Abbas Bağırovdan, Bakı, Azərbaycan
Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident!
Dədə Qorquddan bu günədək xalqımızın sədaqət və qəhrəmanlıq salnamələrini dastan və rəvayətlər şəklində gətirib çıxaran ozan-aşıq sənətinə verdiyiniz yüksək qiymətlə milli ruhumuzun sarsılmazlığına dayaq olduğunuzu bir daha göstərdiniz.
Görkəmli el sənətkarı – ustad Aşıq Ələsgər yaradıcılığının təbliğ, təhlil və tədris olunması əsasən Ulu Öndərimizin adı ilə bağlıdır. Siz, Dədə Ələsgərin Bakı şəhərinin gözəl bir guşəsində möhtəşəm abidəsini ucaltmaqla tarixən acı yaşamış Qərbi Azərbaycan kökənli soydaşlarımızın ürəklərinə su səpdiniz. Ümidlərimiz böyüdü, təsəllimiz çoxaldı. Bu hisslər bizə Ümummilli Liderimiz Heydər Əliyev dühası tərəfindən də vaxtilə yaşadılıb.
Heykəlin açılış mərasimində olan tarixi çıxışınızda Qərbi Azərbaycan camaatını böyük qayıdışla bağlı fikirlərinizlə bir daha sevindirmiş oldunuz.
Əzizimiz Heydər İlham oğlu Əliyevin də Sizinlə bərabər Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etməsi gənc nəslimizin ümidlərinə və gələcəyinə işıq saçan parlaq meyar kimi qəbul olunur.
Aşıq Ələsgərin abidəsini ucaltmaqla bir çox əlamətdarlığı ilə səciyyələnən bu tarixi xoşbəxtliyi bizə yaşatdığınıza görə çoxsaylı soydaşlarımız adından minnətdarlığımızı qəbul etməyinizi Sizdən xahiş edirəm.
Xudavəndi-aləm hər an dayağınız olsun!
Hörmətlə,
Bağırov Abbas Əli oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri.