11 mart 2025, 15:00

Telman Süleymanovdan, Ağdam, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Bu məktubu Sizə daxili inamına əsaslanan və müasir dünyadakı reallıqları dərk edən bir müharibə veteranı kimi yazıram. Belə bir deyim var: “Ordunun gücü sərkərdəsinə görə müəyyən edilir”. Siz xalqını, dövlətini, Vətənini sevən, onun uğrunda hər cür fədakarlığa hazır olan Sərkərdəsiniz.

Mən, təqribən 300 ailənin məskunlaşdığı Ağdam rayonun Təzəkənd qəsəbəsində yaşayıram, 65 yaşım var. Məlumdur ki, hər bir insanın mənsub olduğu xalqın, millətin tarixini bilməsi onun vətəndaşlıq borcudur. Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə dünya liderləri ilə görüşlərinizdə, beynəlxalq təşkilatlardakı çıxışlarınızda, media nümayəndələrinə müsahibələrinizdə və insanlarla görüşlərinizdə söylədiklərinizi daim diqqətlə izləyirəm. Sizin, Azərbaycanın keçmişi ilə bağlı tarixi hadisələri ən sadə və insanların başa düşəcəyi tərzdə anlatmağınıza heyran qalmamaq olmur. Bu, böyük bir məharət tələb edir. Xalqımız Sizə inanır və Sizinlə qürur duyur.

Torpaqları, tarixi ata-baba yurdları işğalda olan insanların qayıdış ümidləri azalanda Siz həmişə onları ruhlandıraraq torpaqlarımızın işğaldan azad ediləcəyinə inandırırdınız. Xalqımızın heç vaxt ruhdan düşməsinə, ümidsizliyə və inamsızlığa qapılmasına imkan verməmisiniz. Nəhayət gözlənilən o gün gəlib çatdı. Ali Baş Komandan kimi Sizin rəhbərliyiniz, müdrik və uzaqgörən siyasətiniz nəticəsində, Azərbaycan xalqının rəşadətli oğullarının qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümuz təmin olundu. Sizin Vətən müharibəsi zamanı hər bir kənd və şəhərlərimizin düşməndən azad edilməsi barədə xalqa televiziyada xəbər verib, təbrik edən zaman, xüsusi ilə Şuşa şəhərinin işğaldan azad edildiyi gün müraciətiniz və həmin anlar heç vaxt unudulmayacaq. Sizin öz ata-baba yurdlarına qayıdan insanlarla görüşləriniz və söhbətləriniz, ürək sözlərinizi onlara çatdıran zaman kövrəlməyiniz Sizin nə qədər vətənpərvər bir insan olduğunuzu göstərir. İnanın ki, həmin vaxt Sizi dinləyən bütün insanlar, o cümlədən şəxsən mən də kövrəlirəm.

Siz bu tarixi Qələbənin memarı kimi nəinki Azərbaycanın ərazi bütövlüyünü təmin etdiniz, xalqın milli qürurunu, mənliyini, inamını özünə qaytardınız. Tarix, Azərbaycan xalqı, bütün Türk dünyası Sizin bu misilsiz xidmətlərinizi heç vaxt unutmayacaq. Siz Azərbaycan xalqının qəlbində daim yaşayacaqsınız.

Ulu Tanrı Sizi və ailənizi qorusun. Allaha əmanət olun.

Hörmətlə,

Süleymanov Telman.

Azərbaycan Respublikası, Ağdam rayonu, Təzəkənd qəsəbəsi.