Anar Hətəmovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
2024-cü il noyabrın 11-22-də ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un yüksək səviyyədə keçirilməsi və bu mötəbər tədbirdə qlobal səviyyəli qərarların qəbul edilməsi xalqımızın tarixinə yazılan ən mühüm hadisələrdən biridir. Məhz Sizin qeyd etdiyiniz kimi, biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.
Ali rəhbərliyiniz və komandanlığınız altında torpaqlarımızın erməni işğalından azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsini, sosial-iqtisadi tərəqqisini, regionda və bütün dünyada nüfuzunun artmasını həzm edə bilməyən qara qüvvələrin cəhdlərinə baxmayaraq, bu tədbirin yüksək səviyyədə təşkili dövlətimizin, Sizin rəhbərliyinizlə həyata keçirilən siyasətin qüdrətinin təzahürüdür.
2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəfin qoyulması, İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərarın qəbul edilməsi, Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə razılaşdırılması və bununla da beynəlxalq karbon bazarlarının fəaliyyətinə start verilməsi kimi əhəmiyyətli tarixi qərarların qəbul olunması yaşıl dünya naminə həmrəylik təşəbbüsümüzün qlobal səviyyədə dəstəklənməsini bir daha təsdiq edir.
Cənab Prezident, Sizi və xalqımızı COP29 konfransının yüksək səviyyədə təşkili və uğurla başa çatdırılması münasibətilə ürəkdən təbrik edir, ölkəmizin sosial-iqtisadi tərəqqisi, dayanıqlı inkişafı, siyasi və hərbi qüdrətinin daha da güclənməsi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Hətəmov Anar,
Dosent.
Azərbaycan Respublikası, Gəncə şəhəri.