“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında ƏSASNAMƏ

10 yanvar 2025, 14:46

Azərbaycan Respublikası Prezidentinin

2025-ci il 10 yanvar tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə “Milli Məkan Məlumatları” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. Sistem rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər büdcə təşkilatlarının, həmçinin yerli özünüidarəetmə orqanlarının (bundan sonra – qurumlar) fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, Sistemdə saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.

1.3. Sistemin formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Sistemin tətbiqi aşağıdakı hədəflərə xidmət edir:

1.3.1. milli məkan məlumatları üzrə texniki tələblər toplusunun, milli məkan məlumatlarının, metaməlumatların formalaşdırılması və inteqrasiyası;

1.3.2. milli məkan məlumatlarının yaradılmasında təkrarçılığın aradan qaldırılması baxımından Azərbaycan Respublikasının dövlət büdcəsindən milli məkan məlumatlarının yaradılmasına ayrılan pul vəsaitinin səmərəli idarə edilməsi;

1.3.3. yaradılmış milli məkan məlumatlarına əlçatanlığın təmin edilməsi;

1.3.4. milli məkan məlumatları üzrə xidmətlərin real vaxt rejimində, keyfiyyətli və operativ göstərilməsi.

1.4. Sistemdə yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

1.5. Sistemin sahibi və operatoru Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyidir.

1.6. Fərdi məlumatların Sistemdə toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların Sistemdə toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.

1.7. Sistemin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.8. Sistem Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.

1.9. Bu Əsasnamə əldə edilməsi qanunla məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektinə həmin sahəni tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.

1.10. Bu Əsasnamənin məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.10.1. açıqlanan milli məkan məlumatları – əldə olunması, işlənilməsi, verilməsi və ya istifadəsi normativ hüquqi aktlarla məhdudlaşdırılmayan, maşınla oxuna bilən və ictimaiyyətə təkrar istifadə üçün təqdim edilən milli məkan məlumatları;

1.10.2. aidiyyəti dövlət qurumları – Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş milli məkan məlumatlarının siyahısında və təsnifatında əks olunmuş məlumatların sahibi olan dövlət orqanları (qurumları).

1.11. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Qaydalarda, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.

 

2. Sistemin texniki-texnoloji infrastrukturu

 

2.1. Sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;

2.1.2. telekommunikasiya qurğuları və kanalları;

2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;

2.1.4. ehtiyat nüsxələr;

2.1.5. istismaraqədərki formalaşma mühitləri.

2.2. Proqram-texniki vasitələr və proqram təminatı vətəndaş və biznes yönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurularaq, Sistemin funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını, təhlükəsizliyini, habelə həmin informasiya ehtiyatlarından və sistemlərindən istifadəni və məlumat mübadiləsini təmin edir.

2.3. Sistem fəaliyyətinin etibarlılığını, təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.

2.4. Qurulma topologiyasına uyğun olaraq, Sistemin telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:

2.4.1. Sistemin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin struktur bölmələri tərəfindən;

2.4.2. Sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları – Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.

2.5. Sistemdə formalaşdırılan, Sistemə daxil edilən və ötürülən məlumatlar dövlət informasiya ehtiyatlarının və sistemlərinin informasiya ehtiyatında saxlanılır.

2.6. İdarəetmə paneli Sistemin informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.

2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Sistem, habelə onda toplanılan məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.

2.8. Sistemdə aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.

 

3. Sistemin altsistemləri

 

3.1. Sistem aşağıdakı altsistemlərdən ibarətdir:

3.1.1. iştirakçıların təqdim etdiyi orijinal məlumatları vahid formata və struktura çevirən, informasiya sistemlərinə və ehtiyatlarına malik olmayan iştirakçıların milli məkan məlumatlarının Sistemə daxil edilməsini təmin edən “inteqrasiya pəncərəsi” altsistemi;

3.1.2. iştirakçılar tərəfindən Sistemə daxil edilən milli məkan məlumatlarının və metaməlumatların emalını, habelə onların bir-biri ilə əlaqəliliyini təmin edən "milli məkan məlumatlarının emalı” altsistemi;

3.1.3. iştirakçılar tərəfindən Sistemə daxil edilən milli məkan məlumatlarının və metaməlumatların müəyyən edilmiş texniki tələblərə və ya məlumat modellərinə uyğunluğunu, aktuallığını yoxlayan, uyğun olmayan məlumatların düzəliş aparılaraq yenidən təqdim edilməsi üçün geri göndərilməsini təmin edən “milli məkan məlumatlarının monitorinqi” altsistemi;

3.1.4. Sistemin məlumat bazasında toplanılan milli məkan məlumatları əsasında yeni çoxməqsədli xəritələrin yaradılmasını təmin edən "rəqəmsal xəritə” altsistemi;

3.1.5. Sistemin məlumatları barədə statistik hesabatların alınmasını təmin edən “hesabatlılıq” altsistemi;

3.1.6. iştirakçıların və istifadəçilərin Sistemdən istifadəsini təmin edən “idarəetmə” altsistemi.

