Pərvin Kərimzadədən, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Odlar Yurdu Azərbaycan Sizin rəhbərliyinizlə davamlı inkişaf edir və böyük qələbələrə imza atır. Sizin müdrik daxili və xarici siyasətiniz, qətiyyətli addımlarınız müsbət nəticələrini verir. Sizin Azərbaycan üçün etdikləriniz misilsizdir. Doğma ölkəmizin keçdiyi inkişaf yoluna nəzər salanda təəccüblənməmək mümkün deyil. Son 30 il ərzində biz haradan haraya gəlmişik?
Siz heç bir liderin edə bilmədiyini etmisiniz. Bu hünər yalnız son iki yüz ildə açılmaz düyünə çevrilmiş bir müşkülə son qoymaqdan ibarət deyil. Sizin ən böyük hünəriniz bütöv dünya tarixində tək-tək liderə nəsib olmuş başqa bir xoşbəxtlikdir. Siz bu xalqın milli ləyaqət və qürur hissini alovlandırdınız, millətin düşüncəsini, ruhunu dəyişdiniz. Hər liderə nəsib olmayan hünər, əsl möcüzə bax budur!...
Cənab Prezident, Sizin qədəm qoyduğunuz hər bir yer gülüstana çevrilir. İşğaldan azad edilmiş torpaqlarımız buna bir nümunədir. Düşmənin viran qoyduğu yerlər Sizin tapşırıqlarınız əsasında cənnətə çevrilir, yeni-yeni binalar və sosial infrastruktur obyektləri məhz Sizin xeyir-duanızla insanların üzünə açılır.
Cənab Prezident, bu gün Azərbaycan Respublikası öz qüdrətli günlərini yaşayır. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu və çəkisi artır. Dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etməyimiz dövlətimizin iqtisadi qüdrətini göstərir.
Yaxın günlərdə Azərbaycan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi edəcək. Bu, ən böyük uğurlarımızdan biridir. Sizin uzaqgörən siyasətiniz və əzmkarlığınız sayəsində Azərbaycan regionda ekoloji problemlərin həlli yolunda əhəmiyyətli addımlar atır və beynəlxalq aləmdə nümunə göstərilir.
Gələcək nəsillərə daha yaşıl, təmiz bir dünya bəxş etmək üçün atdığınız addımlara, dövlət, millət naminə gördüyünüz bütün parlaq və bənzəri olmayan müstəsna işlərə görə Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Ulu Tanrı Sizi qorusun!
Dərin hörmət və ehtiramla,
Pərvin Kərimzadə,
Milli Məclisin deputatı.
Azərbaycan Respublikası, Gəncə şəhəri.