Zaur Əliyevdən, Münster, Almaniya
Hörmətli cənab Prezident.
Biz Avropa Azərbaycan Mərkəzi olaraq, COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində etdiyiniz strateji və qətiyyətli çıxışınızı tam dəstəkləyirik. Təşkilatımız bu çıxışın, Azərbaycanın qlobal arenada iqlim dəyişikliyi və neokolonializm mövzusunda ədalətli mövqeyini əks etdirdiyini və kiçik ada dövlətlərinə səmimi dəstəyin ifadəsi olduğunu dərk edir.
Cənab Prezident, çıxışınızda xüsusilə qeyd etdiyiniz kimi, kiçik ada dövlətləri iqlim dəyişikliyinin ağır nəticələrini daha dərindən hiss edir. Azərbaycan Respublikasının bu dövlətlərə verdiyi dəstək – həm təhsil, həm iqtisadi və humanitar sahələrdə göstərilən yardımlar, ölkəmizin qlobal problemlərin həllində fəal iştirakını bir daha sübut edir. Biz, Avropa Azərbaycan Mərkəzi olaraq, Azərbaycanın bu sahədəki təşəbbüslərini dəstəkləyir və bir təşkilat olaraq bu istiqamətdə həmrəylik nümayiş etdiririk.
Bununla yanaşı, çıxışınızda Fransa və Niderlandın müstəmləkəçiliyinə dair irəli sürdüyünüz mövqeyinizi də qətiyyətlə dəstəkləyirik. Neokolonializm məsələsinə diqqət çəkməyiniz, Azərbaycanın ədalətli və insan haqlarına əsaslanan mövqeyini beynəlxalq ictimaiyyətə təqdim edir. Biz, bu prinsipial mövqeyinizin digər ölkələr üçün də bir nümunə olacağına inanırıq.
Avropa Azərbaycan Mərkəzi olaraq, Azərbaycan Respublikasının iqlim dəyişikliyi, insan hüquqları və bəşəri problemlər qarşısında ədalətli mövqeyini dəstəkləməyə davam edəcəyimizi və ölkəmizin beynəlxalq arenada daha da güclənməsi üçün hər zaman yanında olacağımızı bir daha bəyan edirik.
Dərin hörmət və ehtiramla,
Zaur Əliyev,
Avropa Azərbaycan Mərkəzinin sədri
Almaniya Federativ Respublikası, Münster şəhəri.