Firidun Məmmədovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz Azərbaycan adına çox fədakarlıqlar göstərmisiniz. Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin problemlərinin aradan qaldırılmasında irəli sürdüyünüz təşəbbüslər və gördüyünüz tədbirlər hər birimizi sevindirir.
Sizin yürütdüyünüz siyasəti və həyata keçirdiyiniz iqtisadi islahatları dəstəkləyir, daim dövlətimizin yanında olmağı özümüzə borc bilirik. Məmnunluqla qeyd etmək istəyirik ki, Sizin davamlı tapşırıqlarınız nəticəsində ölkəmizin hər bir yerində müharibə əlillərinə, veteranlarına və şəhid ailələrinə diqqət və qayğı, mənəvi dəstək göstərilir, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün ciddi işlər görülür. Bu gün dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunan idman yarışları, tədbirlər, marafonlar keçirilir, qazilərimizlə tez-tez görüşlər təşkil olunur, müharibə veteranları işlə təmin edilirlər.
Cənab Ali Baş Komandan, biz Sizin əsgərlərinizik və ömrümüzün sonunadək əsgəriniz olaraq qalacağıq. Tapşırıqlarınıza daim hazır vəziyyətdəyik. Vətənimizin müdafiəsinə qalxarkən nə dövlətimizdən, nə də millətimizdən heç bir təmənnamız olmamışdır. Sizin bizi daim diqqət mərkəzində saxlamağınız bizi özünə nümunə görən milyonlarla gəncimizi Vətənimizə daha çox bağlayır və onların daha çox vətənpərvər olmalarına xüsusi töhfə verir. Sizə minnətdarlıq və təşəkkür etməyi özümüzə borc bilirik.
Hörmətlə,
Məmmədov Firidun, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.