2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclasında İlham Əliyevin yekun nitqi
02 fevral 2013, 19:40
- Hesab edirəm ki, bugünkü iclas görüləcək işlərə hazırlıq üçün çox önəmli bir addımdır. Ancaq bugünkü təqdimat onu göstərir ki, artıq işlər başlanmışdır. Mən çox şadam ki, Təşkilat Komitəsi çox qısa müddət ərzində artıq öz təkliflərini hazırlamışdır. Beləliklə, hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün artıq gözəl zəmin vardır. Demək olar ki, bütün istiqamətlər üzrə vəzifələr ümumi qaydada bəllidir, aydındır. Sadəcə olaraq, indi hər bir istiqamət üzrə konkret fəal iş aparılmalıdır ki, biz bu oyunları yüksək səviyyədə keçirək.
İlk növbədə, əlbəttə ki, idman obyektləri hazır olmalıdır. Təqdimatda göstərildi, keçiriləcək oyunların yerləri də artıq bəllidir. Ancaq tikilməkdə olan obyektlər də vaxtında istifadəyə verilməlidir. Onların arasında əlbəttə ki, ilk növbədə, Olimpiya Stadionu, - artıq orada işlər başlanmışdır, - Gimnastika Mərkəzi, - işlər görülür və artıq daş işləri başa çatmışdır, - və Su İdmanı Növləri Sarayının tikintisi də artıq başlanmışdır və əminəm ki, inşası vaxtında bitəcəkdir. Çünki bu da çox vacib bir qurğudur. Təkcə oyunların keçirilməsi üçün yox, eyni zamanda, Bakı şəhərində müasir Su İdmanı Növləri Sarayının tikilməsi çox lazımdır. Bu qərar bir neçə il bundan əvvəl verilmişdir. Hələ Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar yox idi, biz artıq bu işlərə başlamışdıq, layihə hazırlanmışdı, seçiləcək yerlər haqqında fikir mübadiləsi aparılırdı. Nəhayət, Bakının inkişafı üçün hazırlanan Bayraq Meydanından sonrakı ərazidə Su İdmanı Növləri Sarayı tikiləcəkdir. Hesab edirəm ki, bu, ən məqbul yerdir. Çünki su idmanı növləri üçün nəzərdə tutulan saray dəniz kənarında tikilməli idi. Əminəm ki, bu, memarlıq baxımından və funksional cəhətləri ilə seçiləcək bir saray olacaqdır.
Yəni, idman obyektlərinin istifadəyə verilməsi başlıca şərtdir. Bilirəm ki, idmançıların yerləşdirilməsi ilə bağlı indi Təşkilat Komitəsi müzakirələr aparır. Bir neçə fikir vardır. Əlbəttə ki, Azərbaycan dövləti atletlər üçün yaşayış yerlərini tikə bilər. Ancaq baxmaq lazımdır ki, bəlkə mövcud olan, artıq tikilən binalardan da biz istifadə edə bilərik.
Qonaqların yerləşdirilməsi ilə bağlı, əlbəttə ki, biz öz təkliflərimizi Avropa Olimpiya Komitəsinə təqdim edərkən bu məsələ də öz əksini tapmışdır. Ancaq əvvəlki dövrlərə nəzər salsaq, görərik ki, Yay Olimpiya Oyunları üçün təqdim etdiyimiz sənədlərdə məhz Bakıda otel yerlərinin çatışmazlığı məsələsi bizim iddiamızın nəticə ilə yekunlaşmasına əngəl törətdi. Yəni, o vaxt mən xatırlayıram, Beynəlxalq Olimpiya Komitəsinin ekspertlər qrupu bizə olan iradların arasında otel nömrələrinin az olmasını qeyd etmişdir. Ona görə əlbəttə ki, biz çalışmalıyıq və xüsusilə əlbəttə, özəl sektorda fəaliyyət göstərən turizm, tikinti şirkətləri çalışmalıdırlar ki, əlavə otellərin, yeni otellərin tikintisi üçün tədbirlər görülsün. Şəhər İcra Hakimiyyəti və digər müvafiq qurumlar, yerlərin seçilməsi ilə bağlı təkliflərinizi verin. Yerlər seçilməlidir, ondan sonra biznes qurumlarına təqdim edilməlidir ki, 2015-ci ilə qədər onlar yeni otellərin tikintisi ilə məşğul olsunlar. Son iki il ərzində Bakıda beşulduzlu beş otel istifadəyə verilmişdir. Hesab edirəm ki, nə bölgədə, nə qitədə il yarıma beşulduzlu beş otel açılmayıb. Ancaq buna baxmayaraq, yenə də otel nömrələrinə ehtiyac vardır.
Ola bilsin ki, bundan sonra Bakıda daha çox dörd və üçulduzlu otellərin tikintisinə ehtiyac olacaqdır. Yerlər seçilməlidir və layihələr də təqdim edilməlidir. Lazım olarsa, Təşkilat Komitəsi də bu layihələrə baxa bilər.
Turizm marşrutlarının müəyyən edilməsi haqqında təqdimatda deyildi. Bu da çox vacib məsələdir. Bu oyunlar əlbəttə ki, böyük idman bayramıdır. Ancaq eyni zamanda, bu, bizə imkan verəcəkdir ki, ölkəmizi qonaqlara, turistlərə və dünya ictimaiyyətinə hərtərəfli şəkildə təqdim edə bilək.
Mən çox şadam ki, artıq bölgələrdə də turizm infrastrukturunun yaradılması ilə bağlı çox böyük işlər görülür. Ölkəmizin müxtəlif yerlərində yeni turizm mərkəzləri yaradılır. Azərbaycanda mənzərəli, gözəl, təbiətlə zəngin olan yerlər çoxdur. Hazırda o yerlərdə böyük quruculuq, tikinti işləri aparılır. Mən Şahdağ xizək kompleksini qeyd edə bilərəm. Digər bölgələrdə gözəl otellərin mövcudluğu artıq o bölgələri turistlər üçün cəlbedici edir. Bakıya gələcək qonaqlar, turistlər əlbəttə ki, bu imkanlardan istifadə etməlidirlər. Turizm marşrutları müəyyən edilməlidir.
Son illərdə nəqliyyat sektoruna qoyulan investisiyalar artıq bölgələrdə də nəqliyyat infrastrukturunun təkmilləşməsinə gətirib çıxarmışdır. Bölgələrdə yeni aeroportlar, özü də beynəlxalq hava limanları tikilmişdir. Magistral avtomobil yolları tikilir, dəmir yolları müasirləşdirilir. Yəni, turizm marşrutları, eyni zamanda, nəqliyyat infrastrukturu ilə uzlaşdırılmalıdır. Biz bu məsələyə kompleks şəkildə baxmalıyıq. Hesab edirəm ki, bu sahədə əldə ediləcək yeni təcrübə gələcəkdə Azərbaycanda turizmin inkişafına da töhfəsini verəcəkdir. Çünki oyunlar başa çatandan sonra artıq bütün bu təcrübə və infrastruktur gələcək illər üçün qalacaqdır.
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı əlbəttə ki, biz əlavə tədbirlər görəcəyik. Bu gün bu barədə məruzədə fikirlər səsləndi. Biz, ümumiyyətlə, ölkəmizdə və şəhərimizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə mütəmadi qaydada məşğuluq. Bakıda oyunların keçirilməsi haqqında qərarın qəbul edilməsində Azərbaycanda kriminogen durumun çox müsbət səviyyədə olması da az rol oynamamışdır. Deyə bilərəm ki, Azərbaycan, o cümlədən Bakı şəhəri dünyanın ən təhlükəsiz yerlərindən biridir. Orta hesabla ölkəmizdə gün ərzində təqribən 30-40 cinayət baş verir. Onların mütləq əksəriyyəti ağır cinayətlər deyildir. Yəni, 9 milyon 300 min əhalisi olan ölkə üçün bu, çox kiçik bir rəqəmdir. Əlbəttə, kriminogen durumun bu səviyyədə qalması üçün profilaktik tədbirlər görülməlidir. Bir neçə il bundan əvvəl şəhərimizdə videomüşahidə aparmaq üçün kameraların quraşdırılması da hesab edirəm ki, profilaktik tədbirlər arasında mühüm yer tutur. İndi bu kameraların yeni növləri çıxır. Nazir öz çıxışında qeyd etdi. Üztanıma funksiyaları da vardır ki, bu, ümumiyyətlə kriminogen durumun həmişə aşağı səviyyədə saxlanması üçün çox vacib olacaqdır.
Digər tədbirlər də görülməlidir. Əlbəttə ki, xüsusi mühafizə tədbirləri də görülməlidir. İdman obyektlərində, otellərdə, digər yerlərdə təhlükəsizlik tədbirləri görülməlidir. Bu tədbirləri bütün müvafiq qurumlar – Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər müvafiq hüquq mühafizə orqanları icra etməlidirlər. Əminəm ki, biz bu sahədə həmişə olduğu kimi, istədiyimizə nail olacağıq. Bütün bu hüquq mühafizə qurumları arasında, xüsusilə oyunların keçirilmə ərəfəsində və oyunlar zamanı əlaqələndirmə işləri daha da yüksək səviyyədə təşkil edilməlidir.
Nəqliyyatla bağlı məsələlər çox vacib məsələlərdir. Burada artıq bu barədə məlumat verildi. Mən demək olar ki, 2000-ci ildən bu yana bütün Yay Olimpiya Oyunlarında iştirak edirəm. Özüm bilirəm ki, qonaqlar üçün ən böyük problem yaradan məsələ məhz nəqliyyat məsələləridir. 2000-ci ildə mən Milli Olimpiya Komitəsinin prezidenti kimi, 2004-cü ildə artıq ölkə Prezidenti kimi açılış mərasimlərində iştirak etmişəm. Deyə bilərəm ki, nəqliyyat məsələlərinin həlli işində adi vətəndaşla dövlət başçısı arasında heç bir böyük fərq yoxdur. Necə ki, Milli Olimpiya Komitəsinin prezidenti kimi, ölkə başçısı kimi müxtəlif şəhərlərdə tıxaclarda qalmaq məcburiyyətində olmuşam. Bu, onu göstərir ki, oyunların keçirildiyi müddətdə nəqliyyat problemləri, hətta ən inkişaf etmiş ölkələrdə, ən inkişaf etmiş şəhərlərdə lazımi səviyyədə öz həllini tapmır. Adi vətəndaşları, dövlət başçılarını ən çox narahat edən məhz nəqliyyat məsələlərinin düzgün səviyyədə həll olunmamasıdır. Mən indi şəhərlərin adlarını çəkmək istəmirəm, amma təcrübəm onu göstərir, əfsuslar ki, nəqliyyat məsələləri demək olar, hər bir vətəndaşı incidir. Adi vətəndaşlar, tamaşaçılar, qonaqlar, turistlər, rəsmi heyətlər saatlarla tıxaclarda qalmağa məcbur olmuşlar. Ona görə, deyə bilərəm ki, oyunları seyr etməyə gələn qonaq üçün bu, ən ağır sınaq olur. Çünki indi başqa şəhərə oyunları seyr etmək üçün gələn qonaq otel nömrələrini əvvəlcədən sifariş edir, ondan sonra istirahət üçün digər yerləri seçir. Ancaq nəqliyyat elədir ki, onu əvvəlcədən proqnozlaşdıra bilmir. Bu vəziyyətlə üzləşərkən əlbəttə ki, bu, insanları çox incidir. Ona görə baxmayaraq ki, son illər ərzində Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün çox böyük işlər görülmüşdür, yenə də əlavə tədbirlər görülməlidir. İdmançıların və qonaqların rahatlığı üçün xüsusi bir proqram tərtib edilməlidir.
Digər şəhərlərdə xüsusi zolaqlar ayrılır. Ancaq bu zolaqlar o qədər də səmərə vermir. Digər tədbirlər görülür. Amma bu günə qədər bir neçə Olimpiya Oyunlarının tədbirlərində iştirak etmiş adam kimi səmimi şəkildə deyə bilərəm ki, heç bir yerdə nəqliyyat məsələləri hələ lazımi səviyyədə həll olunmamışdır. Hesab edirəm ki, Bakıda keçirilən oyunlar bu sahəyə də öz standartlarını tətbiq etməlidir və ondan sonra Azərbaycan, Bakı standartları digər şəhərlər üçün də nümunə ola bilər. Biz bu məsələyə də kompleks şəklində baxmalıyıq. Əlbəttə, nəqliyyat parkı yeniləşdirilməlidir. Yeni avtobuslar, taksi maşınları gətirilməlidir. Bu məsələyə biz ayrıca baxacağıq.
Oyunların keçirilməsinə qədər yeni yol qovşaqları istifadəyə veriləcəkdir. Deyə bilərəm ki, bu layihələr bəri başdan planlaşdırılmışdır. Biz bu layihələri xüsusilə oyunların keçirilməsi üçün nəzərdə tutmuruq. Ancaq əlbəttə ki, tədbirlərin keçiriləcəyi yerlərə rahat gəlib-getmək üçün xüsusi tədbirlər görülməlidir.
Görüləcək işlər arasında digər infrastruktur məsələləri də mühüm əhəmiyyət daşıyır. Xüsusilə elektrik enerjisi ilə təchizat. Bu sahədə də son illərdə ölkəmizdə çox böyük işlər görülmüşdür. Son illər ərzində 1500 meqavat gücündə yeni elektrik stansiyaları istifadəyə verilmişdir. Bakının elektrik şəbəkəsi demək olar ki, yenidən qurulur. Biz indi müxtəlif ölkələrə elektrik enerjisi ixrac edirik. Bölgələrdə və o cümlədən Bakı şəhərində ötürücü xətlərlə bağlı hələ ki, problemlər vardır. Ötürücü xətlərin bərpası, yeni dirəklərin quraşdırılması əlbəttə ki, çox böyük diqqət tələb edir. Əminəm ki, 2015-ci ilə qədər bu təsərrüfat da tamamilə yeniləşdiriləcəkdir. Beləliklə, elektrik təsərrüfatımız həm Bakıda, həm bölgələrdə tamamilə yeniləşəcəkdir.
İnformasiya-kommunikasiya sahəsi ilə əlaqədar əminəm ki, işlər lazımi səviyyədə görüləcəkdir. “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür. Xüsusilə nəzərə alsaq ki, bu il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib və bu sahəyə böyük diqqət göstərilir. Mən dünən İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında Sərəncam imzalamışam. Bu sahəyə xüsusi diqqət göstərilməlidir. Yəni, buraya gələn idmançılar, qonaqlar, mütəxəssislər bütün imkanlardan rahat istifadə etməlidirlər. Biz indi ölkəmizin hər bir məntəqəsinə genişzolaqlı internet xətləri çəkirik. Bu, çox önəmli layihədir. Bu layihənin önəmini göstərən amillərdən biri də odur ki, layihənin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondundan vəsait ayrılmışdır. Çalışmalıyıq ki, oyunların keçirilməsinə qədər Bakı şəhərində bu sahə ilə bağlı bütün işlər ən yüksək səviyyədə görülsün.
Səhiyyə məsələlərinə gəldikdə, bu gün Bakı şəhərində artıq bu sahədə görülən işlər müsbət istiqamətdə gedir. Yeni xəstəxanalar tikilməkdədir və onların bir neçəsi bu il və 2014-cü ildə istifadəyə veriləcəkdir. Avadanlıq artıq dünya standartları səviyyəsindədir. Həkimlərin peşəkarlığı da artır, amma nəzərə alsaq ki, minlərlə qonaq gələcəkdir, daha da sürətlə artmalıdır. Əlbəttə ki, tibb xidməti də öz imkanlarını daha da genişləndirməlidir. Ola bilsin ki, əlavə təcili tibb yardımı maşınları alınsın. Bilirsiniz ki, biz keçən illərdə onların demək olar ki, hamısını yeniləşdirmişik. Bakıda indi sovet dövrünə aid bir dənə də olsun, təcili tibb maşını qalmamışdır. Yeni xidmət yaradılmışdır, operativlik də lazımi səviyyədədir. Maşınlar xəstənin yardımına vaxtında çatır. Ancaq bununla bərabər, əlavə tədbirlər də görülməlidir. Çünki iki həftə ərzində Bakıda minlərlə qonaq olacaqdır. Həkimlərin də ingilis dili kurslarına cəlb edilməsi məsələsinə baxmaq lazımdır. “Eurovision” ərəfəsində polis işçilərini biz bu kurslara cəlb etmişdik. Bu proses bundan sonra da davam etməlidir. Oyunlara bunun heç bir əlaqəsi olmamalıdır. Çünki Bakıya gələn xarici turistlərin sayı artır. Əlbəttə ki, polis işçiləri ingilis dilini bilməlidirlər, yəni, bilsələr yaxşı olar. O cümlədən səhiyyə işçiləri. Ümumiyyətlə, xarici dil bilmək yaxşı şeydir və hər bir gənc çalışmalıdır ki, xarici dilləri bilsin.
Olimpiya simvolu da çox vacib məsələdir. Çünki Olimpiya simvolu bir növ ölkəni təqdim edir. Bakıda keçiriləcək oyunlar əlbəttə ki, Avropa ictimaiyyətinin diqqət mərkəzində olacaqdır. Ancaq Olimpiya Oyunlarının rəmzi, yaxud da ki, rəmzləri, simvolu çox mühüm məsələdir. Mən bilirəm ki, müsabiqə artıq elan edilibdir və müsabiqəyə çox ciddi yanaşmaq lazımdır, ictimaiyyət də öz sözünü deməlidir. Ola bilsin, biz bu məsələni ictimai müzakirəyə də çıxara bilək ki, Azərbaycan vətəndaşları da öz sözlərini desinlər. Bu simvol, əlbəttə ki, ölkəmizin həm tarixini, həm xüsusi əlamətlərini əks etdirməlidir.
Biz idmançılarımızın bu oyunların hazırlanmasında iştirakını da təmin etməliyik. Bütün işlərdə həm görkəmli, tanınmış idmançılarımız, eyni zamanda, geniş şəkildə idmançılar da fəal iştirak etməlidirlər. Ola bilsin ki, könüllülər arasında idmançılar da olmalıdır. Yəni, Azərbaycanın idman ictimaiyyəti bu işlərdə çox fəal işləməlidir.
Könüllülərə gəldikdə, artıq “Eurovision” ilə bağlı bizim ilk təcrübəmiz olmuşdur, təcrübə müsbət idi. Ancaq bu oyunlarda qonaqların sayı daha da çox olacaqdır. Ona görə, əlbəttə, könüllülər xüsusi təlimatlandırılmalıdırlar və onların uğurlu fəaliyyəti, o cümlədən oyunların uğurlu keçirilməsinə xidmət göstərəcəkdir. Çünki bir daha qayıtmaq istəyirəm öz təcrübəmə, volontyorlar çox mühüm funksiya daşıyır və onların operativliyi, xeyirxahlığı, qonaqpərvərliyi qonaqlarda ölkə haqqında da müsbət təəssürat yarada bilər. Ona görə, xüsusi seçilmiş gənclərimiz bu işlərə cəlb olunsunlar. Bütövlükdə mən görürəm ki, bu işlərə meyl artır, bizim gənclər ictimai işlərə, ölkəyə xeyir gətirən işlərə çox fəal qoşulurlar. Bu, çox müsbət haldır.