3.2. Sistemin altsistemləri təyinatı üzrə müvafiq sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanılmasını, emalını, dövlət informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyasını, monitorinq və təhlil aparılmasını, proqnozlar hazırlanmasını, habelə müvafiq sahədə mərkəzləşdirilmiş elektron xidmətlər göstərilməsini təmin edir.

 

4. Sistemə daxil edilən və ötürülən məlumatlar

 

4.1. Sistemə daxil edilən və ötürülən milli məkan məlumatlarının tərkibi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Dövlət sirri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunları, Qaydalar, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 448 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” (bundan sonra – “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”) ilə və digər normativ hüquqi aktlarla müəyyən olunur.

4.2. Sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.

4.3. Sistemlə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, Sistemə sənədlər (məlumatlar) aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.

4.4. Sistemdə formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur və rəsmiləşdirilir.

 

5. Sistemdən istifadə qaydası

 

5.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumların Sistemdən istifadəsi Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) üzərindən məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.

5.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların Sistemdən istifadəsi “İnteqrasiya pəncərəsi” altsistemi vasitəsilə təmin edilir. Bu halda qurumların rəhbər şəxsi tərəfindən Sistemdə qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq Sistemdən istifadə edirlər.

5.3. Fiziki şəxslər Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra Sistemdə avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq informasiya sistemindən istifadə edirlər.

5.4. Sistem vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə EHİS vasitəsilə, ödəniş edilməsi isə elektron kabinetdə ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir.

5.5. Sistem vasitəsilə təqdim edilən xidmət kanalları (mobil tətbiq, virtual köməkçi və digər) istifadəçilərin Sistemin fəaliyyətində iştirakını və onlardan istifadəsini, habelə elektron xidmətlərdən yararlanmasını təmin edir. Elektron xidmətlər, istifadəçi təcrübəsi və istifadəçi yönümlülüyü nəzərə alınmaqla, xidmət kanalları vasitəsilə təqdim edilir.

5.6. İstifadəçilər açıqlanan milli məkan məlumatları ilə tanış olmaq və mənbəyinə istinad verməklə açıqlanan milli məkan məlumatlarından təkrar istifadə imkanına malikdirlər.

 

6. Sahibin vəzifələri və hüquqları

 

6.1. Sistemin fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:

6.1.1. Sistemin idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;

6.1.2. Sistemin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən fərdi məlumatların toplanıldığı, işlənildiyi və mühafizə edildiyi (“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) hallarda isə fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;

6.1.3. fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin, həmçinin fərdi məlumatların Sistemdə toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;

6.1.4. Sistemin təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra – Nazirlik) zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə Sistemə çıxış, habelə onun texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etmək;

6.1.5. Sistemin informasiya təhlükəsizliyini XRİTDX, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra – DTX) və operator ilə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;

6.1.6. Sistemin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal DTX-yə, XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə DTX, XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə, həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;

6.1.7. Sistemə daxil edilmiş və (və ya) ötürülmüş milli məkan məlumatlarının mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;

6.1.8. Sistemə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;

6.1.9. Sistemin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və operator ilə birlikdə tədbirlər görmək;

6.1.10. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;

6.1.11. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barəsində məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;

6.1.12. Sistemin çıxışı olan, habelə Sistemin aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

6.1.13. aidiyyəti qurumların Sistemin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;

6.1.14. dövlət xidmətləri göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün operator və Nazirlik ilə birlikdə tədbirlər görmək;

6.1.15. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Sistemə daxil etmək;

6.1.16. Sistemdən sərbəst və maneəsiz istifadənin, habelə onların dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;

6.1.17. Sistemdə dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;

6.1.18. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olaraq həyata keçirilməsinə nəzarət etmək;

6.1.19. Sistemin funksiyaları barədə iştirakçıları və istifadəçiləri məlumatlandırmaq, onlara metodiki kömək göstərmək, bu sahədə mütəmadi olaraq bilik və bacarıqlarının artırılması məqsədilə iştirakçılar üçün təlimlər təşkil etmək;

6.1.20. iştirakçılarda və istifadəçilərdə yaranmış çətinliklərin müəyyən edilməsi və zəruri təlimatlandırma işlərinin aparılması üçün qaynar xətt təşkil etmək;

6.1.21. Sistemdə statistik hesabatlar hazırlamaq və onların əsasında təhlillər aparmaq;

6.1.22. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

6.2. Sistemin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:

6.2.1. Sistemin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

6.2.2. Sistemdən istifadə və onların funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;

6.2.3. Sistemin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri milli məkan məlumatlarını (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;

