27 noyabr 2024, 11:32

Hikmət Mirzəzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi və Azərbaycan xalqını COP29 Konfransının yüksək səviyyədə təşkili və uğurla başa çatdırılması münasibətilə ürəkdən təbrik edirəm. Bu mötəbər beynəlxalq tədbirin Bakıda keçirilməsi ölkəmizin qlobal arenadakı artan nüfuzunun və ekoloji problemlərin həllində fəal rol oynamağa hazır olduğunun bariz nümunəsidir.

Konfrans zamanı qəbul edilən qərarlar və əldə olunan razılaşmalar dünyamız üçün böyük əhəmiyyət kəsb edir. Sizin rəhbərliyiniz altında Azərbaycan növbəti dəfə qlobal problemlərin həllində təşəbbüskar və prinsipial mövqe sərgilədi. Bu isə, şübhəsiz, ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirir.

Eyni zamanda, Qərbin bəzi dairələrinin ölkəmizə qarşı apardığı çirkin planlar və təxribat cəhdləri bir daha iflasa uğradı. Azərbaycan xalqının iradəsi, Sizin uzaqgörən liderliyiniz və dövlətçiliyimizin möhkəm dayaqları bu kimi mənfi təsirləri dəf etməyə imkan verdi.

Siz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsiplərinin layiqli davamçısı olaraq, Azərbaycanın müstəqilliyini və milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, ölkəmizi yeni zirvələrə aparırsınız. Azərbaycan xalqı Sizin rəhbərliyinizlə həm milli, həm də beynəlxalq səviyyədə böyük uğurlara şahidlik edir.

Sizi bir daha ürəkdən təbrik edir, Azərbaycanımızın daha böyük uğurlara imza atacağına inamımı ifadə edirəm. Sizə möhkəm cansağlığı, tükənməz enerji və işlərinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Dərin hörmət və ehtiramla,

Mirzəzadə Hikmət Rasim oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri