Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin yekun nitqi
15 yanvar 2013, 14:20
- Hesab edirəm ki, əvvəlki illərdə əldə edilmiş uğurlar 2013-cü ildə çox vacib rol oynayacaqdır. Çünki əvvəlki illərdə qəbul edilmiş proqramlar və icra edilmiş layihələr bu ilin uğurlu inkişafını da təmin etməlidir. Nəzərə alsaq ki, son illər ərzində, ümumiyyətlə müstəqil Azərbaycan dövlətinin tarixində 2013-cü ilin büdcəsi ən böyük büdcədir, hesab edirəm ki, biz bütün vəzifələri uğurla icra edəcəyik. Dövlət büdcəmizin xərcləri təxminən 20 milyard manat səviyyəsindədir. Əlbəttə, bu, böyük rəqəmdir. Bu vəsait bizə imkan verəcək ki, ölkə qarşısında duran əsas infrastruktur layihələrini başa çatdıraq. Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri bu ilin sonuna qədər başa çatsın.
Bu layihələrin bəziləri əvvəlki illərdə, bəziləri keçən il başlanmışdır. Ancaq bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, gələn ildən başlayaraq bizim infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın. Hesab edirəm ki, Dövlət İnvestisiya Proqramının həcmi və istiqamətləri bu məqsədə çatmaq üçün bizə imkan yaradacaqdır. Nəzərə alsaq ki Dövlət İnvestisiya Proqramı ilin əvvəlində deyil, ilk dəfə olaraq ötən ilin sonunda qəbul edilmişdir, biz vaxt itirmədən işlərə başlamalıyıq və artıq başlamışıq. İnfrastruktur layihələri arasında əlbəttə ki, prioritetlər vardır. Bu prioritetlər artıq neçə ildir ki, Dövlət İnvestisiya Proqramında öz əksini tapır. Dövlət investisiyaları, əlbəttə, infrastruktur layihələrinin təkmilləşməsinə xidmət göstərir. Ancaq eyni zamanda, biz görürük ki, dövlət investisiyaları özəl sektordakı vəziyyətə canlanma gətirir. Özəl investisiyalar da böyük həcmdə gözlənilir. Mən giriş sözümdə qeyd etdim ki, keçən il tarixdə ən böyük investisiyalar Azərbaycana qoyulmuşdur, 22 milyard dollardan çox. Hesab etmək olar ki, bu səviyyə bu il də qorunub saxlanılacaqdır. Beləliklə, həm dövlət, həm yerli və xarici özəl şirkətlər tərəfindən qoyulacaq sərmayə ölkəmizi daha da möhkəmləndirəcəkdir.
Prioritetlərə gəldikdə isə, yenə də deyirəm, biz infrastruktur layihələrimizi ardıcıllıqla icra etməyə başlamışdıq. İlk növbədə, ölkəmizin enerji potensialının yaradılmasına çalışırdıq. Son illər ərzində 1500 meqavat gücündə yeni elektrik stansiyaları fəaliyyətə başlamışdır. Bu gün biz nəinki özümüzü təmin edirik, eyni zamanda, başqa ölkələrə də enerjimizi ixrac edirik. Azərbaycan öz enerjisini qonşu ölkələrə də ixrac edir. Yəni bu, prioritet idi. Çünki bunsuz heç bir inkişaf mümkün deyildir. Biz artıq bu sahədə böyük dərəcədə uğurlara nail olmuşuq. Generasiya güclərimizi böyük dərəcədə artıra bilmişik. Bu il “Cənub” elektrik stansiyasının işə düşməsi, - bu da təqribən 800 meqavat gücünə yaxın olan bir stansiyadır, - bizim bu sahədəki vəziyyətimizi daha da yaxşılaşdıracaqdır. Çünki həm istehsal gücü artır, eyni zamanda, itkilər də azalır. Əvvəlki dövrlə müqayisədə itkilər böyük dərəcədə aşağı düşmüşdür. Bu gün itkilər demək olar ki, qəbul edilmiş normalar səviyyəsindədir. Ancaq bununla bərabər, biz bu sahədəki fəaliyyətimizi davam etdirəcəyik. “Şimal-2” elektrik stansiyasının tikintisi davam edir. O da təqribən 400 meqavata yaxın əlavə gücün yaradılmasına xidmət göstərəcəkdir.
Onu da nəzərə almalıyıq ki, istehlak ildən-ilə artır. Əgər əvvəlki dövrdə qışla yay arasında fərq var idisə, qışda daha çox enerji istehlak olurdu, yayda daha az. Artıq bu fərq də aradan götürülübdür. Bunun da başlıca səbəbi ondan ibarətdir ki, insanların yaşayış səviyyəsi artır. İndi yayda kondisionerlərdən daha çox istifadə olunur. Əvvəlki illərdə bu, belə deyildi. Tələbat, əhali, iqtisadiyyat artır. Biz elə etməliyik ki, generasiya güclərimiz tələbatdan daim çox olsun.
Biz artıq bərpa olunan enerji növlərinin yaradılması ilə ciddi məşğuluq. Keçən il bu sahədə ciddi addımlar atılmışdır. Günəş panelləri istehsal edən zavod işə başlamışdır. Artıq su mənbələrimiz səmərəli şəkildə bu işlərə cəlb edilmişdir. Keçən il Füzuli Su Elektrik Stansiyasının işə düşməsi bu sahədə böyük addım idi. Bu, 25 meqavat gücündə bir stansiyadır. Kiçik çaylarda 1, 2, 3, 5 meqavat gücündə stansiyaların tikintisi davam edir. Biz su mənbələrimizi maksimum dərəcədə bu işlərə cəlb etməliyik ki, bərpa olunan enerji növləri ümumi enerji balansımızda artsın. İnfrastruktur layihələri arasında təbii ki, enerji təchizatından sonra qazlaşdırma layihələri də çox mühüm əhəmiyyət daşıyırdı. Son illər bu sahədə də aparılan işlər təqdirəlayiqdir. Bu ilin investisiya proqramında da bu məqsədlər üçün vəsait nəzərdə tutulur. Hesab edirəm ki, bu ilin sonuna qədər ölkəmizin ümumi qazlaşdırma səviyyəsi 90 faizə çata bilər. Hər halda biz buna çalışırıq. Bölgələrdə gedən işlər deməyə əsas verir ki, biz bu hədəfə çatacağıq. Bu da çox yüksək göstəricidir. Nəzərə alsaq ki, ölkəmizin bir hissəsini dağlıq ərazilər təşkil edir, oraya qaz xətlərinin çəkilişi həm iqtisadi cəhətdən səmərəsizdir, həm texniki cəhətdən çox çətindir. Biz əhalimizin böyük hissəsini qazla təmin edəcəyik. Yeni borular çəkilir, yeni ölçü mexanizmləri, sayğaclaşma tamamilə yeni səviyyədə aparılır. Biz bu sahədə infrastrukturumuzu demək olar ki, tamamilə yeniləşdirəcəyik.
Elektrik enerjisinin təchizatına gəldikdə isə, generasiya ilə bağlı artıq işlər yüksək səviyyədədir. Amma xətlərdə hələ ki, problemlər vardır. Xətlərin yenilənməsi istiqamətində bu ilin investisiya proqramında vəsait nəzərdə tutulubdur. Bu işlər vaxtında icra edilməlidir. Biz ardıcıl olaraq bir neçə il bundan əvvəl içməli su və kanalizasiya layihələrinin icrasına çox ciddi şəkildə başlamışıq. Bu, çox böyük layihədir. Ölkəmiz üçün bunun əhəmiyyəti çox böyükdür. Çünki bütün dövrlərdə Azərbaycanda, Bakıda və digər bölgələrə içməli su problemi çox kəskin dayanmışdır. Bölgələrdə, ümumiyyətlə, kanalizasiya xətləri yox idi. Bakının da kanalizasiya sistemi köhnəlmişdir. Bu sahədə böyük quruculuq işləri aparılır və biz yenə də maksimum səviyyədə hədəf seçmişik ki, bu sahədə infrastruktur tamamilə yenilənsin. İndi həm Bakıda, həm bütün bölgələrdə içməli su və kanalizasiya layihələri icra edilir. Ümid edirəm ki, içməli su ilə bağlı layihələr, hər halda onların böyük əksəriyyəti bu ilin sonuna qədər başa çatacaqdır. Bununla paralel olaraq, kanalizasiya xətlərinin çəkilişi də davam etdirilir. Bu da tarixi bir nailiyyət olacaqdır. Çünki təmiz içməli su ilə əhalimizi təmin etmək çox böyük işdir. İnsanların rahatlığı, sağlamlığı üçün bunun əvəzsiz rolu olacaqdır. Yəni, bunlar investisiya proqramında nəzərdə tutulan əsas infrastruktur layihələridir. Bütün müvafiq qurumlar öz vəzifə borcunu yerinə yetirirlər. Bu layihələr keyfiyyətlə və vaxtında icra edilməlidir.
Eyni zamanda, Dövlət İnvestisiya Proqramında magistral yolların çəkilişinin davamı və yeni yolların çəkilişinin başlanması vardır. Biz son illər ərzində bu sahədə də çox işlər görmüşük, magistral yollarımızı böyük dərəcədə bərpa edə bilmişik və yeni yollar salınıbdır. İndi bütün magistral yollarda işlər gedir və bu işlər artıq tamamlanır. Bununla bərabər, şəhərlərarası yolların çəkilişi də gedir. Bu sahəyə də bu il vəsait qoyulacaqdır. Biz artıq bir neçə ildir ki, kənd yollarının çəkilişi ilə çox ciddi məşğul olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr icra edilir. Bu layihələrin icrası rayonlardan gəlmiş sifarişlər, əhalidən gələn müraciətlər əsasında təşkil edilibdir. İlk növbədə, biz çalışmışıq ki, əhalinin ən çox məskunlaşdığı kəndlərimizi yeni yollarla təmin edək. Kəndlərarası yolların çəkilişi geniş vüsət almışdır. Keçən il bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin ehtiyat fondundan yüz milyon manatdan artıq vəsait ayrılmışdır. Bu il də bu məbləğ ondan az olmamalıdır. Çalışmalıyıq ki, yaxın illərdə bütün kənd yollarını tikək. Çünki onların əksəriyyəti torpaq yollar idi və qar, yağış yağan kimi o yollar keçilməz olurdu. İndi bütün yollara asfalt salınır. Ancaq əlbəttə ki, biz bu işləri digər infrastruktur layihələri ilə uzlaşdırmalıyıq, xüsusilə, yeraltı kommunikasiyaların - su, qaz xətlərinin çəkilişi ön planda olmalıdır. Ondan sonra yollar salınmalıdır, yəni, ardıcıllıq məhz belə olmalıdır. Mən infrastruktur layihələri arasında, eyni zamanda, meliorasiya layihələrini qeyd etmək istəyirəm. Bu sahəyə də biz böyük vəsait ayırmışıq. Həm Dövlət Neft Fondunun xətti ilə, eyni zamanda, dövlət büdcəsinin xətti ilə.
Hazırda Azərbaycanda iki nəhəng layihə - Taxtakörpü su anbarı-Samur-Abşeron kanalı və Şəmkirçay su dəryaçası layihələri icra edilir. Bu layihələrin icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcəkdir. Bu layihələr çox böyük maliyyə vəsaiti tələb edir və biz bu vəsaiti ayırırıq. Çünki bu, ölkə iqtisadiyyatı, biznesin aparılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün lazımdır. Taxtakörpü su anbarı bu il istifadəyə verilməlidir. Şəmkirçay su anbarı isə yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Hər halda, Dövlət İnvestisiya Proqramında və Neft Fondunun investisiya layihələrində bu sahəyə kifayət qədər böyük məbləğ ayrılır. Sadəcə olaraq, bütün işlər yüksək keyfiyyətlə və vaxtında aparılmalıdır. Deyə bilərəm ki, əsas infrastruktur layihələrimiz bunlardır və yenə də qeyd etmək istəyirəm ki, bu layihələrin əsas hissəsi bu ilin sonuna qədər başa çatmalıdır. Biz 2004-cü ilin əvvəlində birinci regional proqramı qəbul edərkən məhz belə də planlaşdırırdıq ki, iki beşillik proqram bizə ölkə qarşısında duran bütün sosial infrastruktur layihələrinin icrasına imkan verəcəkdir.
Eyni zamanda, bu ilin büdcəsində sosial sferaya ayrılan vəsait də kifayət qədər böyükdür. Qeyd etdiyim kimi, əmanətlərin kompensasiyası prosesi başa çatmalıdır. Artıq burada heç bir şübhə yoxdur ki, bu, uğurla başa çatacaqdır. Sosial infrastrukturun tikilməsi nəzərdə tutulur. Məktəb, xəstəxana, mədəniyyət ocaqlarının, idman komplekslərinin tikintisi nəzərdə tutulur. Yetmişdən çox tibb müəssisəsi yenidən tikiləcək, təmir ediləcəkdir. Son on il ərzində 2500-ə yaxın məktəb tikilmişdir və proses hələ də davam edir.
Bizdə, ümumiyyətlə, 4500-dən bir qədər çox məktəb var ki, onların böyük hissəsi qəzalı vəziyyətdə idi. İndi qəzalı vəziyyətdə olan məktəblərin sayı böyük dərəcədə azalıbdır. Çalışacağıq ki, bu il ümumiyyətlə, bütün qəzalı vəziyyətdə olan məktəbləri yenidən quraq və təmirə ehtiyacı olan məktəblər də tədricən təmir ediləcəkdir. Bakı şəhərindəki məktəblərə gəldikdə, bu il bütün məktəblərin təmir-tikinti işləri başa çatmalıdır. Bu məsələ daim diqqət, nəzarət altındadır. Bu il Bakıda və gələn illərdə bütün bölgələrdə bir dənə də olsun nəinki qəzalı, təmirsiz, yaxşı təmir olunmayan məktəb qalmamalıdır.
Bu il, eyni zamanda, maaşların və pensiyaların artırılması nəzərdə tutulur. Bu da mütəmadi qaydada həyata keçirilən məsələdir. Artıq burada qeyd olundu ki, Azərbaycanda orta maaş və orta pensiya artır. Əgər biz MDB məkanında müqayisə aparsaq, bu, yüksək səviyyədədir. Orta əməkhaqqı 500 dollardan çoxdur. Orta pensiya 200 dollara yaxındır. Əvəzləşmə əmsalı da inkişaf etmiş ölkələrin səviyyəsindədir. Pensiya maaşın 40 faizini təşkil edir. Ancaq əlbəttə ki, bu, bizi qane etmir. Baxmayaraq ki, son illərdə əməkhaqları və pensiyalar bir neçə dəfə artmışdır, biz çalışmalıyıq ki, daha da böyük artıma nail olaq.
Biznes mühitinin yaxşılaşdırılması, yeni müəssisələrin işə salınması və sənayeləşmə ilə bağlı planlarımız həyata keçirildikdə, əlbəttə ki, insanların, yəni özəl sektorda fəaliyyət göstərənlərin yaşayış səviyyəsi yaxşılaşdırılacaqdır. Dövlət sektorunda işləyənlərin isə maaşları qaldırılmalıdır və qaldırılacaqdır. Yəni, cari ilin büdcəsində bu, nəzərdə tutulubdur.
Qarşıda duran vəzifələrdən biri də bu il makroiqtisadi sabitliyi qoruyub saxlamaqdır. Mən hesab edirəm ki, burada biz heç bir problemlə üzləşməyəcəyik. Çünki giriş sözümdə dediyim kimi, baxmayaraq ki, ötən il investisiyalar da böyük həcmdə qoyulmuşdur, əmanətlərin qaytarılması da başlamışdır, inflyasiya cəmi 1,1 faiz təşkil etmişdir. Əlbəttə, biz çalışmalıyıq və əminəm, buna nail olacağıq ki, inflyasiya bu il də birrəqəmli olsun. Birrəqəmli inflyasiya ölkənin uğurlu inkişafını təmin edir və əhalinin real pul gəlirlərini artırır. Makroiqtisadi sabitlik daim nəzarət altındadır. Hesab edirəm ki, bu sahədə də heç bir problem olmayacaqdır.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Son illər ərzində bu sahədə böyük uğurlar əldə edilmişdir. Bu siyasət məqsədyönlü şəkildə davam etdiriləcəkdir. Burada biz müxtəlif alətlərdən istifadə edirik. Əlbəttə ki, cəza tədbirləri, inzibati tədbirlər mühüm yer tutur və bu sahədə bizim amansız mübarizəmiz davam etdiriləcəkdir. Bu məsələ ilə məşğul olan bütün dövlət qurumlarına bir daha tapşırıq verirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır, biz bu bəlanı aradan götürməliyik. Bununla bərabər, institusional tədbirlər də, sistem xarakterli tədbirlər də görülməlidir və görülür. Onların arasında elektron xidmətlərə keçid məsələləri də mühüm yer tutur. Burada qeyd olunduğu kimi, İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik. Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcəkdir. İctimai nəzarət daha da güclü şəkildə təşkil edilməlidir. Şəffaflıq maksimum dərəcədə təmin edilməlidir. Yenə də deyirəm, cəza tədbirləri, inzibati tədbirlər, institusional sistem xarakterli tədbirlər əminəm ki, gələcəkdə də korrupsiyaya qarşı mübarizədə bizə kömək edəcəkdir. Keçən ilin sonunda biz bu sahədə, yəni bütün bu vacib sahələri ehtiva edən yeni qurumun yaradılmasına nail ola bilmişik. “ASAN xidmət” artıq öz fəaliyyətinə başlayır və bu xidmətdə məhz dediyim amillər cəmləşir - həm innovasiya, insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik, müasirlik. Məhz ölkəmiz bu istiqamətdə inkişaf etməlidir. Buna nail olmaq üçün, əlbəttə, biz kadr potensialının hazırlanmasına bundan sonra da çox ciddi fikir verməliyik.
Mən çox şadam ki, indi Azərbaycanda müxtəlif yerlərdə gənc, müasir kadrlar fəaliyyətə başlayır, yetişir. Onlar vətənpərvərlik ruhunda tərbiyə olunub, eyni zamanda, bilikli, savadlı gənclərdir. Onlar bizim gələcəyimizdir. Ölkəmizi gələcəkdə də uğurla idarə etmək üçün bu gün güclü gənc kadr potensialı yetişməlidir. Bu məqsədə çatmaq üçün biz müxtəlif imkanlardan istifadə edirik. Bildiyiniz kimi, gənclərimizi xaricdə oxuduruq, onları dövlət hesabına inkişaf etmiş ölkələrin aparıcı ali məktəblərinə göndəririk. Bu, əlbəttə müsbət təşəbbüs idi və davam edir. Ancaq mən hesab edirəm ki, indi daha çox ölkə daxilində biz elə sistem yaratmalıyıq ki, müasir biliklərə çatmaq, onları əldə etmək üçün bütün imkanlar olsun. Bu sahədə də tədbirlər görülür və görüləcəkdir. Biz yeni texnologiyaları, müasir yanaşmanı tələb edən sahələrə gəncləri daha da çox cəlb etməliyik.
Maliyyə məsələləri ilə bağlı olan bir məsələni də qeyd etmək istəyirəm. Baxmayaraq ki, mən bu məsələ barədə dəfələrlə fikirlərimi, iradlarımı bildirmişəm və müəyyən işlər görülübdür, ancaq hələ ki, lazımi səviyyədə deyildir. Azərbaycanda nağdsız ödəmələr çox aşağı səviyyədədir. Bu, böyük problemdir. Bu, bir tərəfdən bu sistemdə şəffaflığın tam təmin edilməsi üçün bizə imkan vermir, eyni zamanda, xoşagəlməz halların mövcudluğunu da şərtləndirir. Hesab edirəm ki, bu il daha da ciddi tədbirlər görülməlidir. Mən təkliflər gözləyirəm ki, nağdsız hesablaşmaların, ödəmələrin sayı artsın. 2012-ci ildə doğrudan da, bu sahədə çox böyük işlər görülmüşdür və mən bu işləri qiymətləndirirəm. Hesab edirəm ki, biz bu il və bundan sonrakı illərdə də bu sahəyə çox ciddi fikir verməliyik. Burada, necə deyərlər, heç bir yeni üsul icad etməməliyik, inkişaf etmiş ölkələrin təcrübələrinə baxmaq kifayətdir.
Əlbəttə, Azərbaycan inkişafda olan dövlətdir və bizdə bu sahədə hələ ki, vəziyyət inkişaf etmiş ölkələrdəki kimi deyildir. Amma, biz buna çatmalıyıq. Çünki biz qarşıya hədəf qoymuşuq ki, bütün sahələrdə inkişaf etmiş ölkələrin səviyyəsində olmalıyıq və onların müsbət təcrübələrini Azərbaycanda tətbiq etməliyik. Bu sahə də çox vacib sahədir. Bu, bizə imkan verəcək ki, öz maliyyə və iqtisadi sahəmizdə şəffaflığı artıraq və insanlara daha da yaxşı xidmət göstərək.
Regionların inkişafı ilə bağlı, hesab edirəm ki, bu il də bütün işlər yüksək səviyyədə aparılacaqdır. Regionların inkişafı bilavasitə Dövlət İnvestisiya Proqramının tərkib hissəsidir. İnvestisiyaların böyük əksəriyyəti regionlara yönəldilibdir və ikinci Regional İnkişaf Proqramı əminəm ki, uğurla başa çatacaqdır. Eyni zamanda, regionların, xüsusilə sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətini də mən yüksək qiymətləndirirəm. Bu Fondun xətti ilə bu günə qədər təxminən 1 milyard manata yaxın vəsait aşağı faizlərlə kredit şəklində sahibkarlara verilmişdir və çox şadam ki, bu vəsait qaytarılır. Sahibkarlar bu kreditlərə böyük məsuliyyətlə yanaşırlar və eyni zamanda, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafı üçün öz metodik tövsiyələrini verir və eyni zamanda, biznesin düzgün aparılması üçün istiqamət göstərir. Yəni, biz özəl sektorun, sahibkarlığın inkişafına təkcə maliyyə prizmasından yanaşmırıq, eyni zamanda, tövsiyələr, məsləhətlər də verilir.
Bu il sahibkarlara 250 milyon manat güzəştli kredit veriləcəkdir və bu vəsaitin 83 faizi regionların payına düşür. Hesab edirəm ki, biz görülən işlər nəticəsində regionların inkişafına böyük xidmət göstərmişik, regionlarla paytaxt arasındakı fərqi azalda bilmişik. Bunu etmək çox çətindir. Çünki paytaxt da çox sürətlə inkişaf edir və bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq şadam ki, bölgələrdə də yerli vətəndaşlar, icra orqanlarının nümayəndələri, fəallar çalışırlar ki, onların da şəhərləri, qəsəbələri, kəndləri gözəlləşsin. Kreditlərin verilməsi özünü doğruldub, ildən-ilə məbləğ artır və biz bu 250 milyonu daha çox əvvəlki illərdə verilmiş və qaytarılan vəsaitlər hesabına təmin edirik.
Bununla bilavasitə bağlı olan ərzaq təhlükəsizliyi məsələləri də daim diqqət mərkəzindədir. Mən çox şadam ki, biz qarşıya qoyulmuş hədəfə yaxınlaşırıq. Keçən dəfə sahibkarlarla görüşdə qeyd etmişdim ki, indi biz özümüzü əsas ərzaq malları ilə təmin edirik. Amma əlbəttə, istərdim ki, biz özümüzü 100 faiz təmin etmək səviyyəsinə çataq. Artıq görülən işlər, xüsusilə iri fermer təsərrüfatlarının yaradılması, meliorativ tədbirlərin görülməsi, kreditlərin verilməsi, infrastruktur, yolların və s. məsələlərin həlli hesabına biz buna nail olacağıq ki, Azərbaycan özünü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etsin. Bu, tarixi nailiyyət olacaqdır. Bu, gələcəyə hesablanmış bir addım olacaqdır. Çünki əlbəttə ki, biz dünya iqtisadiyyatının bir parçasıyıq və Azərbaycanda çatışmayan, yəni istehsalı lazımi səviyyədə olmayan məhsulları idxal edirik. Ancaq hesab edirəm ki, hər bir ölkə əsas ərzaq məhsulları ilə özünü təmin etməlidir. Bu, həm təhlükəsizlik nöqteyi-nəzərdən vacibdir, eyni zamanda, yerli istehsalın gücləndirilməsi deməkdir və dövlətimiz bu məqsədə çatmaq üçün demək olar ki, hər şeyi edir. İnfrastruktur layihələri dövlət hesabına icra edilir, kənd infrastrukturuna milyardlarla vəsait qoyulur. Kreditlər sahibkarlara dövlət qurumları tərəfindən güzəştli şərtlərlə verilir ki, onlar öz bizneslərini qursunlar. “Aqrolizinq” tərəfindən gətirilən texnika icarəyə verilir. Hətta biz iribuynuzlu mal-qaranı da alıb gətirdir, fermerlərə paylayırıq ki, onlar biznes qursunlar. Kəndlilər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. İkinci belə ölkə tapılmaz ki, fermerlərə bu qədər şərait yaradır, güzəşt edir və bu qədər vəsait ayırır. Bunu biz insanların yaxşı yaşaması, biznes şəraitinin yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafı üçün edirik. Biz, yenə də deyirəm, bu sahədə böyük ixracatçı ölkəyə çevrilə bilərik və artıq çevrilirik. Yəni, bu il bu məsələ də xüsusi diqqət tələb edir və bütün lazımi tədbirlər görülməlidir, o cümlədən investisiya proqramında da bu, öz əksini tapıbdır.
Qeyd etdiyim kimi, Bakı və onun qəsəbələrinin inkişafı proqramı bu il başa çatmalıdır. Bu da çox ciddi, böyük, qısamüddətli, eyni zamanda, çox təsirli proqramdır və bu il biz bu proqramı başa çatdıracağıq.
Hesab edirəm ki, 2013-cü ildə sənaye istehsalı ilə bağlı, çox ciddi addımlar atılacaqdır. Bütün hazırlıq işləri görülüb. Nəinki hazırlıq işləri görülüb, eyni zamanda, artıq burada qeyd olundu, böyük sənaye müəssisələri işə düşüb. Onların bir hissəsi dövlət, böyük hissəsi isə özəl sektor tərəfindən icra edilib. Əvvəlki illərdə qeyd etdiyim kimi, Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılır. Gəncədə, Sumqayıtda, Bakının Qaradağ rayonunda, digər yerlərdə böyük sənaye obyektləri tikilir və 2013-cü ildə bu istiqamətdə daha da böyük işlər görüləcəkdir. Xüsusilə sənaye istehsalının təşviqi üçün yeni qaydaların tətbiq edilməsi, texnoparkların fəaliyyətinin gücləndirilməsi və bu fəaliyyəti gücləndirmək üçün əlavə tədbirlərin görülməsi, güzəştlərin verilməsi məsələləri nəzərdə tutulub.
Qaldı ki, sahibkarlar, yerli və xarici şirkətlər, kiçik və böyük şirkətlər bu imkanlardan istifadə etsinlər. Azərbaycanda bütövlükdə investisiya iqlimi çox yaxşıdır. Birbaşa xarici sərmayələrin qoyuluşuna görə biz MDB məkanında liderlik mövqelərimizi uzun illərdir ki, saxlaya bilmişik. Bizneslə məşğul olmaq üçün bütün imkanlar vardır, heç bir məhdudiyyət yoxdur, əksinə, qeyd etdiyim kimi, dövlət də öz dəstəyini əsirgəmir.
Texnoparkların fəaliyyəti üçün yenə də dövlət tərəfindən builki, investisiya proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulur ki, o ərazilər təmizlənsin, orada bütün infrastruktur, kommunikasiyalar, dəmir yolu xətləri yaradılsın. Yerlər artıq müəyyən edilib, təmizlik işləri gedir. Yenə də deyirəm, qaldı ki, sahibkarlar, investorlar, gəlsinlər, şirkətlər qursunlar və biz ölkəmizə lazım olan sənaye məhsulunun istehsalına böyük həcmdə nail olaq. Sənayeləşmə siyasətimiz imkan verəcək ki, biz bundan sonrakı illərdə də iqtisadi inkişafa nail olaq.
Çünki giriş sözümdə qeyd etdiyim kimi, ötən il qeyri-neft iqtisadiyyatımız 9,7 faiz artmışdır. Əslində, iqtisadi artım bu deməkdir. Çünki neft sektorunda qeyd etdiyim kimi, azalma olmuşdur. Yəni, bunu biz sənayeləşmə və biznes mühitinin yaxşılaşdırılması hesabına təmin edə bilmişik. Biz elə etməliyik ki, bu inkişaf templərini saxlayaq və hesab edirəm ki, qeyri-neft sektorunda inkişaf on faiz səviyyəsində olmalıdır. Biz buna nail ola bilsək, o zaman uzunmüddətli perspektivdə ölkəmizin çox güclü sənaye potensialı yaranacaqdır. Bu potensial bu gün artıq yaranmaqdadır. Biz artıq xarici bazarlara çıxırıq, yeni bazarlar aşkarlayırıq. Bu sahədə, əlbəttə ki, müxtəlif ölkələrlə bizim qarşılıqlı ikitərəfli əlaqələr də çox vacibdir. Biz öz biznes imkanlarımızı xarici bazarların aşkarlanması hesabına artırmalıyıq. İstər ərzaq, istərsə də sənaye məhsulları ilə bağlı. Çünki hesab edirəm, biz elə güclü sənaye potensialı yaratmalıyıq ki, məhsullarımız rəqabətqabiliyyətli olsun və əlbəttə, xarici bazarlara istiqamətləndirilsin. Çünki daxili bazar o qədər də geniş deyil, amma planlarımız çox böyük və genişdir. Mən hesab edirəm ki, 2013-cü ildə bu sahədə çox ciddi addımlar atılacaqdır.
Giriş sözümdə enerji təhlükəsizliyi ilə bağlı fikirlərimi bildirdim, bir daha təkrar etməyə ehtiyac yoxdur. Qeyd etmək istəyirəm ki, bu, daim diqqət mərkəzində olan məsələdir və Azərbaycan dünya miqyasında qlobal enerji bazarında ciddi rola malik olan bir ölkə kimi artıq özünü təsdiqləyib. Bəzi Avropa ölkələrinin enerji balanslarında Azərbaycanın enerji daşıyıcıları 30-35 faiz təşkil edir. Yəni, biz bu baxımdan bir neçə Avropa ölkəsinin enerji təhlükəsizliyində bilavasitə iştirak edirik. Əgər bizim zəngin qaz resurslarımızı da buna əlavə etsək və bayaq qeyd etdiyim kimi, deməli, irəli sürülmüş layihələri uğurla, vaxtında icra etsək, Azərbaycan onilliklər bundan sonra Avropanın, bölgənin, dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində əvəzolunmaz rol oynayacaqdır. Əlbəttə bu, bizim həm iqtisadi, həm siyasi çəkimizi artıracaqdır. Mən buna çalışıram. Hesab edirəm ki, biz buna nail ola bilmişik ki, bu gün Azərbaycan istənilən sahədə doğrudan da, çox ciddi beynəlxalq oyunçuya çevrilibdir.
Bu ildən biz Avropa Olimpiya Oyunlarına hazırlıq işlərinə də başlamalıyıq. Keçən ilin sonunda Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Mən bu məsələ ilə bağlı Azərbaycan xalqını təbrik etmişəm, Azərbaycan xalqına müraciət etmişəm. Çünki hesab edirəm ki, bu, çox ciddi hadisədir. Bu, eyni zamanda, Azərbaycanda son illər ərzində görülən işlərin təzahürüdür, beynəlxalq imicimizin yüksək səviyyədə olmasının əlamətidir. Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının nəticəsidir. Böyük məsuliyyətdir, böyük şərəfdir və böyük etimaddır. Mən heç də şübhə etmirəm ki, biz bu məsuliyyəti şərəflə hiss edərək lazım olan bütün tədbirləri görəcəyik və Avropa Olimpiya Oyunlarını ən yüksək səviyyədə, yəni, Beynəlxalq Olimpiya Oyunları səviyyəsində keçirəcəyik.
Yaxın günlərdə təşkilat komitəsinin yaradılması ilə bağlı qərar veriləcəkdir və işlər dərhal başlanmalıdır. Əlbəttə, dövlət qurumları bu işlərdə fəal iştirak etməlidirlər. Buraya həm infrastruktur, nəqliyyat, təhlükəsizlik, turizm – yəni, bütün sahələr cəlb edilməlidir. Bir daha biz dünyaya göstərəcəyik ki, Azərbaycan qonaqları qəbul etmək üçün böyük imkanlara malikdir. Azərbaycan bölgədə qonaqpərvərliyin, demək olar ki, rəmzidir. Bizim bütün imkanlarımız var və biz Azərbaycanı güclü müasir dövlət kimi bir daha dünyaya təqdim edəcəyik.
Nəhayət, bir məsələni də vurğulamaq istəyirəm. Artıq burada deyildi ki, gələn ay birinci telekommunikasiya peykimiz
orbitə çıxarılacaqdır. Bu da tarixi hadisədir. Doğrudan da, Azərbaycan kosmik ölkəyə çevrilir, biz kosmik sənayenin inkişafı ilə məşğuluq və bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə çətin idi ki, vaxt gələcək və Azərbaycan kosmik ölkələrin sırasına daxil ediləcəkdir. Amma bu vaxt gəlir, yaxın günlərdə biz bu tarixi hadisəni qeyd edəcəyik. Bu, özlüyündə bütün cəhətlərdən böyük bir nailiyyətdir - həm ölkənin prestiji, həm müasirlik, yeni texnologiyaların inkişafı üçün. Bu, biznes üçün də sərfəlidir. Çünki bu, eyni zamanda, iqtisadi cəhətdən də səmərəli layihədir. Amma ən önəmlisi odur ki, bu, ölkəmizin inkişafını və niyyətini göstərir. Ümumiyyətlə, bizim dünyagörüşümüzü və siyasətimizi göstərir. Çünki biz müasir, güclü dövlət qururuq. Biz regional müstəvidən çoxdan çıxmışıq. Postsovet ölkəsi kimi bu adı, necə deyərlər, artıq çoxdan arxada qoymuşuq. Biz postsovet ölkə deyilik. Bəzi hallarda xarici tərəfdaşlarla görüşlər əsnasında deyiləndə ki, postsovet ölkələr, deyirəm saxlayın burada. Azərbaycan postsovet ölkəsi deyildir. Bəlkə kimsə postsovet ölkəsidir, biz deyilik. Biz, müstəqil Azərbaycan dövlətiyik.
Bu müstəqillik dövründə doğrudan da, biz elə böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər. Onların içində peykin buraxılması xüsusi yer tutur. Bu, həm böyük məna daşıyır, həm də bunun böyük rəmzi mənası vardır. Əminəm ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaqdır. Bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq mən 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edirəm və hesab edirəm ki, 2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatmalıyıq.
İl başlayır, bütün dövlət, hökumət qurumları öz vəzifə borcunu bilirlər. Əminəm ki, hər bir dövlət məmuru bu il ərzində öz vətəninə, xalqına sədaqətlə xidmət edəcək və 2013-cü ili də biz uğurla başa vuracağıq. Sağ olun.