02 dekabr 2024, 14:40

Cümşüd Kərəmovdan, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident!

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda uğurla keçirilməsi münasibətilə Sizə minnətdarlığımızı bildiririk. Həmin sessiyada tarixi və möhtəşəm çıxışınıza görə Sizi təbrik edirik. Sizin çıxışınızla qürur duyduq. COP29-un belə yüksək səviyyədə keçirilməsi Sizin rəhbərliyinizlə ölkəmizin əldə etdiyi daha bir möhtəşəm nailiyyətdir.

Siz bir daha dünyaya sübut etdiniz ki, bütün xalqlara və dövlətlərə bərabər yanaşma nümayiş etdirirsiniz. Bütün dünya bunu bir daha gördü. 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyümüzü bərpa etməyimizə imkan vermək istəməyən və əldə etdiyimiz qələbələrimizi həzm edə bilməyən Fransa kimi dövlətlərin COP29-u boykot etmək cəhdləri boşa çıxdı. Bəzi dövlətlər bu gün qurucu bir həyatla yaşayan, qədim tarixi və zəngin mədəniyyəti olan, otuz il işğal altında saxlanılan torpaqlarını öz gücü ilə azad edən, ərazi bütövlüyünü bərpa edən qürurlu və məğrur bir xalqın vətəni olan ölkəmizi təkləmək istədilər, lakin niyyətləri ürəklərində qaldı. Sizin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki tarixi və möhtəşəm çıxışınızda Fransa, Niderland kimi ölkələrin müstəmləkəçilik siyasəti həyata keçirdiyini və bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən bəzi xalqların əziyyət çəkdiyini və iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasında olduqlarını qeyd etdiniz. Sammit iştirakçılarını çıxışınız vaxtı müstəmləkə hakimiyyətindən əziyyət çəkən xalqları alqışlamağa dəvət etməyiniz təqdirəlayiq idi.

COP29-un belə möhtəşəm keçirilməsi Sizin bu günədək apardığınız uğurlu siyasətin nəticəsidir. Siz həm siyasi müstəvidə, həm diplomatik müstəvidə və həm də döyüş meydanlarında həmişə qələbələr qazanmısınız. Bunun nəticəsidir ki, dövlətimiz ən qüdrətli dövrünü yaşayır. Siz daim Azərbaycan xalqının yanındasınız, həmişə diqqət və qayğı göstərirsiniz. Azərbaycan xalqının firavanlığı və əmin-amanlığı üçün çalışırsınız və bunun nəticəsidir ki, xalqımız da özünün xoşbəxt gələcəyini daim Sizinlə görür.

Hörmətlə,

Cümşüd Kərəmov

Azərbaycan Respublikası, Lənkəran rayonu, Kərgəlan kəndi.