09 oktyabr 2024, 11:57

Vətən Müharibəsi Qəhrəmanından, Abşeron, Azərbaycan

Hörmətli Ali Baş Komandan!

2023-cü il sentyabrın 20-si Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir. Həmin gün Ordumuza verdiyiniz tapşırığa əsasən, Sizin komandanlığınızla lokal xarakterli antiterror əməliyyatı keçirildi. Qarabağ Zəfərinin davamı olaraq, bir gün belə çəkməyən antiterror tədbirləri nəticəsində torpaqlarımız separatçılardan tamamilə təmizləndi, dövlətimiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Özümü xoşbəxt hiss edirəm ki, az da olsa mən də Vətənimizin bütövlüyü uğrunda döyüşmüşəm və layiq gördüyünüz Vətən Müharibəsi Qəhrəmanı adını daşıyıram. Biz üzərimizdə hər an Sizin qayğınızı hiss edirik. Fəxr edirik ki, Tanrı xalqımıza Sizin kimi müdrik Prezident, Ali Baş Komandan bəxş edib.

20 sentyabr tarixinin hər il Dövlət Suverenliyi Günü kimi qeyd olunması barədə imzaladığınız Sərəncam bizim də ürəyimizcə oldu. Həmin gün düşmən diz çökdü, tam zəfər çaldıq. Bu, bizim böyük tariximizdir. 20 sentyabr tarixi heç vaxt unudulmamalıdır, xalqımızın və eyni zamanda, düşmənlərimizin yaddaşına əbədi həkk olunmalıdır. Bu tarixi əbədiləşdirdiyiniz üçün Sizə minnətdarıq.

Hörmətlə,

Ağayev Qəzənfər Mahmud oğlu,

Vətən Müharibəsi Qəhrəmanı.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.