24 dekabr 2024, 11:17

Qulu Məhərrəmlidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Hazırda bəşəriyyətin öz tarixində çox çətin sınaq dövrünü yaşadığı bir zamanda müstəqil Azərbaycanın sükanı arxasında inam və qətiyyətlə dayanmağınızı, dövlətçiliyimizi möhkəmlətmək üçün gördüyünüz titanik işləri, təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünyada sülhün və əmin-amanlığın qorunması naminə atdığınız addımları diqqətlə izləyirik.

Azərbaycanın minillik dövlətçilik tarixində uzun illər ərzində işğal altında qalmış Vətən torpaqlarını 44 günlük ildırım sürətli müharibə nəticəsində azad etməklə öz müstəqilliyini qorumaq, ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmək, bununla da zədələnmiş milli heysiyyəti yüksəldərək xalqımıza tükənməz qürur hissi yaşatmaq Sizin tarixi xidmətinizdir. Siz olduqca mürəkkəb beynəlxalq şəraitdə düşünülmüş diplomatiya ilə hərbi planları qrossmeyster məharəti ilə əlaqələndirmiş, gözlənilməz gedişlərlə antiterror əməliyyatını reallaşdırmış, Xankəndidəki separatçı rejimi tarix səhnəsindən silməklə az qala bir əsr mövcud olmuş Qarabağ problemini həll edərək müstəqillik tariximizin qızıl səhifəsini yazmışsınız.

Bu yaxınlarda bütün dünyanın maraq və heyrətlə izlədiyi COP29 beynəlxalq tədbirində Azərbaycanın möhtəşəm təşkilatçılığı və Sizin bütün dünyaya verdiyiniz cəsarətli mesajlar hər bir azərbaycanlının qəlbini fərəh hissi ilə doldurmuş, müstəqil xarici siyasət yeridən dövlətimizin beynəlxalq nüfuzunu artırmışdır. Azərbaycana qarşı ədalətsiz informasiya müharibəsi aparmağa cəhd edən dövlətlərin səylərinin iflasa uğraması da Sizin ölkəmizin haqq səsini dünyaya çatdırmanız sayəsində mümkün olmuşdur.

Hörmətli cənab Prezident!

Əmin olasınız ki, dövlət quruculuğu və Azərbaycanın maraqları naminə atdığınız hər bir fədakar addımınızı biz ziyalılar ürəkdən dəstəkləyirik. Dövlət müstəqilliyi və millət quruculuğu anlayışı olan hər kəs bu mürəkkəb tarixi şəraitdə Azərbaycan adına gördüyünüz fəaliyyəti ürəkdən bəyənir və təqdir edir.

Mənim jurnalist taleyim elə gətirib ki, uzun illər Azərbaycan televiziyasında çalışmış, xüsusən müstəqillik illərində dövlətçiliyimizin təbliği işlərində ön planda olmuş, Sizin xarici səfərləri, yürütdüyünüz müdrik xarici siyasəti və müstəqil Azərbaycan naminə gördüyünüz dəyərli işləri işıqlandırmış, bu barədə tamaşaçılara davamlı izah və şərhlər vermişəm. Jurnalist fəaliyyətimdə bu mövzularla bağlı saysız-hesabsız verilişlər hazırlamış, məqalələr yazmış, sənədli filmlər çəkmişəm. İndinin özündə də mən bu istiqamətdə fəaliyyətimi davam etdirir, təsisçisi olduğum “PressKlubtv.az” yutub platformasında Azərbaycanın bugünkü quruculuq strategiyasını işıqlandırır, dövlət siyasətini ən müasir metod və texnologiyalarla təbliğ edir, bizə qarşı yönələn düşmənçilik təbliğatını zərərsizləşdirməyə çalışırıq. Çox məmnunam ki, mənim bu uzunillik təvazökar jurnalist əməyim yüksək qiymətləndirilmiş və Sizin 2006-cı il 4 noyabr tarixli Sərəncamınızla mənə “Azərbaycan Respublikasının Əməkdar Jurnalisti” fəxri adı verilmişdir.

Mənim yaşım 70-i keçsə də jurnalistlik işimi və pedaqoji fəaliyyətimi davam etdirirəm. Hazırda Bakı Dövlət Universitetinin professoru və Jurnalistika fakültəsində kafedra müdiriyəm. Eyni zamanda, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və bu qurumun Etika komissiyasının sədriyəm. Fəal ictimai fəaliyyətlə də məşğulam.

Möhtərəm cənab Prezident!

Sizi bir daha əmin etmək istəyirəm ki, biz ziyalılar, bu gün Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmlənməsi, xalqımızın tərəqqisi və fıravanlığı, ölkəmizin çiçəklənməsi və onun dünyadakı nüfuzunun artması naminə atdığınız bütün tarixi addımları ürəkdən bəyənir və dəstəkləyirik. Bu tarixi missiyanızın davam etdirilməsi naminə Sizə möhkəm cansağlığı və tükənməz enerji arzulayıram!

Hörmətlə,

Qulu Məhərrəmli,

Əməkdar jurnalist, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri.