların təməli qoyuldu. 2022-ci ildə Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) yarandı və mən həmin təşkilatın İdarə Heyətinə Avropa Birliyi ölkələri, özəlliklə Skandinaviya ölkələri üzrə məsul şəxs seçildim. Bu iki il ərzində biz xaricdə uğurlu fəaliyyət göstərən bir çox azərbaycanlı alimləri təşkilatımıza cəlb etməyə, şəbəkə yaratmağa, Azərbaycanda elm və təhsilinin səviyyəsini yüksəldib dünyanın aparıcı elm və təhsil ocaqlarına çevrilməsi istiqamətində strategiya müəyyən etməyə, ölkəmizdəki universitetlərlə əməkdaşlıq etməyə çalışdıq. Vətənpərvər alimlərimizi bu işə cəlb etməkdə başlıca meyarımız Azərbaycan dövlətinə xidmət etmək olmuşdur.
Cənab Prezident, Siz dünyada tanınmış siyasi xadimsiniz və mən İsveçdə Göteborq Universitetində işləyən bir alim kimi hər zaman bununla fəxr edirəm. Tədbirin keçirildiyi günlər xaricdə yaşayan azərbaycanlı alimlərə göstərdiyiniz diqqətə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Forum dünyadakı azərbaycanlı alimlər üçün tarixi hadisə olmaqla yanaşı, həm də ölkəmizin intellektual qüdrətinin yüksəldilməsi və möhkəmlənməsi naminə bütün dünyadakı azərbaycanlı alimlərinin əsl birliyinin başlanğıc nöqtəsidir.
Forumun açılışından əvvəl mən də bütün iştirakçılar kimi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və Şəhidlər xiyabanında Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın xatirəsini ehtiramla yad etdim və çox duyğulandım. Allah Ulu Öndərimiz Heydər Əliyevə rəhmət etsin. Ömür boyu ona duaçıyıq. Onun ideologiyasına xidmət etmək və qoyduğu yolu getmək bizim üçün müqəddəs və danılmaz yoldur. Bütün bunlar məhz Sizin məharətli Ali Baş Komandanlığınız və Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri sayəsində reallaşdı. Bu səbəbdən Sizə və Mehriban xanıma sonsuz təşəkkürümü bildirirəm və Sizi əmin edirəm ki, yürütdüyünüz siyasəti hər zaman dəstəkləyəcək, ömür vəfa etdiyi müddətdə canla-başla Vətənə xidmət edəcəyəm.
Forumun yekun günündə Xankəndi və Şuşaya səfərimiz, Qarabağ Universitetinin rektoru və kollektivi ilə görüşümüz bizdə böyük təəssürat oyatdı. Alimlər Qarabağ Universiteti ilə elmi əməkdaşlığın qurulması və burada qabaqcıl elmi biliklərdən istifadə imkanları ətrafında fikir mübadiləsi aparıblar. Sizə salamımız və müraciətimiz Xankəndi şəhərində səsləndirildi. Bütün bu hadisələri, həmçinin bizim xaricdəki kollektivimiz də sosial medialar vasitəsilə izləyirlər. İndi biz hər zamankından daha başı uca və vüqarlı yaşayırıq.
Cənab Prezident, Sizə bir daha Vətənimizin artan beynəlxalq nüfuzunun bariz sübutu olan Forumumuza göstərdiyiniz diqqətə görə sonsuz minnətdarlığımı bildirirəm. Sizə cansağlığı, uzun ömür, dövlət başçısı kimi çətin və müqəddəs işinizdə uğurlar və müvəffəqiyyətlər arzu edirəm.
Hörmətlə,
Səadət Kərimi, Fizika-riyaziyyat elmləri doktoru, İsveçin Göteborq Universitetinin dosenti, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin üzvü, İsveçdə “Qobustan” – Azərbaycan Aydınlar Ocağı” diaspora təşkilatının rəhbəri.
İsveç Krallığı, Göteborq şəhəri.