28 noyabr 2024, 19:10

Yermantay Sultanmuratdan, Qazaxıstan

Hörmətli cənab Prezident.

Yenilənmiş türk sivilizasiyasının birliyi və dirçəlişi naminə 1991-ci ildən fəaliyyət göstərən, türk xalqlarının vətənpərvərlərini birləşdirən “Ümumdünya Türk Xalqları Assambleyası” Beynəlxalq İctimai Təşkilatının üzvləri adından Sizi, bütün Azərbaycan xalqını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının – COP 29-un uğurla başa çatması münasibətilə təbrik edirəm.

Yaradanımızın bəxş etdiyi planetin qorunub saxlanması üçün ilahi hərəkat sayılan bu Konfrans ona sədrlik edən, ədalət və milli maraqlar uğrunda çoxəsrlik mübarizə aparan Azərbaycanın rəhbərliyinin diplomatik qətiyyəti sayəsində müsbət, uğurlu göstəricilərlə başa çatdı.

İnanırıq ki, “bəşəriyyət üçün sığorta siyasəti” adlandırılan sessiyanın nəticəsi ümumi evimiz olan Yer kürəsini xilas etmək, onu yaşatmaq istəklərinin həyata keçirilməsində ümidverici hadisəyə çevriləcək.

Türk ailəsinin görkəmli nümayəndəsi olan, humanist Azərbaycan xalqının belə bir iclasa sədrlik etməsi bütün türklər üçün qürurverici hadisədir.

Bəzi imperialist və antitürk qüvvələrin dəstəklədiyi ermənilərin təcavüzü nəticəsində dədə-baba torpaqları işğal olunmuş Azərbaycan xalqı görkəmli Lider Heydər Əliyevin və Sizin rəhbərliyiniz, qətiyyətli və düzgün siyasətiniz sayəsində bu mübarizədən qalib çıxdı. Türk dünyası bu yolda hər zaman Azərbaycanı dəstəkləyirdi.

Hesab edirik ki, COP29 konfransı Azərbaycanın, türkçülük potensialının dünyanın qlobal, ahəngdar, ədalətli və humanist, kainatın mənşəyindən gələn impulslarla harmoniyada yaşamağa başlayacaq sivilizasiyaların noosfer mərhələsinə çevrilməsində uğurlu fəaliyyətinin başlanğıcıdır.

Döyüş meydanında öz imkanlarını bütün dünyaya nümayiş etdirən Azərbaycan COP29 konfransını uğurla başa vuraraq ümumbəşəri dəyərlərə sədaqətini tərənnüm etməklə BMT-nin humanist vəzifələrinin icrasında da öz qətiyyətini göstərmişdir.

Möhtərəm Prezident, Assambleyamız Sizə və bütün Azərbaycan xalqına əmin-amanlıq, firavanlıq, bundan sonra da bəşəriyyətin planetar problemlərinin həllində yüksək mənəviyyatı ilə iştirak arzulayır.

Hörmətlə,

Yermantay Sultanmurat,

Akademik, Ümumdünya Türk Xalqları Assambleyasının prezidenti.

Qazaxıstan Respublikası, Türküstan vilayəti.