27 noyabr 2024, 13:34

Cəlil Xəlilovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Azərbaycanın ev sahibliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Bakıda yüksək səviyyədə keçirilməsi Azərbaycan dövlətinin, onun Prezidentinin növbəti böyük uğurudur. Azərbaycanın dinamik inkişafını, müstəqil siyasətini qısqanclıqla qarşılayan, Cənubi Qafqazın lider dövlətinə çevrilməsindən təşvişə düşən bəzi dövlətlərin və dairələrin bu dünyamiqyaslı beynəlxalq tədbirə mane olmaq cəhdlərinə baxmayaraq, COP29-a 196 ölkədən 72 min iştirakçının qatılması, onların arasında 80 nəfər yüksək səviyyəli qonağın - prezident, vitse-prezident, baş nazir və nazirlərin olması məhz Sizin yüksək beynəlxalq nüfuzunuzun, ardıcıl səylərinizin nəticəsidir. Biz veteranlar Azərbaycanın bəşəriyyətin gələcəyi ilə birbaşa bağlı olan mühüm bir məsələdə dünyanın sözü eşidilən ölkələrindən biri kimi qəbul edilməsindən, mühüm qlobal səylərə öz töhfəsini vermək əzmindən qurur duyur, bizə bu iftixarı yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu genişmiqyaslı tədbirin mühüm nəticələrindən biri də Azərbaycanın dünyada, xüsusən enerji sahəsində “yaşıl keçid”in ardıcıl və qətiyyətli tərəfdarı kimi tanınması oldu.

Möhtərəm cənab Prezident!

COP29-un böyük uğuru bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq arenada fəal rol oynamağa, insanlığın və ümumən dünyanın xilasına yönəlmiş təşəbbüslərə mühüm töhfələr verməyə qadir, sözünü əməli ilə təsdiqləməyi bacaran dövlətdir. Bütün bunlar belə bir həqiqəti uca səslə deməyə əsas verir ki, ölkəmizin xeyirxah səylərinin düzgün dəyərləndirilməsi həm regional, həm də beynəlxalq miqyasda mövcud problemlərin həllinə yardımçı olmasına, “yaşıl” və təhlükəsiz dünya naminə təşəbbüslərin gerçəkləşməsinə daha münbit şərait yarada bilər. Məhz Azərbaycanın səyləri ilə COP29-un bəşəriyyətin gələcəyi və firavanlığı üçün başlıca diqqəti dayanıqlı inkişaf məqsədlərinə, iqlim maliyyələşməsinin məcburi məsələyə çevrilməsi istiqamətində addımlar atılmasına yönəltməsi xüsusi əhəmiyyətə malik olmaqla, bu qənaətimizi bir daha təsdiq edir.

Azərbaycanın COP29 vasitəsilə yaşıl texnologiyalar, davamlı enerji həlləri, bərpaolunan enerji layihələri, ekoloji turizmin genişləndirilməsi və ekoloji maarifləndirmə təşəbbüslərini təşviq etməsi də xüsusi qeyd olunmalıdır. O da qürur doğurur ki, COP29-a qatılan çoxsaylı ekspertlər və iştirakçılar onun uzunmüddətli təsirlərinə dair müzakirələrdə Azərbaycan təcrübəsinin nəticələrinin ölkə və dünya üçün strateji əhəmiyyətini, gələcək beynəlxalq tədbirlər üçün nümunə ola biləcəyini xüsusi vurğulamışlar.

Qlobal iqlim dəyişikliyi ilə mübarizədə dünya səviyyəsində ən əhəmiyyətli və genişmiqyaslı proseslərdən olan COP29-da yalnız hökumət rəsmiləri deyil, həmçinin qeyri-hökumət təşkilatları, elmi dairələr, vətəndaş cəmiyyəti, özəl sektor nümayəndələri və media təmsilçilərinin iştirakı, hər kəsin eyni mövzu ətrafında və vahid məqsədlə bir araya gəlməsi, iqlim məsələlərinin daha ətraflı və hərtərəfli şəkildə müzakirə olunmasına imkan yaratmaqla, insanlığın gələcəyinə taleyüklü mesajlar ünvanlamışdır.

Möhtərəm cənab Prezident!

Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə bütün cəmiyyətlərin səfərbər olunmasında, iqlim diplomatiyasının güclənməsində qlobal miqyaslı iştirakçıya çevrildiyi bu tədbirin Azərbaycana geniş investisiyalar və beynəlxalq əməkdaşlıq sahəsində yeni imkanlar gətirəcəyinə, onun beynəlxalq nüfuzunu daha da yüksəldəcəyinə inanır və bu uğurların əldə olunmasına görə Sizə çoxsaylı veteranlar adından bir daha minnətdarlığımızı bildiririk.

Dərin hörmət və ehtiramla,

Xəlilov Cəlil, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.