Bakı bərk məişət tullantılarının yandırılması zavodunun açılışında İlham Əliyevin nitqi
19 dekabr 2012, 13:50
- Əziz dostlar.
Hörmətli xanımlar və cənablar.
Mən sizi Balaxanıda tikilmiş bərk məişət tullantılarının yandırılması zavodunun açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, gözəl hadisədir. Bu kiçik filmdə zavodun tikilməsi ilə bağlı bəzi məqamlar göstərilmişdir. Üç il bundan əvvəl - 2009-cu ilin noyabr ayında bu yerdə zavodun təməl daşı qoyuldu. Çox şadam ki, qısa müddət ərzində belə nəhəng sənaye müəssisəsi yaradılmışdır. Bu zavodun tikintisində iştirak etmiş bütün qurumlara, bütün şirkətlərə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Zavodun dəyəri, yəni, qoyulan investisiyanın həcmi 365 milyon avrodur. Onun bir hissəsi İslam İnkişaf Bankı tərəfindən kredit şəklində verilmişdir. Qalan hissə isə Azərbaycanın dövlət büdcəsi hesabına formalaşdırılmışdır.
Zavodun tikintisində Fransanın böyük təcrübəyə malik olan “Cnim” şirkətinə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Onu da qeyd etmək istəyirəm ki, bu şirkətlə əməkdaşlığımız bundan sonra da davam edəcəkdir. Çünki 20 il ərzində zavodun idarə edilməsi “Cnim” şirkətinə həvalə edilmişdir. Mən çox şadam ki, Fransanın böyük şirkəti olan “Cnim” ilə Azərbaycan arasında belə işgüzar münasibətlər qurulmuşdur. Mən bu ilin sentyabr ayında Fransanın aparıcı şirkətləri ilə “Medef”də görüşdə bir daha gördüm ki, Azərbaycan ilə əməkdaşlıq etmək, biznes əlaqələrini genişləndirmək üçün hər iki tərəfdə böyük maraq vardır və böyük imkanlar açılır. Fransa şirkətləri uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərirlər. İstər energetika, istərsə də qeyri-neft, tikinti, nəqliyyat sektorlarında, kosmik sənaye müəssisələrinin inkişafında bizə kömək göstərirlər. Bu böyük investisiya tutumlu müəssisənin yaradılması da Fransa şirkəti tərəfindən icra edilmişdir.
Zavodun tikintisinə böyük ehtiyac var idi. Çünki bu kiçik filmdə göstərildiyi kimi, bu ərazi ekoloji fəlakət zonası idi. Bakı sakinləri yaxşı bilirlər ki, uzun onilliklər ərzində bu bölgədə yığılan tullantılar faktiki olaraq şəhərimizin ekoloji vəziyyətinə çox böyük zərbə vurmuşdur. Məişət tullantılarının burada yığılması və bir çox hallarda yandırılması ekoloji vəziyyəti daha da gərginləşdirirdi. Bu ərazinin üzərində daim tüstü buludları var idi. Bu tüstü Bakını bürüyürdü, bunun insanların sağlamlığına, şəhərimizin ekoloji vəziyyətinə çox mənfi təsiri olmuşdur. Bir neçə il bundan əvvəl bütövlükdə Bakının və Abşeron yarımadasının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülməyə başlanmış və onların içərisində bu zavodun tikintisi xüsusi yer tutmuşdur. Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini davam etdirir. Çünki bizim üçün insanların sağlamlığı hər şeydən üstündür.
İnsanların sağlamlığının təmin edilməsi üçün kompleks tədbirlər görülür. Son illər ərzində Azərbaycanda, xüsusilə Bakıda ağacəkmə kampaniyası geniş vüsət almışdır. Artıq bu, kampaniya deyildir. Bu, artıq dövlət siyasətidir. On milyondan çox ağac əkilmişdir.
Bakının və bütün şəhərlərin təmiz içməli su ilə təmin edilməsi üçün konkret layihələr icra edilir. Bu layihələrin əsas hissəsi, yəni, mütləq əksəriyyəti gələn ilin sonuna qədər başa çatacaqdır. Beləliklə, hər bir şəhərdə, hər bir rayon mərkəzində əhali keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olan içməli su ilə təmin ediləcəkdir ki, bu da tarixi nailiyyət olacaqdır. İki il bundan əvvəl Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi Bakı şəhərində içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşdırılmışdır və bu istiqamətdə əlavə tədbirlər görülür. Tədbirlər nəticəsində vəziyyət daha da yaxşılaşacaqdır. Yəni, bu zavodun tikintisi böyük siyasi istiqamətin və eyni zamanda, sosial istiqamətin tərkib hissəsidir.
Bu zavodda Avropada mövcud olan ən sərt ekoloji normalar, meyarlar tətbiq edilir. Bu zavod ekoloji cəhətdən demək olar ki, dünya miqyasında ən öncül yerlərdədir. Eyni zamanda, burada ən müasir texnoloji proses də yaradılmışdır. Texnoloji cəhətdən yüksək avadanlıq gətirilmiş, quraşdırılmış və bu proses demək olar ki, tam şəkildə avtomatlaşdırılmışdır.
Zavodun istismara düşməsi və daha əvvəl tikilməsi nəticəsində müəssisənin ətrafında digər obyektlərin yaradılması üçün konkret tədbirlər görülmüşdür. Buraya gəlməzdən əvvəl mən yaxınlıqda yerləşən çeşidləmə zavodunun fəaliyyəti ilə tanış olmuşam. Məhz “Cnim” tərəfindən tikilmiş bu müəssisənin nəticəsi olan çeşidləmə zavodu da mühüm funksiya daşıyır. Eyni zamanda, zavodun tikintisi dövründə belə bir fikir yarandı, təşəbbüs irəli sürüldü ki, Balaxanıda texnologiya parkı yaradılsın və bu gün o texnologiya parkının təməl daşı qoyulacaqdır. Yəni, gözəl bir təşəbbüsün görün nə qədər böyük təsiri vardır və burada yüzlərlə iş yeri açılmışdır. Burada işləyən işçilərin əksəriyyəti yerli vətəndaşlardır və getdikcə yerli kadrların sayı artacaqdır. Onlar yüksək maaş alırlar. Yəni, bu zavodun tikintisi kompleks tədbirlərin görülməsində bizə kömək göstərir. Onu da qeyd etmək istəyirəm ki, zavodun tikintisi ilə bağlı Balaxanıda sosial layihə də həyata keçirilmişdir. Balaxanı qəsəbəsinin içməli su ilə təchizatı üçün yeni layihə icra edilməyə başlamış və yaxın zamanlarda başa çatacaqdır. Bu layihənin dəyəri təqribən 10 milyon manat ətrafındadır. Bu layihə onu göstərir ki, biz məsələlərə kompleks şəkildə yanaşırıq, qarşıya qoyulan hədəfə uğurla çatırıq.
Mən əminəm ki, uzun illər bundan sonra zavod səmərəli şəkildə fəaliyyət göstərəcəkdir. Zavodun istehsal gücü 500 min tondur. Bakı şəhərində bəzi məlumatlara görə, daha çox məişət tullantıları yığılır və istisna edilmir ki, gələcəkdə zavodun sahəsi genişlənə bilər. Buna imkan da vardır. Əsas məsələ bundan sonra ondan ibarətdir ki, məişət tullantılarının yığılması, çeşidlənməsi, yandırılması və təkrar emala verilməsi prosesini biz bir-biri ilə uzlaşdıraq. Hazırda biz məsələnin son mərhələsini həll etdik. Çeşidləmə, yandırma, təkrar emal. Amma bu prosesin ilkin mərhələsi hələ ki, bizim tələblərimizə cavab vermir. Ona görə mən həm İqtisadi İnkişaf Nazirliyinə, həm Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıq verirəm ki, yaxın zamanlarda təkliflər hazırlansın. Evdən çıxan tullantının idarə olunması, daşınması, yığılması və buraya gətirilməsi, yandırılması bir proses kimi təşkil edilməlidir ki, biz Bakıda bu məsələni birdəfəlik həll edək və bu təcrübə ondan sonra başqa şəhərlərdə də tətbiq edilməlidir.
Zavodda 37 meqavat gücündə elektrik stansiyası da fəaliyyət göstərir. Bu da çox gözəl hadisədir. Bir neçə meqavat zavodun fəaliyyəti üçün sərf olunacaq, qalan 33 meqavat isə şəhər şəbəkəsinə veriləcəkdir ki, bu da bizim enerji balansımızın bərpa olunan enerji ilə daha çox təmin edilməsi üçün vacibdir. Bilirsiniz ki, bizim zəngin neft-qaz yataqlarımız vardır. Bizim qazımız 100 il bundan sonrakı dövr üçün bizə və xarici istehlakçılara çatacaqdır. Buna baxmayaraq, biz bərpa olunan enerji növlərinin yaradılması ilə məşğuluq. Bu yaxınlarda Füzulidə 25 meqavat gücündə Su Elektrik Stansiyasının tikintisi başa çatmışdır. Bu elektrik stansiyasının tikintisi əlbəttə ki, bərpa olunan enerji növlərinin yaradılması işində çox gözəl bir hadisədir.
Eyni zamanda, bir daha demək istəyirəm ki, burada bütün beynəlxalq ekoloji normalar da nəzərdə tutulur. Beləliklə, bu zavodun istismara verilməsi nəticəsində Azərbaycan qlobal ekoloji məsələlərin həllinə kiçik də olsa öz töhfəsini vermiş olur. Bu gün, eyni zamanda, Balaxanı texnologiya parkının təməl daşı qoyulacaqdır.
Bu istiqamətdə kompleks tədbirlər görülür. Texnologiya parklarının bundan sonrakı uğurlu fəaliyyəti üçün əlavə tədbirlər paketi hazırlanır. Bu məsələnin qanunvericilik bazası hazırlanır və yaxın zamanlarda dövlət texnoloji parkların daha səmərəli fəaliyyət göstərməsi üçün əlavə güzəştlər paketi təklif edəcəkdir. Beləliklə, bir neçə yerdə böyük sənaye kompleksləri yaradılacaqdır - Sumqayıtda, Balaxanıda, Qaradağ rayonunda və digər yerlərdə.
Texnologiya parklarının ixtisaslaşması prosesi də artıq müəyyən edilibdir - yüksək Texnologiya Parkı, Kimya Texnologiya Parkı və Balaxanı Texnologiya Parkı. Hər biri öz sahəsini əhatə edir və bu parklarda yeni yaradılacaq müəssisələr ölkəmizin sənaye potensialının güclənməsinə xidmət göstərəcəkdir. Çünki bir neçə dəfə qeyd etdiyim kimi, əsas məqsədimiz sənaye istehsalını artırmaq, neft amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu istiqamətdə böyük nailiyyətlər əldə edilibdir. Bu ilin yekunları onu göstərir. Hələ ki, dəqiq rəqəm yoxdur, ancaq ilkin rəqəm onu göstərir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır, qeyri-neft sənayemiz təqribən 7-8 faiz arta bilər. Bu, əvvəlki dövrdə sənayeləşmə istiqamətində görülmüş tədbirlər nəticəsində mümkün olmuşdur.
Bu zavodun və digər yeni böyük və kiçik müəssisələrin yaradılması nəticəsində biz uzunmüddətli dayanıqlı iqtisadi inkişafı təmin edəcəyik. Əlbəttə, enerji resursları bizə ilkin kapitalın yaradılmasında kömək göstərmişdir. Ancaq biz iqtisadi siyasətimizi elə aparmalıyıq ki, sanki bizdə neft, qaz yoxdur. Yalnız iqtisadi inkişaf, islahatlar, texnoloji prosesin təkmilləşməsi, müasir texnologiyaların gətirilməsi, investorlar üçün yaxşı investisiya şəraitinin yaradılması və xarici aparıcı şirkətlərlə uğurlu əməkdaşlığımız qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün bizə kömək göstərəcəkdir.
Qeyd etmək istəyirəm ki, son illər ərzində mən bir çox açılışlarda iştirak etmişəm. Yüzlərlə, bəlkə də daha da çox, indi onları saymaq üçün çox vaxt lazım olacaqdır. Ancaq onların içində bu zavodun fəaliyyətə başlaması xüsusi yer tutur. Çünki bu zavoda qoyulan vəsait qeyri-neft sektoruna dövlət tərəfindən qoyulan ən böyük investisiyalardan biridir. Bu zavodun fəaliyyəti nəticəsində Bakının ekoloji vəziyyəti böyük dərəcədə yaxşılaşdırılacaqdır. İnsanların sağlamlığına çox böyük töhfə olacaqdır. Xarici əməkdaşlıq baxımından bu zavod da çox böyük əhəmiyyətə malikdir. Bir daha qeyd etmək istəyirəm ki, bu sahədə aparıcı şirkət olan “Cnim” şirkəti ilə biz uzunmüddətli əməkdaşlığa başlamışıq. Eyni zamanda, bu zavod Azərbaycan dövlətinin sosial siyasətini açıq-aydın göstərir. Bu sosial siyasəti bundan sonra da uğurla aparmaq üçün bizim iqtisadi gücümüz olmalıdır. Çünki mən qeyd etdim, həm İslam İnkişaf Bankı öz maliyyə dəstəyini, Dünya bankı öz tövsiyələrini verdi, ancaq əsas maliyyə yükü Azərbaycan büdcəsinin üzərinə düşmüşdür. Yəni, iqtisadi inkişaf elə olmalıdır ki, bundan sonrakı illərdə də biz sosial məsələlərin həllinə bax belə böyük dəstəyi verə bilək.
Mən bir daha əziz dostlar, sizi və bütün Bakı sakinlərini bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu zavodun tikintisində iştirak etmiş bütün insanları təbrik etmək, onlara öz minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, xarici tərəfdaşlarla əməkdaşlığımız bundan sonra da uğurla davam etdiriləcəkdir.