13 dekabr 2024, 13:05

Fazil Vəliyev və Habil İbrahimovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu günlər biz - Qərbi azərbaycanlılar Ermənistandan zorla çıxarılmış yurddaşlarımız üçün ədalətin təmin edilməsi mövzusunda Bakıda keçirilən II beynəlxalq konfransı diqqətlə izlədik. Bu konfrans bizim qəlbimizdə böyük ümidlər yaratdı. Çünki mədəni-tarixi irsimiz olan Qərbi Azərbaycan torpaqları əzəli və əbədi dədə-baba torpaqlarımızdır.

Qədim Azərbaycan torpaqlarını mənimsəyən ermənilərin Cənubi Qafqaza köçürülməsindən sonra zaman-zaman kütləvi deportasiyalar, soyqırımları, təzyiqlər bizi bu yerlərdən didərgin salıb.

Cənab Prezident, bu gün bizim və soydaşlarımızın öz torpaqlarımıza qayıdışı məsələsini gündəmdə saxladığınız üçün Sizə minnətdarıq. Biz də 1988-ci ildə məlum hadisələrlə bağlı Qərbi Azərbaycanın Basarkeçər rayonundan məcburi köçkün düşərək Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşmışıq. İllərlə əziyyət çəkib qurub-tikdiyimiz ev-eşiyimizdən, əzizlərimizin, doğmalarımızın məzarlarının, yurd yerlərinin olduğu ərazilərdən bizi zor gücünə çıxarıblar. Yenidən o yerlərə qayıtmaq, doğmalarımızın məzarını ziyarət etmək, dədə-baba torpaqlarımızda yaşamaq ən böyük arzumuzdur.

İnanırıq ki, Sizin kimi Ali Baş Komandanımızın siyasəti sayəsində bu gün uzaqda deyil. Məhz Sizin uzaqgörən siyasətiniz sayəsində tezliklə öz doğma yurd-yuvalarımıza qayıdacağıq.

Hörmətlə,

Vəliyev Fazil, Qərbi Azərbaycanın Basarkeçər rayonunun Kiçik Məzrə kənd sakini,

1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunmuş fermer,

İbrahimov Habil, həmin rayonunun Zərkənd kənd sakini, “Tərəqqi” medalı ilə təltif olunmuş fermer.

Azərbaycan Respublikası, Tərtər rayonu, Bəyimsarov kəndi.