Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

28 mart 2025, 16:10

Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

 

Hörmətli həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları gözəl niyyətlər və savab əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq və bərabərlik yoluna dəvət edir. Bu ayda müsəlmanlar oruc tutmaqla Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi kamilliyə ucalmaq fürsəti qazanırlar.

Orucluq mərasimləri bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da hər il böyük fərəh və məmnunluq hissi ilə keçirilir. Ölkəmizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən Ramazan ayında dövlətimizin rifahı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur. İnanıram ki, insanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran mübarək Ramazan günlərində dua və diləkləriniz, saf niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir.

Əziz bacı və qardaşlarım!

Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

Allah orucunuzu və dualarınızı qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 mart 2025-ci il

XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 30 mart 2025
15:19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Pakistanın Baş naziri dövlətimizin başçısını və Azərbaycan xalqını...

30 mart 2025, 15:19
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 29 mart 2025
17:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Martın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müqəddəs Ramazan bayramı münasibətilə...

29 mart 2025, 17:50