Burada qeyd olundu ki, Avropa Olimpiya Komitəsi belə fikirdədir ki, bu oyunlar Yay Olimpiya Oyunlarını təqlid etməməlidir. Əlbəttə, mən də bununla razıyam. Ancaq bununla bərabər, Yay Olimpiya Oyunlarından aşağı səviyyədə də keçirilməməlidir. Təbiidir, bu oyunların öz siması olmalıdır. Ancaq təşkilatçılıq baxımından, yəni bütün işlərin qurulması baxımından bu oyunlar Yay Olimpiya Oyunlarından aşağı səviyyədə olmamalıdır. Hesab edirəm ki, ondan daha da yüksək səviyyədə olmalıdır və olacaqdır.
Mən indi əvvəlki dövrdə keçirilən Yay Olimpiya Oyunlarına qayıtmaq istəmirəm. Ancaq biz bütün nöqsanları - insanları, idmançıları narahat edən məsələləri bilirik. O nöqsanları, o səhvləri təkrar etməmək üçün biz fəal çalışmalıyıq. Bu oyunların öz siması, öz standartları olacaqdır və deyə bilərəm ki, bu standartları biz tətbiq edəcəyik. Bizim qoyduğumuz təməl üzərində bundan sonra da Avropa Oyunları keçiriləcəkdir. Nə Avropa Olimpiya Komitəsinin, nə də bizim bu oyunların keçirilməsində təcrübəmiz yoxdur. Bu da bizim üçün böyük bir çətinlikdir, böyük çağırışdır.
Mən giriş sözümdə qeyd etdim ki, hazırlıq üçün bizim cəmi iki il vaxtımız var, baxmayaraq ki, Yay Olimpiya Oyunları üçün 6-7 il vaxt verilir. Yay Olimpiya Oyunlarının keçirilməsində artıq böyük təcrübə var və Beynəlxalq Olimpiya Komitəsi demək olar ki, hər bir sahə üzrə öz göstərişlərini verir. Cild-cild kitablar var. Orada hər bir sahə üzrə, hər bir nöqtəyə qədər artıq müəyyən edilmiş qaydalar vardır. Hazır təlimatlar, metodiki qaydalar vardır. Burada isə heç nə yoxdur. Belə olan halda bütün məsuliyyət, bütün təşkilati məsələlərin həlli bizim üzərimizə düşür. Bir növ həm bu oyunların, eyni zamanda, gələcək oyunların başqa şəhərlərdə keçirilməsi üçün yeni standartları biz tətbiq edəcəyik. Doğrudan da, böyük məsuliyyətdir. Mən bir daha demək istəyirəm ki, bu oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı olmamaq şərti ilə keçirilməlidir. Əminəm ki, biz buna nail olacağıq.
Baxmayaraq ki, bu böyük mötəbər oyunları biz birinci dəfə keçirəcəyik, ancaq bu vaxta qədər Bakıda dünya, Avropa çempionatları, “Eurovision” müsabiqəsi, digər beynəlxalq tədbirlər böyük uğurla keçirilmişdir.
Əminəm ki, Təşkilat Komitəsi bütün bu işləri yüksək səviyyədə həll edəcəkdir. Mən buna şübhə etmirəm. Beləliklə, Azərbaycan bir daha özünü dünyaya və Avropaya müasir, güclü dövlət kimi təqdim edəcəkdir. Təşkilat Komitəsinə uğurlar arzulayıram və artıq bu gündən siz fəal işə başlayırsınız. Sağ olun.