18 aprel 2025, 16:15

Zakir Nuriyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Müasir Azərbaycan dövlətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Sizin tərəfinizdən uğurla davam etdirilən uzaqgörən siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edən modern ölkəyə çevrilmiş və beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmışdır.

Sizin rəhbərliyinizlə yaradılan möhkəm iqtisadi təməllər sayəsində hazırda qlobal iqtisadi konyunkturada baş verən neqativ iqtisadi proseslərə baxmayaraq, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunur, maliyyə vasitəçiliyi dərinləşir, dayanıqlı iqtisadi artım və iqtisadi inkişaf davam edir. Mahiyyətcə müasir çağırışlara cavab verən dərin iqtisadi və struktur-institusional islahatlar ölkə iqtisadiyyatının güclənməsinə xidmət etməklə yanaşı, uzunmüddətli dayanıqlı inkişaf üçün yeni perspektivlər açmışdır. Əhalinin rifahının yüksəldilməsi və sosial müdafiəsinin təmin edilməsi dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının əsas prioritetlərindən biridir. Reallaşdırılan bu genişmiqyaslı və fundamental transformasiya fonunda Azərbaycanın maliyyə sistemi davamlı inkişaf yolunu tutmuş və milli iqtisadiyyatın əsas lokomotivlərindən birinə çevrilmişdir. Güclü kapitallaşma, tənzimləyici çərçivəsində təkmilləşmə və rəqəmsallaşma nəticəsində sektorun dayanıqlığı əhəmiyyətli yüksəlmişdir.

Müzəffər Ali Baş Komandan,

Sizin qətiyyətli rəhbərliyinizlə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi parlaq Qələbə və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, eləcə də işğaldan azad edilmiş torpaqlarda üçrəngli dövlət Bayrağımızın qürurla dalğalanması müasir Azərbaycan tarixində dönüş nöqtəsi olmuş, xalqımızın milli qürurunun və dövlətçiliyimizin sarsılmazlığının rəmzinə çevrilmişdir. Bu möhtəşəm Zəfər müasir Azərbaycan dövlətçiliyinin yaddaşına qızıl hərflərlə həkk olunmuşdur.

Möhtərəm cənab Prezident!

Cari ildə 35 illik yubileyini qeyd edən Azərbaycan Banklar Assosiasiyası üzvləri korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq hər zaman dövlətimizin yanında olmuşdur. Assosiasiya daim Sizin diqqət və qayğınızı hiss etmiş, ətrafınızda sıx birləşmişdir.

Bildiririk ki, bundan sonrakı mərhələdə də maliyyə-bank sisteminin dayanıqlı və innovativ inkişafının davam etdirilməsi, maliyyə əlçatanlığının gücləndirilməsi, iqtisadi inkişafın səmərəli maliyyələşdirilməsi və Azərbaycanın regionun maliyyə mərkəzinə çevrilməsi istiqamətində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq. Xüsusilə, işğaldan azad edilmiş torpaqlarımızda müasir bank-maliyyə infrastrukturunun bərpasında sektorun bütün resursları ilə iştirak edəcəyik. Göstərdiyiniz dəstəyə görə bütün bank ictimaiyyəti adından Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Zakir Nuriyev,

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.