Zamir İsayevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Dini qurumlara maliyyə yardımı göstərilməsi ilə bağlı imzaladığınız Sərəncam icmamız tərəfindən sevinc və minnətdarlıq hissi ilə qarşılanıb. Bu Sərəncam, eyni zamanda, Azərbaycanda dinlərarası harmoniyanın, birgə yaşayış mühitinin qorunub-saxlanılması üçün imzaladığınız digər sənədlər bir daha göstərir ki, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini layiqincə davam etdirir, dini konfessiya nümayəndələrinin hüquq və azadlıqlarının qorunmasına, onların mədəniyyətinin, dilinin inkişafına böyük ehtiramla yanaşırsınız.
Bu gün Azərbaycan dünyada bütün milli və ümumbəşəri dəyərləri himayə edən, dini-mənəvi irsə qayğı ilə yanaşan, dini məbədləri dövlət səviyyəsində təmir, inşa və bərpa edən dövlətlərdən biridir. Azərbaycanda əsrlərdən bəri mehribanlıq, əmin-amanlıq və harmoniya şəraitində yaşayan bütün yəhudilər dini tələbatlarını yüksək səviyyədə həyata keçirir, dövlətin böyük diqqətini, qayğı və himayəsini üzərlərində hiss edirlər.
Azərbaycan dünyada nadir ölkələrdəndir ki, antisemitizm, dini və irqi zəmində ayrı-seçkilik halları heç vaxt mövcud olmamışdır. Zati-alinizin çıxışlarında dəfələrlə vurğulandığı kimi, multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzidir. Dini və etnik fərqliliklər bizim ölkəmizdə ayırıcı xətt deyil, birləşdirici amil kimi qəbul olunur. Dövlətin dini icmalara daimi diqqəti və qayğısı mədəni, dini və etnik müxtəlifliklərin böyük və dəyərli bir sərvət kimi qiymətləndirildiyini göstərir.
Möhtərəm Prezident!
Sefarad yəhudilərinin Bakı dini icmasının üzvləri və öz adımdan Sizə dərin minnətdarlığımızı bildirir, doğma Azərbaycanımızın daha da qüdrətlənməsi naminə həyata keçirdiyiniz möhtəşəm işlərdə böyük uğurlar, möhkəm cansağlığı arzulayırıq.
Tanrı Sizi və doğmalarınızı qorusun!
Hörmət və ehtiram hissi ilə,
Zamir İsayev, Sefarad yəhudilərinin Bakı dini icmasının sədri
Azərbaycan Respublikası,Bakı şəhəri