6.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

7. Operatorun vəzifələri və hüquqları

 

7.1. Operatorun vəzifələri aşağıdakılardır:

7.1.1. Sistemin informasiya təhlükəsizliyini XRİTDX, DTX və sahiblə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;

7.1.2. Sistemin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal DTX-yə, XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə DTX, XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə, həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;

7.1.3. Sistemə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;

7.1.4. Sistemin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və sahiblə birlikdə tədbirlər görmək;

7.1.5. Sistemin təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə Sistemin “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün Nazirliklə birlikdə zəruri tədbirlər görmək;

7.1.6. Sistemin fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində sahiblə razılaşdırmaqla, texniki tədbirlər görmək və bu barədə Sistemin fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;

7.1.7. Sistemdən sərbəst və maneəsiz istifadəni, onların dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə Sistemin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxış təşkil etmək;

7.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Sistemə daxil etmək;

7.1.9. Sistemi EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;

7.1.10. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

7.1.11. Sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üçün profilaktik iş aparmaq;

7.1.12. Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında Sistemdə dəyişikliklər edilməsi üçün tədbirlər görmək;

7.1.13. sahibin göstərişi ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;

7.1.14. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri, texniki məlumatları sahibə və Nazirliyə təqdim etmək;

7.1.15. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada həyata keçirmək;

7.1.16. Sistemdən istifadəni, habelə onlar üzərindən göstərilən elektron xidmətlərin əlçatanlığını təmin etmək üçün formalaşdırılan mobil tətbiqi elektron marketlərdə yerləşdirmək;

7.1.17. aidiyyəti qurumların Sistemin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;

7.1.18. Sistemdə “açar söz” əsasında axtarış imkanı yaratmaq;

7.1.19. Sistemdə milli məkan məlumatlarının görüntülənməsi, götürülməsi, köçürülməsi, miqyasının artırılması və azaldılması, yüklənilməsi, formatının dəyişdirilməsi və birbaşa əldə edilməsi imkanını yaratmaq;

7.1.20. Sistemə qeyri-qanuni daxilolma, müdaxilə cəhdinin və saxtalaşdırma hallarının qarşısını almaq, habelə giriş və əməliyyat tarixçələrini (loqları) azı 5 (beş) il müddətində saxlamaq;

7.1.21. “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın 3.13-cü bəndində göstərilmiş əsasdan əlavə, açıqlanan milli məkan məlumatlarından mənbəyinə istinad verilməyərək təkrar istifadə edildikdə və ya bu Əsasnamə ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə, istifadəçinin Sistemdəki məlumatlarına giriş hüquqlarını məhdudlaşdırmaq;

7.1.22. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

7.2. Operatorun aşağıdakı hüquqları vardır:

7.2.1. Sistemin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;

7.2.2. Sistemin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;

7.2.3. Sistemlə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;

7.2.4. Sistemin parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;

7.2.5. iştirakçılar və istifadəçilər Sistemin təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə, Sistemə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;

7.2.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

8. İştirakçıların vəzifələri və hüquqları

 

8.1. İştirakçıların vəzifələri aşağıdakılardır:

8.1.1. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

8.1.2. Sistemə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;

8.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə Sistemə daxil etmək (ötürmək);

8.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;

8.1.5. Sistemdən, Sistemdə olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;

8.1.6. Sistemdə saxlanılan milli məkan məlumatlarında (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;

8.1.7. sahibin və ya operatorun Sistemə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni milli məkan məlumatlarını izləmək;

8.1.8. Sistemin fəaliyyətinə zərər gətirəcək, habelə onların fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;

8.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və Nazirliyə məlumat vermək;

8.1.10. öz təşəbbüsləri, habelə Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu informasiya sistemində zəruri dəyişikliklər etmək.

8.2. İştirakçıların aşağıdakı hüquqları vardır:

8.2.1. Sistemin fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

8.2.2. Sistemin təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.

 

9. İstifadəçilərin hüquqları

 

9.1. İstifadəçilərin Sistemdən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:

9.1.1. Sistemdə açıqlanan milli məkan məlumatları ilə tanış olmaq və onları əldə etmək;

9.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barəsində məlumatlarla tanış olmaq, onları əldə etmək, yaxud dəqiqləşdirilməsi üçün sahibə və ya operatora müraciət etmək;

9.1.3. elektron kabinetləri üzərindən müraciətlərini göndərmək, elektron xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək;

9.1.4. sahiblə, operatorla, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;

9.1.5. Sistemin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

9.1.6. Sistemdən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;

9.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:44
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının...

10 yanvar 2025, 14:44
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:40
“Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.

2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...

10 yanvar 2025, 14:40
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:16
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...

10 yanvar 2025, 13:16
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:14
“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 iyun tarixli 742 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən...

10 yanvar 2025, 13:14