Niyaməddin Qənbərovdan, Qubadlı, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan.
Mən 1990-cı ildə Qubadlı şəhərində anadan olmuşam. Azərbaycan Respublikasının müdafiəsi və torpaqları uğrunda 2-ci Qarabağ döyüşlərində könüllü olaraq Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Mənfur düşmənin atdığı güllə və mərmilər nəticəsində bir neçə dəfə yaralansam da, döyüşə davam etmişəm və əsgər yoldaşlarıma dayaq olmuşam. Aldığım xəsarətlər səhhətimdə və sağlamlığımda fəsadlar yaratmışdır. Mənə əlillik qrupu təyin olunmuşdur və dövlətimiz tərəfindən sosial təminatla əhatə olunmuşam.
Fəxr edirəm ki, azərbaycanlıyam. Azərbaycan dövlətinə və millətinə qarşı hər hansı bir dövlət qara yaxmağa və təxribat törətməyə çalışarsa son nəfəsimə qədər və son damla qanıma qədər mübarizə aparmağa hazıram.
Cənab Ali Baş Komandan, bizə göstərdiyiniz qayğıya görə Sizə səmimi-qəlbdən minnətdaram. Hər zaman tapşırığınıza müntəzirəm.
Hörmətlə,
Niyaməddin Qənbərov,
3-cü qrup Vətən müharibəsi əlili.
Azərbaycan Respublikası, Qubadlı rayonu.