Həsən Həsənovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Azərbaycan iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda Zati-alinizin müdrik rəhbərliyi altında böyük inam və qətiyyətlə irəliləyir. Siz Ümummilli Lider Heydər Əliyevin mükəmməl dövlətçilik fəlsəfəsini dərindən mənimsəyərək yeni əsrin yeni lideri, müdrik dövlət xadimi, mahir diplomat, qətiyyətli siyasətçi kimi qloballaşan dünyamızı çulğamış mürəkkəb geosiyasi mübarizə şəraitində ölkəmizin qarşısında duran strateji hədəflərə çatmaq üçün heyrətamiz əzmkarlıq, sarsılmaz iradə nümayiş etdirirsiniz.
Azərbaycan dövlətinin müasir dünya tarixinə yazdığı şanlı səhifələrin sürətlə artması xalqımızın qəlbində haqlı qürur və iftixar hissi doğurur. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız Sizin müdrik rəhbərliyiniz altında Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində azad olundu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edildi. Qazanılmış möhtəşəm Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olundu. Sizin parlaq xidmətlərinizin rəmzi ifadəsi olaraq üçrəngli bayrağımız bu gün Qarabağda, Şərqi Zəngəzurda qürurla dalğalanır.
Möhtərəm Prezidentimiz!
Siz praqmatik siyasətçi, dünyada baş verən hadisələri, siyasi prosesləri düzgün qiymətləndirməyi, təhlil etməyi, öz mövqeyini təkzibolunmaz arqumentlərlə sübut etməyi bacaran müdrik dövlət xadimi kimi bölgədə yeni reallıqlar yaratmağa nail oldunuz. Həyata keçirdiyiniz hərtərəfli iqtisadi inkişaf strategiyası, mükəmməl dövlətçilik konsepsiyası sayəsində Azərbaycan siyasi, iqtisadi, hərbi güc olaraq beynəlxalq arenada böyük nüfuz və hörmət qazanmışdır. Demokratik və hüquqi dövlət quruculuğu prosesində önəmli uğurlara imza atan Azərbaycan reallaşdırılan sistemli islahatlar sayəsində regional və qlobal layihələrdə aparıcı rol oynayır.
Azərbaycanın dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-a uğurla ev sahibliyi etməsi, iqlim dəyişikliyinə beynəlxalq reaksiyanı artırmaq üçün dövlət və hökumət başçılarını, diplomatları, ekoloqları bir araya gətirməyə nail olması, dünyamızı təhdid edən problemlərin həlli istiqamətində mühüm qərarların qəbul edilməsi bəşəriyyətin gələcəyinin xilası yolunda misilsiz əhəmiyyət kəsb edən böyük diplomatik uğurdur. Bu uğurun qazanılması uzun illər ərzində qurulmuş səmərəli diplomatik münasibətlərin, Azərbaycanın özünü etibarlı tərəfdaş kimi təsdiq etməsinin məntiqi nəticəsidir.
Möhtərəm Prezident!
Siz milyonlarla insanın taleyində müstəsna rol oynayan müdrik dövlət xadimi, millət fədaisi, Müzəffər sərkərdə, böyük strateq və lider kimi adınızı dünya və Azərbaycan tarixinə qızıl hərflərlə həkk etmişsiniz. Sizin müdrik rəhbərliyiniz altında bu gün intibah və çiçəklənmə dövrünü yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmaqdan qürur duyuruq.
Möhtərəm Prezidentimiz!
Məni 70 illik yubileyim ərəfəsində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq gördüyünüzə görə Sizə ailəmiz adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm.
Tanrı Sizi qorusun!
Dərin hörmət və ehtiramla,
Həsən Həsənov,
Azərbaycan Respublikasının Əməkdar jurnalisti,
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü.
Azərbaycan Respublikası, Bakı şəhəri.