06 dekabr 2024, 16:15

Vaqif Şadlinskidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin müdrik siyasətiniz, yenilməz qüvvəniz Azərbaycan dövlətçiliyinin əbədi tarixinin ən şanlı səhifəsini yazdı, tarixi qürurumuzun əsası oldu. Dahiyanə sərkərdə şücaətiniz, dünya siyasət aləmində qalib Lider mövqeyinizlə doğma Vətənimiz inamla irəliləyir.

Əziz Prezidentimiz!

Tarixi qələbəmizin yaradıcısı olmaqla Sizin sayənizdə bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də böyük yüksəliş vardır. Bütün ömrümü təhsil və elm sahəsinə həsr etmiş, hər bir zaman dövlətimiz və dövlətçiliyimizin yolunda elmi tədbirlərdə, auditoriyalarda gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün əlimdən gələni etmişəm. Fəaliyyətimə verilən yüksək qiymət qəlbimi fəxrlə doldurmuşdur. 2000-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin Fərmanı ilə mənə “Əməkdar həkim" fəxri adı verilmişdir. Sizin sərəncamlarınızla 2010-cu ildə “Əməkdar elm xadimi” fəxri adına, 2020-ci ildə “Şöhrət” ordeninə, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməyim Prezidentimə və Vətənimə əbədi bağlılığımın ən parlaq mükafatı kimi ürəyimdə həkk edilmişdir.

Əziz Prezidentimiz, mənim üçün olduqca qürurvericidir ki, Müzəffər Ali Baş Komandan, Azərbaycanın xilaskarı, Ulu Öndərimizin davamçısı, əbədi səadətimizin banisi tərəfindən Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqləndiyimə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişəm. Öz adımdan və ailə üzvlərim adından Sizə ehtiram və məhəbbətlə təşəkkürümüzü bildirirəm. Demək istəyirik ki, hər birimizin amalı Sizin əbədiyaşar ideyalarınızın yolunda əzmlə çalışmaqdır. Ulu Tanrı Sizi və ailənizi daim qorusun, xoşbəxtlik və səadət daim nəsibiniz olsun!

Hörmətlə,

Vaqif Şadlinski,

Əməkdar elm xadimi, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri.