10 dekabr 2024, 16:20

Nadir Cəfərovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün 51 ölkədən 100-dən çox xarici qonağın da iştirak etdiyi “Qayıdış hüququ-Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Qərbi Azərbaycan İcmasının Bakıda keçirdiyi II beynəlxalq konfransını diqqətlə izlədik.

Konfransda çıxış edən beynəlxalq ekspertlərin, o cümlədən Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısının çıxışı bizim də ürəyimizcə oldu: “Ermənistan Qərbi azərbaycanlıların torpaqlarına qayıtmaq hüququnun icrasına imkan vermir. Ermənistan hökuməti müsadirə etdiyi və ələ keçirdiyi əmlakı qaytarmalı yaxud təminatı ödəməlidir. Qayda belədir. İnsanlar dədə-baba torpaqlarına qayıtmalıdırlar. Vaxtilə sahib olduqları əmlaka yiyələnməlidirlər. Biz Azərbaycan mədəni irsinin Ermənistan tərəfindən məhv edildiyini müşahidə etmişik. Bu Azərbaycanın və Qərbi azərbaycanlıların irsinin pozulması deməkdir”.

Cənab Prezident, biz Qərbi azərbaycanlıların öz doğma torpaqlarımıza qayıtmaq məsələsini gündəmdə saxladığınız üçün Sizə minnətdarıq. Sizin beynəlxalq hüququ həmişə uca tutmağınız bizim haqq işimizlə yanaşı, beynəlxalq münasibətlərin ədalət prinsipləri əsasında təşəkkül tapmasına böyük töhfə verir. Bizim ailəmiz də 1988-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunun Yengicə kəndindən zorla çıxarılmışdı. Hazırda Tərtərin Bəyimsarov kəndində məskunlaşmışıq. Özümüzə şərait yaratsaq da ürəyimiz o ocaqdadır. Həsrətlə yenidən o yerlərə qayıdacağımız günləri gözləyirik. Bütün ailəmiz adından şərəfli fəaliyyətinizə görə təşəkkür edirik.

Hörmətlə,

Cəfərov Nadir

Azərbaycan Respublikası, Tərtər rayonu, Bəyimsarov kəndi.