15 mart 2025, 11:11

Eldar İbrahimovdan, Bakı, Azərbaycan

Əziz Prezident!

İcazə verin, məni Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətimə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyinizə görə Szə öz dərin minnətdarlığımı və səmimi təşəkkürümü bildirim.

Siz, əvvəllər də mənim respublikamızın aqrar sahəsinin inkişafında və ictimai-siyasi həyatında fəaliyyətimi yüksək qiymətləndirərək “Şöhrət” və “Şərəf’ ordenləri, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etmisiniz. Müstəqil və süveren Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizin yüksək mükafatına layiq görülməyim qəlbimi riqqətə gətirir, sağlığında canlı əfsanəyə çevrilmiş, milli tariximizdə görkəmli yer tutan Heydər Əliyev ocağının layiqli yetirməsi və Ulu Öndərimizin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz tərəfindən fəaliyyətimin davamlı olaraq belə yüksək dəyərləndirməsi məndə böyük qürur hissi oyadır. Mən çox şadam və böyük fərəh hissi keçirirəm ki, Heydər Əliyev kimi dahi şəxsiyyətin silahdaşı olub, onunla çiyin-çiyinə çalışmaq və xeyli müddətdir ki, xalqımızın ən ümdə arzularını gerçəkliyə çevirən cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin firavan gələcəyi üçün fəaliyyət göstərmək hər bir siyasətçi kimi mənə də nəsib olub.

Hörmətli Prezident!

Ulu Öndərimiz Heydər Əliyevin mənə olan xoş münasibəti və Sizin mənim fəaliyyətimi yüksək qiymətləndirməyiniz ailə üzvlərimin də həmişə böyük sevincinə səbəb olur. Sizin mənə və ailəmə göstərdiyiniz daimi diqqət və qayğını heç vaxt unutmayacağıq.

Zati-aliləri cənab Prezident!

Əmin ola bilərsiniz ki, Milli Məclisin deputatı və İntizam komissiyasının sədri, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini və Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü kimi bundan sonra da Heydər Əliyevin şah əsəri olan, Prezident və Müzəffər Ali Baş Komandan kimi ərazi bütövlüyünü və suverenliyini təmin etdiyiniz doğma Azərbaycanımızın daha da qüdrətlənməsi naminə uğurla həyata keçirdiyiniz geniş əhatəli fəaliyyətinizdə Sizə həmişə olduğu kimi yardımçı olacaq, bu şərəfli yolda öz həyatımı və siyasi amalımı, bilik və bacarığımı heç vaxt əsirgəməyəcəyəm.

Sonsuz minnətdarlıq və səmimiyyət hissi ilə ölkəmizin hərtərəfli güclü dövlət olması, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə bu çətin və şərəfli fəaliyyətinizdə Sizə möhkəm can sağlığı və böyük uğurlar arzu edirəm.

Dərin hörmət və ehtiramla,

Eldar İbrahimov,

Milli Məclisin deputatı

Azərbaycan Respublikası, Bakı şəhəri.