06 dekabr 2024, 16:00

Fikrət Əliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mənim fəaliyyətimə göstərdiyiniz ali diqqəti böyük həyəcan və qürurla qarşıladım. Sizin imzanızla dövlət təltifinə layiq görülməyim mənə, təmsil etdiyim kollektivə və Qərbi Azərbaycan İcmasına verdiyiniz çox yüksək qiymətdir.

Təmsil olunduğum tətbiqi riyaziyyat sahəsində çalışan alimlərimiz böyük iftixarla Ümummilli Liderimiz Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı kimi Sizin elmimizi dünyanın aparıcı elm mərkəzlərində layiqincə təmsil etmək tövsiyənizi əsas götürərək şərəf və ləyaqətlə bu işin öhdəsindən gəlmək üçün çalışırlar.

Dövlətçilik tariximizdə Sizin sərkərdəliyinizlə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər və antiterror əməliyyatı nəticəsində suverenliyimizin təmin edilməsi bütün dünya azərbaycanlılarına baş ucalığı gətirdi. Möhtəşəm qələbələrin nəticəsində xalqımız dünyanın qalib xalqına çevrildi. Uğurlu daxili və xarici siyasətinizin nəticəsində əldə edilən qələbələrin qürurunu bizə yaşatdığınıza görə bütün dünya azərbaycanlıları Sizə minnətdardır.

Sizin 2022-ci ildə öz doğum gününüzü Qərbi Azərbaycan ziyalıları ilə birgə keçirərkən səsləndirdiyiniz önəmli fikirlər bütün Qərbi azərbaycanlılarda doğma vətənlərinə qayıtmaq əminliyi yaratdı. Ötən qısa zaman ərzində Qərbi azərbaycanlıların sülh şəraitində və ləyaqətli şəkildə geri qayıtmasının yol xəritəsi olan Qayıdış Konsepsiyası qəbul edilərək icrasına başlanıldı. Qərbi Azərbaycan İcması bu Konsepsiya əsasında ölkəmizdə və dünyanın müxtəlif ölkələrində yaşayan yüz minlərlə soydaşlarımızın təşkilatlanması, beynəlxalq hüquq müstəvisində qayıdış hüququmuzun təmin olunması, ermənilərin Qərbi Azərbaycanda həyata keçirdikləri vandalizm aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində böyük layihələr həyata keçirməkdədir. Bu gün bütün Qərbi azərbaycanlılar və bu işdə səfərbər olan bütöv cəmiyyətimiz bir nəfər kimi verdiyiniz tövsiyələri can-başla yerinə yetirir, Sizin rəhbərliyiniz altında qayıdış gününün daha da yaxınlaşdırılması üçün çalışırlar.

Möhtərəm cənab Prezident, Zati-alinizə şəxsən özümün və ailəmin, həmçinin çalışdığım kollektivin adından səmimi təşəkkürlərimi bildirir, millətimizin haqq işinin yerinə yetirilməsi naminə gördüyünüz işlərdə böyük uğurlar, möhkəm cansağlığı arzulayıram.

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

akademik Fikrət Əliyev

Azərbaycan Respublikası, Bakı şəhəri.