Ramilə Mahmudovadan, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident!
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə ev sahibliyi etməsi münasibətilə “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi adından Sizə səmimi təbriklərimi çatdırır, ümumbəşəri amallara xidmət edən belə mötəbər tədbirin təşkilinə görə təşəkkürümü bildirirəm.
Sizin tərəfinizdən elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”nə təsadüf edən COP29-un yüksək səviyyədə təşkil olunması ölkəmizin beynəlxalq arenada müasir ekoloji siyasət sahəsindəki liderliyini bir daha təsdiqlədi. COP29 ekoloji problemlərin ətraflı müzakirəsi ilə yanaşı, qlobal iqlim dəyişikliyinin insan hüquqlarına, xüsusilə də əhalinin sosial cəhətdən həssas qruplarına, o cümlədən əlilliyi olan şəxslərin həyatına göstərdiyi təsirlərin daha geniş müstəvidə diqqətə çatdırılması ilə də yadda qaldı. Bu baxımdan, Sizin müdrik rəhbərliyinizlə ölkəmizdə aparılan sosial və inklüziv siyasətlərin uğurlu nəticələrini görmək əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına dair atılan addımların və göstərilən dəstəyin əhəmiyyətini xüsusi vurğulamağa imkan yaradır.
Təqdirəlayiq haldır ki, Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəal dəstəyi ilə ölkəmizdə inklüziv cəmiyyətin qurulması və əlilliyi olan şəxslərin hüquqlarının qorunması istiqamətində həyata keçirilən sosial-humanitar layihələr, həmçinin onun beynəlxalq platformalarda bu məsələlərə verdiyi dəstək hər zaman bizim üçün ilham mənbəyidir.
Müasir dövrdə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün insan hüquqlarının müdafiəsi, sosial inklüzivliyin gücləndirilməsi, iqlim dəyişikliyinə qarşı mübarizənin artırılması və onun mənfi təsirlərinin aradan qaldırılması, habelə digər aktual mövzuların müzakirə olunduğu yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə əlilliyi olan şəxslərin də digərləri ilə bərabər səviyyədə iştirak edə bilməsinə şərait yaradılması olduqca vacibdir. Buna görə də ictimai həyatın bütün sahələrində müyəssərliyin təmin edilməsi ilə hər kəs üçün bərabər imkanların yaradılması prioritet məsələ kimi qarşıda durur. Bu mənada ölkəmizdə keçirilən COP29 tədbirinə hazırlıq səviyyəsi əlilliyi olan şəxslərin və onların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının nümayəndələrinin bu cür beynəlxalq platformalarda daha fəal iştirakının təmin edilməsinə zəmin yaratmış oldu.
Əminəm ki, müstəqil Azərbaycan dövləti Sizin əzmkar liderliyiniz, yenilməz iradəniz sayəsində gələcəkdə daha inklüziv və dayanıqlı bir cəmiyyətin qurulması üzrə yeni uğurlara imza atacaqdır. Bu yolda Sizə daim möhkəm cansağlığı və xalqımızın rifahı naminə davamlı nailiyyətlər arzulayıram!
Dərin hörmət və ehtiramla,
Ramilə Mahmudova,
“İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri.
Azərbaycan Respublikası, Abşeron rayonu.